Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
Ovqat.com xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Məlumata görə, görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.
Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.
Qeyd edək ki, “Total Energies” Fransa mərkəzli enerji şirkətidir və dünyanın 6 böyük enerji şirkətləri arasına girir.
Maraqlıdır ki, iki gün öncə Prezident İlham Əliyevə zəng edən Emmanuel Makron öz ənənəvi bəhanəsini dilə gətirdikdən və layiq olduğu cavabı aldıqdan sonra “vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirmiş, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsi təklifini irəli sürmüşdü. Üstündən 2 gün keçməmiş “Total Energies” şirkətinin prezidentinin Bakıda peyda olması, “Abşeron” yatağında və ölkəmizin bir sıra regionlarında bərpaolunan enerji layihələrinin həyata keçirilməsi kimi yağlı təklif alması “Qara qızın dərdi varmış” məsəlini yada salır. Ümid edirik ki, Fransa bundan sonra ermənipərəstliyini də qatlayıb cibinə qoyar.
Paylaş: