Xəbər lenti
 
 
 
Türkiyənin “Oruc Rəis” tədqiqat gəmisi Şərqi Aralıq dənizindəki bir aylıq fəaliyyətdən sonra dünən “Navtex” müddətinin bitməsinin ardından kabel və avadanlıqlarını toplayaraq Antalya Limanına qayıdıb. Gəminin NATO-da Türkiyə-Yunanıstan gərginliyi müzakirəsinə mane olmamaq üçün geri döndüyü xəbər verilir.
 
Ovqat.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Oruc Rəis”-in layihə yerində 10 Avqustda başlayan araşdırma işləri çərçivəsində təxminən 3500 kv. kilometrlik ərazidə seysmik informasiyalar toplayıb. 
 
Layihə çərçivəsində araşdırılması planlaşdırılan ərazinin ümumi sahənin isə 15 min kvadrat kilometr olacağı düşünülürdü. Gəminin ilk mərhələ fəaliyyətlərini tamamlamaq üçün 25 sentyabr tarixinədək bölgədəki fəaliyyətlərinə davam etməsi gözlənilirdi.
 
Qeyd edək ki, hazırda Türkiyə ilə Yunanıstanın hərbi nümayəndə heyətləri arasında NATO-nun mənzil-qərargahında “Sərhədlərı müəyyənləşdirmə prosedurları” müzakirə olunur. Müzakirələr mövzuları arasında hərbi qüvvələrin mümkün müdaxilələrinin qarşısının alınması tədbirləri də var və növbəti iclasın yaxın günlərdə keçirilməsinə qərar verilib. “Oruc Rəis” seysmik tədqiqat gəmisinin, köməkçi gəmilər “Ataman” və “Cengizhan”la birlikdə son bir ayda bölgədə apardığı fəaliyyətlər Türk Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilirdi. “Oruc Rəis”in mühafizəsinə 8 hərbi gəmi ayrılmışdı.

Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 3 689          Tarix: 13-09-2020, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma