Xəbər lenti

Ekspert: “Ölkə daxilinə qeyri-qanuni şəkildə ABŞ-ın müvafiq maliyyə axını təşkil edilir”

Əsas fəaliyyəti Azərbaycanda agentura şəbəkəsini formalaşdırmaq və onları maliyyələşdirmək olan USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) bunu müxtəlif yollarla edir. USAİD öz agentura şəbəkəsini pulsuz qoymamaq üçün min cür hiyləyə əl atır. Belə hiylələrdən biri də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adı altında gizlənmək və agentura şəbəkəsini bu yolla “yemləmək”dir. 

Demokrat.az bu mövzudakı araşdırma yazısında iddia edir ki, ÜST-nin Bakı ofisinin Azərbaycanın dövlət strukturları ilə həyata keçirdiyi layihələrin əsas maliyyə təminatçısı USAİD-dir. Deməli, USAİD ÜST-nin Bakı ofisi vasitəsilə müxtəlif dövlət orqanlarına soxulur və bu yolla vəsaitləri leqallaşdırıb ABŞ-ın Azərbaycandakı şəbəkəsini maliyyələşdirir. “Əslində ÜST-nin Bakı ofisinin Azərbaycanda həyata keçirdiyi layihələrin səmərəliliyi də sual yaradır.  Məlumdur ki, hər yerdə olduğu kimi, Azərbaycanın dövlət orqanlarında da ÜST-ninn Bakı ofisi kimi yüksək maliyyə tutumu olan xarici və beynəlxalq təşkilatlarla birgə layihələrin gerçəkləşdirilməsində, qrantların alınmasında maraqlı olan məmurlar var”, - deyə yazıda bildirilir. 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov USAİD-in ölkəmizdə fəaliyyət göstərməsinə heç bir əsasın qalmadığını bildirdi: “Böyük güclər dünyanın heç bir yerində, heç kimə təmənnasız yardım göstərmirlər. Biz bunu birdəfəlik başa düşməliyik. Ümumi büdcəsi 27 milyard dollardan çox olan USAİD-in rəsmi nizamnaməsində onun ABŞ-ın zəif inkişaf etmiş ölkələrdə uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən yardımlarının reallaşdırılması kimi vəzifələri yerinə yetirməli olduğu qeyd olunur. USAİD-in rəhbərinin ermənipərəst mövqeyi və Azərbaycana qarşı qərəzli mövqeyi bizi məyus edir. Belə bir mövqedə olan, Ermənistanla Azərbaycan arasında yaranmış hərbi münaqişə zamanı erməni vəhşiliyinin üzərindən sükutla keçən bir təşkilatın Azərbaycanda yeri yoxdur. Bəli, müstəqilliyimizin ilk illərində, dağılmış iqtisadiyyat və acınacaqlı maliyyə durumu şəraitində bizə yardım etmək istəyən tərəflərin təkliflərini rədd edə bilməzdik. Lakin USAİD-in başında dayanan ermənipərəst birinin Azərbaycana qarşı sərgilədiyi düşmənçilik mövqeyi ortadadırsa, bu təşkilatın ölkəmizdə yeri yoxdur. 

Azərbaycan qanunlarının tələblərinə hörmət göstərmədən Azərbaycan ərazisində necə fəaliyyət göstərmək olar? Müxtəlif yollarla, hətta dövlət qurumları vasitəsilə bu işi görmək cəhdləri isə sadəcə, cinayət tərkibli fəaliyyətdir. Bu gün Azərbaycan yetərincə güclü bir dövlətdir. Onun maraqları dövlətin aidiyyəti strukturları tərəfindən yüksək səviyyədə qorunur. Kiminsə, hansısa bir yolla ölkədə qarışıqlıq yaratmaq cəhdi illüziyadan başqa heç nə ola bilməz. Bu yolu tutanlar bütün bunları yaxşı anlamalıdırlar. Bu yolda dövlətinə xəyanət etmək seçimi edənlər isə ən ağır cəzaya layiq olacaqlarını göz önünə almalıdırlar".

Beynəlxalq əlaqələr üzrə ekspert Şəhla Cəlilzadə belə təşkilatlar barədə maraqlı bir araşdırma aparıb: “ABŞ-ın dünyaya demokratiya ixracı bənzər ssenari ilə baş tutur və bənzər nəticələr doğurur. Xüsusilə Vyetnam, Əfqanıstan, İraq, Suriya, Yəmən, Gürcüstan, Ukrayna və s. ölkələr misal göstərilə bilər ki, öncə burada hakimiyyətə müxalif qüvvələr ABŞ-ın maliyyə-hərbi yardımı ilə dəstəklənir, daha sonra onlardan çevriliş üçün istifadə olunur. Gürcüstan və Ukraynada bu çevriliş daha sivil yolla, QHT-lər və medianın vasitəçiliyi ilə, yəni sivil vətəndaş cəmiyyətinin iştirakı ilə həyata keçirilməyə çalışılsa da, nəticədə yenə qanlı savaş oldu. Çünki bu çevriliş, sadəcə, bir ölkə ilə bağlı hadisə deyil, regional, hətta daha qlobal mənzərəyə baxsaq görərik ki, dünya nizamı ilə əlaqədar bir hadisədir. Təsadüfi deyil ki, xüsusilə Afrika ölkələrində ABŞ-ın bu cür müdaxiləsi və beynəlxalq QHT-lərin fəaliyyəti "Troya atı"na bənzədilməkdə, xarici qüvvələrin yardım adı ilə gələn “neokolonial istila mexanizmi” olduğu iddia edilməkdədir. Burada ABŞ-ın maliyyə yardımını maskalamaq üçün müxtəlif təşkilat strukturlarından istifadə olunur. Məsələn, başda ABŞ-ın maliyyə mərkəzləri dursa da, alt qatlarda CİA, USAİD, NED-NDI kimi quruluşlar, onların altında müxtəlif beynəlxalq təşkilatlar, məsələn, FİNCA, ÜST, onların altında isə yerlərdəki siyasi partiyalar, ticarət palataları, iqtisadi təsisatlar, tələbə birlikləri və s. sivil təşkilatlar yer almaqdadır. Məsələn, ABŞ-ın Meyvə Şirkətləri İttifaqının maraqlarını milliləşdirmə ilə təhdid etdiyi üçün Qvatemala prezidenti Jacobo Arbez 1954-cü ildə CİA tərəfindən devrilmiş, 1953-də nefti milliləşdirməyə çalışdığı üçün İran baş naziri Müsəddiq, ABŞ siyasətinə qarşı ideoloji xətt tutduğu üçün 1964-cü ildə Braziliya prezidenti Joao Coulart, 1973-də Çili prezidenti Salvador Allende, 1996-da sovet düşüncəli Rumıniya prezidenti İon İliesku devrilmişdi. Hətta 1980-ci illərdə fransız prezidenti Fransua Mitterandın sol sosialist hökumətinin qərarlarını boykot etmək və dəyişə bilmək məqsədilə USAİD, NED-NDI alt qatında yer alan İRİ xətti ilə Fransada AFL-CİO Azad Ticarət Birliyi İnstitutuna 1,5 milyon dollar qrant ayıraraq sağ-ekstremist qrupları dəstəkləmiş və ölkədə sabitliyi təhdid etməyi bacarmışdı. Ümumiyyətlə, USAİD-in yaradıldığı 1961-ci ildən sonra devrimlərdə birbaşa olaraq USAİD-in maliyyə dəstəyini əldə edən yerli sivil təşkilatlardan istifadə olunmağa başlanıb. Məsələn, Qırğızıstanda USAİD-in maliyyə dəstəyi ilə FİNCA ilk dəfə 1995-ci ildə öz layihəsini keçirməyə başlamışsa da, bu məhz 2005-ci ildə birinci, 2010-cu ildə ikinci Lalə inqilabı adını alan hadisələrlə nəticələnmişdi. 2009-da isə Qırğızıstan MDB üzvlüyünü tərk etmişdi. Təsadüfi deyil ki, bu proses Qırğızıstan üçün ağrısız keçməmiş, xüsusilə Rusiyanın iqtisadi təzyiqləri, həmçinin “Mərkəzi Asiyanın Dağlıq Qarabağı” hesab edilən Fərqanə vadisində Qırğızıstanın qonşu dövlətlər, xüsusilə Tacikistan ərazisindən dini-radikal hücumlara məruz qalması və buna cavab olaraq ABŞ-ın Qırğızıstanın Fərqanə ərazisində antirerror təlim mərkəzi açması ilə müşayiət olunmuşdu. Beləliklə, mini-Maydan hərəkatı modeli təcrübədən keçmiş, lakin Qırğız siyasi hakim elitası xalqını qırğına verməyəcək qədər ağıllı davranaraq bölgədə xarici təsirləri neytallaşdırmağı bacarmış, artıq 2013-cü ildə Qırğızıstan MDB sədrliyini edirdi. Beləliklə, açıq şəkildə bəyan etmək olar ki, USAİD-in Bakı ofisinin məqsədləri və vəzifələri də xalqın müxtəlif sosial problemlərini qabardaraq siyasi hərəkətlənməyə nail olmaqdır. Bu şəbəkənin fəaliyyətini məhdudlaşdırmaq üçün dövlət tərəfindən müxtəlif addımlar atılsa da, qara dəliklər tapılaraq, ölkə daxilinə qeyri-qanuni şəkildə ABŞ-ın müvafiq maliyyə axını təşkil edilir. 

Öncə Gürcüstan yolu, daha sonra QHT-lərin və medianın maliyyələşdirilməsi, hazırda ÜST-nin Bakı ofisinin vasitəçiliyi ilə dövlət qurumlarına sızma qeyd oluna bilər. Bu qeyri-qanuni fəaliyyətdə vasitəçi fiqurlar dövlət tərəfindən deşifrə edilərək həbs olunanda belə, bunu “rejimin qeyri-qanuni davranışları”, “sivil vətəndaş cəmiyyətinin sıxışdırılması” adı ilə ictimai qınaq, ictimai tənqid mövzusuna çevirməyə, cəmiyyətdə siyasi hərəkətlənmə yaratmağa çalışırlar. Lakin dövlət ağlı bütün bunları görür və dərk edir. Odur ki, bu qruplar cəmiyyəti parçalayaraq, milli maraqları tapdayaraq qlobal maraqları bölgədə diktə etmək məqsədlərinə nail olmayacaqlar". 

Cavanşir ABBASLI

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 4 201          Tarix: 1-12-2023, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma