Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken dünən keçirdiyi mətbuat konfransında ABŞ Konqresinə müraciət edərək, prezident Co Baydenin “Ukraynanın təhlükəsizliyi, iqtisadiyyatı və humanitar ehtiyaclarını dəstəkləmək” üçün 24,1 milyard dollar ayırmaq tələbini dərhal təsdiqləməyə çağırıb.
Ovqat.com-un məlumatına görə, Blinken müraciətində xatırladıb ki, bu həftə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bir il yarım vaxt keçəcək: “Bu 1,5 il ərzində Ukrayna məktəb və xəstəxanalarının bombalanması, ərzaq və yanacağın silaha çevrilməsi, minlərlə ukraynalının öldürülməsi və yaralanması, hətta ukraynalı uşaqların qaçırılması adi hala çevrilib. Bütün bu müddət ərzində ukraynalılar inanılmaz cəsarət və dözümlülük nümayiş etdiriblər”, - deyə ABŞ dövlət katibi brifinqdə bildirib.
O qeyd edib ki, ABŞ və onlarla başqa ölkə Ukrayna davamlı və qalıcı sülhə nail olana qədər onu dəstəkləyəcək.
“Ötən həftə prezident Bayden bu vədi yerinə yetirmək və Ukraynanın təhlükəsizliyini, iqtisadiyyatını, humanitar ehtiyaclarını dəstəkləmək və Rusiya müharibəsinin nəticələrindən əziyyət çəkən digər ölkələrə kömək etmək üçün 24,1 milyard dollar istədi. Bizim səylərimiz və resurslarımız, eləcə də tərəfdaşlarımız ukraynalılara həyatları, azadlıqları və gələcəkləri uğrunda mübarizə aparmaq imkanı verir. Bunlar beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün həyati əhəmiyyət kəsb edən suverenlik, ərazi bütövlüyü və müstəqilliyin əsas prinsiplərinin qorunmasına xidmət edirlər. İşğal strateji uğursuzluq olaraq qalır. Mən Konqresi bu əlavə maliyyə tələbini dərhal təsdiqləməyə çağırıram”, - Blinken bildirib.
O, həmçinin qeyd edib ki, Dövlət Departamenti Ukrayna və tərəfdaşları ilə birlikdə "Ukraynaya gələcəkdə Rusiyanı təcavüzdən çəkindirmək və lazım gələrsə, müdafiəsinə kömək etmək" üçün onun təhlükəsizliyinə dair uzunmüddətli öhdəlik üzərində işləyir.
Maraqlıdır ki, ABŞ mediası bir tərəfdən Ukraynaya torpaq güzəşti hesabına sülh və NOTA-ya üzvlük təklifini gündəmə gətirir, digər tərəfdən isə Ağ ev Kiyevə olduqca böyük miqdarda əlavə vəsait ötürülməsi barədə düşünür və bu istiqamətdə ciddi addımlar atır. Hətta Ukraynaya F-16 təyyarələri verilməsinin önünü açaraq faktiki olaraq müharibənin gedişatını Kiyevin lehinə dəyişməyə çalışır. Bütün bunlar onu göstərir ki, Ukraynaya güzəştli sülh danışıqları təklifi əslində onu sülhə çağırmağa yox, daha əzmli mübarizə aparmaq məcburiyyəti qarşısında qoymağa xidmət edir. Sanki bu təzadlı mövqe ilə Ukraynaya “özünü təsdiq edib daha yaxşı döyüşməzsən, hər an yardımlarımızı kəsərik” təhdidi göndərilir.
Qeyd edək ki ABŞ Dövlət Departamentinin iyunun 14-də açıqladığı məlumatlara görə, 2021-ci ilin yanvarından bəri Birləşmiş Ştatlar Ukraynaya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə döyüş sursatları və kamikadze dronları da daxil olmaqla ümumilikdə 42 milyard dollarlıq hərbi yardım edib. Bayden administrasiyasının ayırmağı planlaşdırdığı son yardım paketinin həcmi müharibə başlayandan bəri bu ölkəyə göndərilən silahların ümumi dəyərinin yarıdan çoxuna bərabərdir.
Digər Qərb dövlətləri də Ukraynaya ciddi yardımlar göstərir. Xüsusilə də Baltikyanı ölkələr. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsunun bie müddət əvvəl “Twitter” (indiki “X”) səhifəsində yazdığına görə, ölkəsinin 2022-ci ildə aldığı hərbi yardım Rusiyanın ümumi hərbi büdcəsindən cəmi 14% azdır. Kysltsunun yayımladığı Ukraynaya verilən silahların sayını əks etdirən infoqrafikadan aydın olur ki, müharibədə ən çox fədakarlıq göstərən Baltikyanı ölkələr olub: Latviya öz müdafiə büdcəsinin 41%-ni, Estoniya 37%-ni, Litva 16,7%, Polşa isə 15%-ni Ukraynaya yardıma ayırıb.
Paylaş: