Xəbər lenti

 
Türkiyə Yunanıstanla, digər regional və NATO dövlətləri ilə ciddi mübahisələrə yol açan Şərqi Aralıq dənizindəki tədqiqatlarına ara verdi. Dünən “Oruc Rəis” tədqiqat gəmisini Antalya limanlarına geri qaytaran Türkiyə bu addımını NATO-da aparılan danışıqlar prosesinə mane olmamaq istəyi ilə əlaqələndirdi. Əslində isə NATO-dakı müzakirələrin artıq başa çatdığı, Yunanıstanın öz mövqeyini bir sıra müttəfiqlərinə qəbul etdirdiyi ortadadır. Xüsusilə Aralıq dənizində ciddi mövqelər əldə etmək istəyən Fransa Türkiyə-Yunanıstan gərginliyindən istifadə edərək bölgəyə hərbi donanma göndərmək qərarı vermiş və özünün ən müasir və güclü gəmisi “Charles de Gaulle”-u (Şarl de Qoll) son kozır kimi ortaya atmışdı. Ankaranın gərginlik xəttindən çəkilməsinin əsl səbəbi  Aralıq dənizində təklənməsi ilə izah oluna bilər.
 
Ovqat.com xəbər verir ki, Kanadanın “Global Research” nəşri də dünənki baş yazısında (Fransa nüvə mühərriki ilə təyyarə gəmisi göndərdiyindən Şərqi Aralıq dənizindəki güc tarazlığı dəyişir) bu məsələdən bəhs edib.
 
https://www.globalresearch.ca/power-balance-east-mediterranean-changing-france-sends-nuclear-powered-aircraft-carrier/5723458
 
Nəşrin irəli sürdüyü iddialar arasında ən diqqəti cəlb edəni isə Türkiyənin regional və NATO dövlətləri ilə mübahisələrinin əsl zərbəsinin Rusiyaya dəyməsi ehtimalıdır. Belə ki, Rusiyanın isti dənizlərə açılan yeganə qapısı Qara dənizdən Aralıq dənizə uzanan keçid boğazlarıdır. Türkiyə və digər NATO ölkələri ilə hərbi gərginlik də məhz bu qapının astanasında baş verir. İnsidentin böyüməsi boğazlarda hərəkətin məhdudlaşdırılmasına səbəb ola bilər və 1936-cı ildə bağlanmış Montrö (Montreux) Boğazlar Konvensiyası da Türkiyəyə savaş çıxacağı təqdirdə bu hüququ verir. 
 
Gəlin, şərhi çox uzatmadan Kanada nəşrinin bəzi iddialarına qısaca nəzər salaq:
 
“Şərqi Aralıq dənizinin enerji qaynaqlarını mənimsəmək istəyən Türkiyə, Yunanıstan, Kipr və Misirlə müharibə astanasındadır”. 
 
Kanadanın Global Research nəşri yazır ki, məhz bu səbəbdən Fransa vəziyyətə təsir göstərmək üçün nüvə mühərrikli təyyarə daşıyıcısı olan “Charles de Gaulle” gəmisini bölgəyə göndərir.
 
Nəşrin bildirdiyinə görə, hücum doktrinasını mənimsəyən Ankara əksər qonşuları ilə mübahisə edir: “Türk ordusu indi İraq, Suriya, Liviya və Şimali Kiprdədir. İranı Türkiyədən daha az bir təhlükə olaraq gördükləri üçün BƏƏ və İsrail belə, yaxınlarda bir-biri ilə sülh müqaviləsi imzalayıblar. Bu, güclü bir anti-türk ittifaqının qurulmasına gətirib çıxarıb.
 
Son illərdə Yunanıstan, Kipr, Misir və İsrail enerji sektorunda sıx əməkdaşlıq edirlər. Bu səbəbdən bu ölkələrin güclü müdafiə əlaqələri qurmasına heç bir şey mane olmur. Bununla yanaşı, Paris Ankaranın Afinaya qarşı aramsız silahlı və təhdid dolu ifadələrini nəzərə alaraq, açıq şəkildə Yunanların tərəfinə keçib, baxmayaraq ki, NATO və AB türkləri inandırmaqla təsir altına almağa çalışırlar.
 
Türkiyə bir vaxtlar BMT-nin Dəniz Qanunu Konvensiyasını (UNCLOS) imzalamaqdan imtina etmişdi və indi “Yunanıstan və Kiprin enerji mənbələrini araşdırmaq hüquqlarını ələ keçirməyə” çalışır. Türklər, bir neçə aydır Yunanıstanın kontinental şelfindəki qaz və neft yataqlarını özlərinə aid hesab edərək “qanunsuz olaraq” orada araşdırma aparırlar. Nəticədə bölgə müharibə astanasındadır”.
 
Ankaranın siyasətinin NATO üçün problemlər yaratdığını iddia edən nəşr bildirir: “Əslində İttifaqın bir üzvü - Türkiyə, digərini - Yunanıstanı təhdid edir. Paris, Charles de Gaulle” gəmisini bölgəyə göndərərək Ankaraya meydan oxuyur və güc nisbətini Afina və Lefkoşa lehinə dəyişdirməyə çalışır.
 
Rusiyaya gəldikdə isə, baş verənlərdən məmnun olmadığı açıq-aydın görünür. Qara dənizin Bosfor və Çanaqqala boğazları Moskva üçün son dərəcədə vacibdir. Rusiya əsrlərdir Qara dənizdən Aralıq dənizinə keçidi idarə etməyə çalışır. Bu boğazlar ruslar üçün strateji əhəmiyyətə malikdir. Türkiyə ilə Yunanıstan arasında müharibə başlayarsa, türklər Montreux (Montrö) doktrinasına istinad edərək boğazları bağlaya bilər. Beləcə, Rusiya hərbi gəmilərinin və ticarət gəmilərinin sərbəst keçişi dayandırılar. Buna görə də Moskvanın münaqişənin böyüməsində heç bir marağı yoxdur.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 387          Tarix: 13-09-2020, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma