Xəbər lenti
 
 
İran Silahlı Qüvvələrinin ötən ay paylaşdığı bir video İsraildə ciddi müzakirələrə səbəb olub.
 
Ovqat.com xəbər verir ki, 2017-ci ilə aid olan videoda İŞİD-ə məxsus hədəflərin “Zülfüqar” tipli raketlə vurulması əks olunur.
 
İsrailin “The Jerusalem Post” qəzetinin yazdığına görə, 3 il əvvələ aid olan bu görüntünün indi paylaşılması təsadüfi deyil və İranın öz düşmənlərinə, o cümlədən Təl-əvivə mesajıdır. “İranın İsraili hədəfə ala biləcək uzun mənzilli raketinin videosu – İzlə” sərlövhəli məqalədə iddia olunur ki, rəsmi Tehran bu video ilə özünün raket gücünü nümayiş etdirir. 
 
Qəzetin bildirdiyinə görə, raket 600 km məsafədən atılıb və onun vuruş anı İrana məxsus dron vasitəsilə qeydə alınıb.  Bu isə dünyada az orduya məxsus ola biləcək texnoloji üstünlükdür. “Zülfüqar” tipli raketlər təxminən 700 km-lik mənzilə malikdir. Bu tip silahlar Fateh-110 raket modelinə əsaslanır və 2016-cı ildə tətbiq olunduğuna inanılır.
 
Qzəetin iddiasına görə, “Zülfüqar”lar bərk yanacaqla işləyirlər və İran 2020-ci ilin yanvar ayında ABŞ-ın İraqdakı hərbi bazasına hücum zamanı bu raketdən istifadə edib. 
 
Qeyd edək ki, İran bu il yanvarın ilk günlərində ABŞ tərəfindən öldürülən general Qasim Süleymaninin qisasını almaq üçün Bağdadda və bəzi başqa şəhərlərdə yerləşən ABŞ-a məxsus hərbi obyektləri dəqiqliklə vura bilmişdi. Həmin vaxt hədəf olaraq yaşayış yerlərinə yaxın hədəflərin seçilməsi də İranın mesajı olaraq qiymətləndirilmişdi. İran bununla göstərmək istəmişdi ki, yaxınlıqdakı yaşayış yerlərinə zərər vurmadan hərbi obyektləri zərərsizləşdirmək imkanına malikdir. Ümumiyyətlə, İran ballistik raketlərinin yanılma ehtimalının 10 metr olduğunu bildirir ki, bu da çox dəqiq göstərici sayılır. “The Jerusalem Post” qəzeti də bu amilin üzərində dayanaraq yazır: “İranın çox az ölkənin malik olduğu texniki imkanları var: onlar yüksək dəqiqliyə malik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edirlər. İran deyir ki, onun son raketləri 10 metrə qədər dəqiq nişanalma potensialına sahibdir. Əgər bu, doğrudursa, İran çox mürəkkəb və təhlükəli raket proqramı hazırlayıb. Bu, ABŞ-da və digər ölkələrdə narahatlıq doğurur, xüsusilə ona görə ki, İslam Respublikası 2015-ci ilin imzalanmış nüvə sazişinin öhdəliklərindən geri çəkilmişdir”.
 
Nəşr “Zülfüqar” raketinin özəllikləri barədə də məlumat verib. Onun yazdığına görə, ilk dəfə 2010-cu ildə sınaqdan çıxarılmış bu raket 800 km mənzilə sahib “Şahab” tipli raketə əsaslanır. Bir növ, “Şahab”-ın kiçik forması olan “Zülfüqar” ondan bir az daha yüngül və qısamənzillidir. “Şahab”ların çəkisi 750 kq , “Zülfüqar”larınkı isə 500-600 kq.dır. “Sahab” 800 km-lik, “Zülfüqar” isə 700 km-lik mənzilə sahibdir.
 
“The Jerusalem Post”-u ən çox narahat edən məsələ isə İranın həmin raketləri Yaxın Şərqdəki özünə bağlı qüvvələrə də verməsidir. Livandakı Hizbullaha, İraqdakı Həşdi Şabi qüvvələrinə bu raketlərin verilməsi İsrailin təhlükəsizliyini təhdid etdiyi kimi, İranla ehtimal olunan müharibəni 3-cü dövlətin ərazisinə daşıyır. Bu isə hərbi-strateji baxımdan üstünlük deməkdir.
 
“Uzun illər boyu İran özünün müxtəlif pilotsuz uçuş aparatlarını Suriyaya və "Hizbullah"a ötürüb. 2018-ci ilin Fevral ayında İran təyyarəsi İsrailin hava məkanını pozdu və vuruldu. Tehran 2018-ci ildə İraqdakı kürd müxalifətçilərinə raket zərbələri endirərkən pilotsuz uçuş aparatlarından istifadə etmişdi. Onun pilotsuz uçuş aparatlarından Amerika bazalarına hücum edərkən istifadə edib-etmədiyi isə məlum deyil.
Tehran həmçinin Səudiyyə Ərəbistanına qarşı ballistik raket və pilotsuz uçuş aparatlarının texnologiyasından faydalanıb və 2017-ci ildən 2019-cu ilədək çoxsaylı hücumlar edib. ABŞ, bu texnologiyanın bir hissəsinin Oman körfəzində qayıqlarda və ya kiçik gəmilərdə daşındığını bildirir”.
 


Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 883          Tarix: 18-07-2020, 07:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma