Xəbər lenti

Sərdar CƏLALOĞLU,

Azərbaycan Demokrat Partiyasının sədri 

 

Bu gün hamını belə bir sual düşündürür: nə üçün Azərbaycan müxalifətinin 1993-cü ildən bu tərəfə apardığı mübarizə, verdiyi saysız-hesabsız itkilərə baxmayaraq, heç bir fayda verməmiş, ictimai-siyasi vəziyyət nəinki yaxşılığa doğru dəyişməmiş, əksinə pisləşmə istiqamətində inkşaf etmişdir?

Bu sualın bir və yeganə düzgün cavabı var: seçilmiş mübarizə üsulu mövcud vəziyyətin dəyişdirilməsinə qeyri-adekvat olmuşdur.

Azərbaycan müxalifəti dinc-demokratik (qeyri-zorakı) mübarizə apardığını iddia edir. Ciddi şəkildə təhlil etdikdə, aydın olur ki, müxalifətin böyük əksəriyyətinin bu cür yol seçməsi ona görə deyil ki, kifayət qədər silahı olmasına baxmayaraq, bundan imtina edir. Sadəcə ona görə imtina edir ki, silahı və gücü yoxdur. Bu da zahirdə dinc, batində zorakı mübarizə əhvalı doğurub ki, hakimiyyətə münasibətdə dinclik, özünə münasibətdə zorakılıq dilemması ilk növbədə müxalifətin özünün məhv olmasına gətirib çıxarıb. Yəni Azərbaycan müxalifətini iqtidar yox, özü özünü məğlub edib.

Buradan da sual doğur: müxalifət özünü necə məğlub edə bilər?

 

PSİXOLOJİ ZORAKILIQ – BİRLİKDƏN QAÇIŞ

 

Azərbaycanda demokratiya yoxdur və partiya çoxluğu demokratiyanın göstəricisi ola bilməz. Demokratiya yoxdursa, mübarizə demokratiya uğrunda və klassik demokratik prinsip və dəyərlərin formal olaraq hamısına əməl edilməsinə ehtiyac olmadan aparılmasını tələb edir ki, bu üsulun adı qeyri-zorakı müqavimətdir.

Bu gün demokratiyaya təhlükə həm iqtidardan, həm də çox partiyadan (çoxpartiyalılıqdan yox) gəlir.

XX əsrin məşhur fransız politoloqu Moris Dyuvrje “Siyasi partiyalar” adlı kitabında yazır: “Demokratiyanı partiyalı rejim yox, onların daxili quruluşlarındakı istiqamət təhdid edir: təhlükə partiyaların mövcudluğunda deyil, onların zaman-zaman əldə etdikləri hərbi, dini və totalitar təşkilatlanma tipindədir”.

Beləliklə, aydın olur ki, iqtidardan demokratiyaya gələn təhlükə iqtidarın mahiyyəti – onun anti-demokratikliyi, müxalifətdən gələn təhlükə müxalifətçiliyin forması – müxalifətin daxili quruluşunda yol verilən qüsurlarla bağlıdır. Buradan da “Azərbaycan siyasi pariylarının daxili qurulşunda demokratiyanı təhdid edən meyllər nədən ibarətdir və bu meyllər nədən yaranır?” sualına cavab vermək lazım gəlir.

 

UĞUSRSUZLUQ BATAQLIĞI

 

Dağlıq Qarabağ probleminin 30 ildən artıqdır ki, həll edilməməsi və bu sahədə ciddi bir nailiyyətin əldə edilməməsi milli səviyyədə nailiyyətsizlik sindromunu meydana çıxarmışdır – hansı ki, bu sindrom iqtidar və müxalifətdə fərqli əlamələtlərlə təzahür edir.

Azərbaycan iqtidarı uzun illərdir ki, bu sindromun təsiri altında daxili münasibətlərdə sanksiyalaşmamış zorakılıq siyasəti – repressiya siyasəti həyata keçirir, müxalifət isə bu zorakılıq şəraitində heç bir ciddi siyasi nailiyyət əldə edə bilmədiyindən, ikiqat nailiyyətsizlik sindromu yaşadığından, son illər sürətlə psixoloji zorakılıq mərhələsinə qədəm qoymuşdur. Xüsusən hakimiyyətdən devrilmiş revanşist qüvvələrin də təbii olaraq revanşizmin mahiyyətindən doğan psixoloji zorakılığa meyli üçqat özünü göstərir.

Psixoloji zorakılığı tətikləyən digər amil ictimai rəydir. Moris yazır: “Xalqın iradəsi ciddi şəkildə anarxistikdir: o, özünə xeyirli, ağıllı gələn hər şeyi etmək istəyir. O, şüuraltı olaraq hakimiyyətə zəruri şər kimi baxir və onun hakimiyyət qarşısındakı instiktiv davranışı – müqavimətdən ibarətdir”.

Odur ki, vətəndaşların özlərinin passivliyindən doğan problemlər də iqtidarın adına yazılır. İqtidar bütün ictimai problemlərin tək və yeganə baiskarı kimi təsəvvür olunur. Halbuki ictimai şəraitin formalaşmasında iqtidar yanlış idarəetmə seçməsinə və xalq mütiliyinə görə bərabər ölçüdə məsuliyyət daşıyır.

Son vaxtlar blogerlərin apardığı təbliğat kampaniyasına qoşulan vətəndaşların hakimiyyət dəyişikliklərinin üsyan yolu ilə mümkün olması haqda çağırışları, müxalifətdən üz döndərməsi əslində ictimai rəyin psixoloji zorakılığından xəbər verir – hansı ki, xalqda bu rəyi formalaşdıran əslində yalnız müxalifətin uğursuzluğu yox, həm də milli səviyyədə Qarabağ probleminin həllindəki uğursuzluqla bağlıdır.

Buradan aydın olur ki, əslində Qarabağ cəbhəsində uğurun əldə olunmamasının yaratdığı uğursuzluq sindromu daxili mübarizədə ictimai rəyi zorakılığa doğru meylləndirmişdir. Nəzərə alsaq ki, Azərbaycanda hakimiyyət həqiqətən bütün şərlərin mənbəyidir, onda xalq nəinki instinktiv olaraq, hətta şüurlu olaraq bu şərə qarşı müqavimət göstərmək istəyir. Amma bunu aşkar etməyə gücü çatmadığından, psixoloji səviyyədə müqavimətə cəhd edir ki, bu da psixoloji zorakılığa səbəb olur.

Nailiyyətsizlik sindromu uzunmüddətli fəaliyyətin nəticəsində heç bir nailiyyət əldə edilmədikdə fəaliyyət göstərən qrupların düşdüyü vəziyyəti izah edən elmi-sosioloji termindir. Naaliyyətsizlik sindromunun aşağıdakı əlamətləri vardır.

1. Öz içində düşmən ovu;

Bu sindromu yaşayan qüvvələr öz nailiyyətsizliklərinin səbəbini qarşı tərəfdə yox, özü ilə ciyin-ciyinə mübarizə aparan qüvvələrdə görürlər. Bu gün iqtidar Qarabağın azad edilməməsində müxalifəti, müxalifət isə iqtidarı ittiham edir. Halbuki Qarabağın işğaldan azad edilməməsinin səbəbi Rusiyanın və bəzi Qərb ölkələrinin Ermənistanı açıq şəkildə iqtisadi, siyasi, hərbi və maliyyə tərfdən dəstəkləməsi, bunun əksinə Azərbaycan iqtidarının öz ərazilərini hərbi yolla azad etməyə imkan verməməsi, beynəlxalq hüququn öz güçünü itirməsi, super-güclərin regional münaqişələrdən öz təsir dairələrini genişləndirmək üçün istifadə etmələri ilə bağlıdır. Burada nə iqtidarın, nə də müxalifətin heç bir ciddi günahı yoxdur.

Yaxın tariximizdən hamıya məlumdur ki, Kommunist Partiyası qalib gəldikdən sonra xalqa vəd etdiyi xoşbəxt gələcəyi verə bilmədikdən sonra, uğursuzluq sindromu yaranmış, nəticədə xalqa qarşı müxtəlif bəhanələrlə nəhəng represiyyalar aparmışdır. Dünyada ilk konslager Leninin təşəbbüsü ilə yaradılmış, Stalin dönəmində xalq düşməni isterikasi hakim olmuşdu. Bu repressiyalar yalnız opponentlərə qarşı yox, hər şeydən əvvəl və daha amansız olaraq, öz silahdaşlarına doğru yönəlmişdir. Dünyada Kommunist Partiyası kimi ikinci bir partiya tapmaq mümkün deyil ki, kütləvi şəkildə partiyadaxili (sonra da xalqdaxili) düşmən ovuna çıxsın.

İran inqilabı da eyni sindromu yaşamışdır. Xomeyninin hakimiyyətə gəlməsində müstəsna xidməti olmuş ayətulla Müntəzirinin, Şəriətmədarinin və digər din xadimlərinin və partiyaların ictimai həyatdan təcrid edilməsi bunun əlaməti idi.

2. Birlikdən qaçış;

Nailiyyətsizlik sindromunu yaşayan qüvvə özünü digər qüvvələrdən təcrid edir, destruktiv kult formalaşdırır, üzvlərinin şüuruna və davranışlarına total nəzarət etdirir. Öz üzvləri üçün xüsusi davranış modelləri, düşüncə tərzi, reallığa yanaşma qaydaları müəyyən edir – hansı ki, bir qayda olaraq həqiqətin təhrif edilməsi və yanlış davranışlar doğurur. Bunu belə bir məntiqə əsaslanır: “Eyni addımı biz atırıqsa düz, siz atırsınızsa səhvdir”.

Azərbaycan hakimiyyətinin xaricdə Azərbaycanı bütün dünyadan təcrid etməsi, daxildə özünü digər siyasi qüvvələrdən təcrid etməsi bununla bağlıdır. Buna paralel Azərbaycan müxalifətində də özünütəcrid prosesi sürətlə inkişaf edir ki, bu da “QÜVVƏLƏRİN BİLƏŞMƏMƏSİNİN” tək və yeganə səbəbidir.

Yəni bu gün ona görə müxalifət biləşmir ki, liderlər birləşməyə can atır, amma bu alınmır; əksinə, ona görə müxalifət biləşmir ki, nailiyyətsizlik sindormunu yaşayan liderlər bu sindromun təsiri altında destruktiv kult yaradaraq özünütəcrid yolu tuturlar və hər bir lider birləşmənin əleyhdarı kimi çıxış edir. Və bu zaman birləşmədən imtina əks tərəfləri əsassız itihamlarla əsaslandırılır. Halbuki, gətirilən arqumentlərin heç biri əslində həqiqəti ifadə etmir. Yeganə həqiqət nailiyyətsizlik sindromunun yaşanmasıdır.

Destruktiv kult – tərəfdarlarının üzərində tam nəzarətə malik – “şüurlara nəzarət”edən – bir nəfər və ya kiçik bir qrupun avtoritar idarəetməsini özündə ifadə edən anlayışıdır. Bütün müxalif partiyaları tərk edənlərin öz liderlərinin ünvanına səsləndirdiyi təkbaşına, yəni avtoritar idarəçilik ittihamının da əsasında bu durur. Liderlərin özünütəcrid siyasəti tərəfdarları arasında xüsusi təbliğat işinin aparılmasını tələb edir ki, bu da sosiologiyada “beyinlərin yuyulması” adlanır. Bu anlayış “şüurlara nəzarət” anlayışına sinonim kimi də işlədilir. Əgər biz diqqət etsək, görərik ki, destruktiv kulta daxil olan insanların heç birinin öz xüsusi mövqeyi yoxdur və onlar yalnız tutuquşu kimi liderlərini yamsılayırlar.

Qeyd edim ki, Azərbaycan iqtidarında da eyni səbəblərdən paralel olaraq destruktiv kult formalaşdırılmış, xalq üzərində total nəzarət yaradılmış və dünyadan, o cümlədən daxili siyasi güclərdən özünütəcridyolu tutulmuşdur.

 

PSİXOLOJİ ZORAKILIĞIN TƏZAHÜRİ

 

Psixoloji zorakılığın aşağıdakı əlamətləri vardır:

1. Qeyri-etik davranış;

Psixoloji zorakılığın birinci təzahüri qeyri-etik davranış və küçə ritorikasıdır. Bu, son aylar Azərbaycan siyasi həyatı üçün xarakterik olmayan “söyüşlə mübarizə” və ya “söyüş müharibəsi”(soyuq müharibənin oxşarlığı kimi) sosial şəbəkə mübarizəsində, xüsusən ayrı-ayrı blogerlərin apardığı siyasi təbliğat işində özünü qabarıq göstərir. Bu sindrom Azərbaycan ictimai-siyasi həyatında çox təhlükəli proseslərin baş verdiyini sübut edir.Azərbaycanda siyasi ritorikada söyüş YAP tərəfindən başladılmış, sonra AXCP və digər müxalif güclər tərəfindən tətbiq edilmişdir. İndi az qala hər partiyanin öz “söyüş briqadası” vardır. Sosial şəbəkələrdə bəlli bir qrup bir neçə saxta anketlə ancaq opponentləri söymək, təhqir etmək, böhtan və şayiə yaymaqla məşğuldur. Bu cür insanlara öz iradələrini siyasi dillə ifadə etməyə imkan verilmir.

Buradan da sual meydana çıxır: “Söyüş müharibəsi” niyə və nə üçün meydana çıxıb və bu mübarizə cəmiyyətə nə vəd edir?

Bəri başdan deyim ki, “söyüşlə mübarizə” həm də xarici xüsusi xidmət orqanları (separatçıların apardığı müharibə) tərəfindən təşkil edilib. Bu insanlar könüllü şəkildə psixoloji zorakılığın genişlənməsinə və daha çox insanın bura qoşulmasına xidmət edirlər.

Bu sirr deyil ki, özünü müstəqil şəxs kimi təqdim edən blogerlərin əksəriyyəti bu və ya digər siyasi qrupun tribunasını təşkil edirlər. Siyasi qrupların siyasi bloger xidmətindən istifadə meyli destruktiv kult üçün vacib olan şüurlara nəzarəti təmin etməyə xidmət edir. Bəzi liderlərin məhz sosial şəbəkələrdə – qapalı qruplar – dostluqlar yaradaraq, həmin qrup üzvləri ilə apardığı siyasi işin mahiyyəti də məhz şüurlara nəzarəti həyata keçirməyə xidmət edir.

Qeyd edim ki, bundan fərqli olaraq açıq qruplarda belə iş həyata keçirmək mümkün deyil.

2. Total nəzarət – DMDE modeli;

Azərbaycan iqtidarı açıq şəkildə cəmiyyətə total nəzarət etdiyini elan edib. Bu da hakimiyyətin totalitar mahiyyəti ilə bağlıdır. Son illər müxalifətdə də üzvlər üzərində total nəzarət cəhdi meylləri müşahidə olunur. Total nəzarət öncə şüurlara nəzarətdən başlayır. Şüurlara nəzarət xüsusilə onda dağıdıcı xarakter alır ki, onun köməyi ilə insanın müstəqil düşünməsi və fəaliyyət göstərməsi imkanları aradan qaldırılır. İnsan robota çevrilir. Destruktiv kultda şüura nəzarət xüsusilə fərdin həqiqi şəxsiyyətinin məhv edilməsinə – onun davranışlarına, fikirlərinə, emosiyalarına, kult liderinin obrazına oxşar – onun ikincili obrazının yaradilmasına istiqamətlənir. Nümunə kimi, məşhur tarixçi alim, kifayət qədər sanballı ziyalı olan Cəmil Həsənlinin Milli Şuraya daxil olduqdan sonra düşdüyü vəziyyəti göstərmək olar. Belə qruplara daxil olan istənilən layiqli insan qısa müddətdə, belə demək olarsa, ləyaqətini itirir və mənsub olduğu kultun əsirinə çevrilir. YAP-ın bəzi liderlərinin televiziya çıxışlarında H.Əliyevə xas hərəkətləri təqlid etmələri, onun kimi danışmaq üçün rola girmələri və hətta özlərini ona oxşatmaları məhz bununla bağlıdır. Şüura kult nəzarəti tabeçiliyin mükafatlandırıldığı və həvəsləndirildiyi sosial təşkil olunmuş işdir. Bu cür qrupa daxil olanlar üçün seçim azadlığı olmur. Maraq yalnız qrupun qəbul etdiyi doqmalar – ehkamlar olur. Məsələn, “filan lider həqiqi müxalifət, filan lider satqındır”, “Biz düz, qalan hamı yanlış yoldadır”, “Biz haqlı, başqaları haqsızdir” və s. Bu cür qruplarda reallığın şəklinin təhrif edilməsinə xidmət etməyən hər şeydən imtina edilir. Belə ki, başqa bir lederin haqlı olduğunu demək qrupa xəyanət, satqınlıq kimi dəyərləndirilir.

Qeyd edim ki, İslam dininin bütün təriqətləri də məhz destruktiv kult əsasında mövcuddur. Belə qruplar o zaman yaranır ki, lider qrupun üzvlərini aldatmaq, onların fərdiliyini və azad iradədən məhrum etmək üçün qeyri-məhdud hakimiyyətdən istifadə edir. Şüurlara nəzarətdə məqsəd tərəfdarlarını asılı, tabeçilik vəziyyətində öz ətrafinda saxlamaqdır.

Destruktiv kultun dörd növü müəyyən edilmişdir: dini və ya mənəvi qrup, siyasi qrup, kütləvi psixoterapiya qrupu və kommersiya qrupu. Biz burada ancaq siyasi qrup haqqında qısa şəhr vermək istəyirik.

Destruktiv kult “DMDE modeli”ni yaradır və inkişaf etdirir. Bu model davranış, məlumat, düşüncə və emosiya dördlüyündən ibarət xüsusi tərbiyə sistemidir.

DMDE modelində davranışa nəzarətin əsas əlamətlərindən biri, yuxarıda qeyd etdiyimiz kimi, qrupun eyni davranışlar nümayiş etdirməsidir. Bu indoktrinasiya (daxili doktrinalara əsaslanmaq) və qrup ritulları ilə həyata keçirilir. Məsələn, bir başqa partiya mitinq təşkil edirsə, destruktiv kult öz üzvlərinə o mitinqdə iştirak eməyi qadağan edir. Yəni qrup üzvləri bir və eyni hərəkəti etməyə məcbur edilir. Mitinqlərdə qrup üzvlərinin hamısından lideri alqışlamaq tələb olunur və s. Azərbaycanda mitinqlərin gedişində kimlərin bu üsulu tətbiq etdiyi hamıya məlumdur.

Məlumata nəzarətin əsas üsuluna məlumatın lazım olan istiqamətdə təhrif olunması, xalis yalan və düzgün məlumatın gizlədilməsi – özü haqqında neqativ məlumatın gizlədilməsi, başqası haqqında pozitiv məlumatın qəsdən təhrif edilməsi və heç bir əsası olmayan məlumatlar yaymaq aiddir. Son vaxtlar bu üsul sosial şəbəkə istifadəçiləri üzərində nəzarət işində geniş tətbiq edilir.

Düşüncəyə nəzarətdə əsas üsul reallığın “qrup sxeminin reallığı” kimi qəbul etdirilməsidir. Bu nə deməkdir? Hər hansı bir lider ictimai-siyasi reallığı öz maraqlarına uyğun sxematik təsvir edir. Nəticədə həqiqi reallıq əsasında təhrif olunmuş reallıq təsəvvürü meydana çıxır. Üzvlər bu cür reallığı həqiqi reallıq kimi qəbul edir. Məsələn, bir partiya seçkilərdə iştirak və ya iştirak etməmək haqqında qərar qəbul etdikdən sonra, başqalarının bu qərarın əleyhinə atdığı bütün addımlar xəyanət kimi dəyərləndirilir, halbuki bəzən özünün addımları elə məhz ümumi işə xəyanətdən ibarət olur.

Emosional nəzarətin üsulu qrupun üzvündə elə bir hissiyyat yaratmaqdır ki, o, həmişə düşdüyü problemin səbəbkarı kimi özünü görsün, nəinki qrupu və ya onun liderini. Belə halda hər bir üzv yanlış yolda olan liderin alovlu təbliğatçısına və müdafiəçisinə çevrilir, hətta bütün günahları öz üzərinə götürməyə hazır olur. Belə hallarda liderlər qrupu çox asanlıqla bataqlığa sürükləməyə müvəffəq olur.

3. Zorakı metodların işə düşməsi;

Siyasi destruktiv kult olan qrupda repressiv qərarlar qəbul etmək (müxtəlif cəza tədbirləri və ya partiyadan qovmaq), arzuolunmaz şəxsin başqalarından zorakılıqla təcrid edilməsi və məhv (ya fiziki və ya da mənəvi) edilməsi həyata keçirilir. Milli Şuradan ayrılanlarla bağlı Milli Şura üzvlərinin apardığı təbliğat bunun klassik nümunəsidir. Bu cür qrupun lideri özünün yaratdığı və ya ona yaxın olan müstəqil mətbuat vasitələrinə ciddi nəzarət edir.

Siyasi destruktiv kultun ən radikal forması terrorçu qruplar kimi meydana çıxır. Əgər terrorçular fiziki məhv etməklə “lazımsız” adamları aradan götürürsə, siyasi destruktiv qrupda bu üsul mənəvi terror kimi həyata keçirilir. Arzuolunmaz şəxsin şəxsiyyəti alçaldılır, onun imici korlanır, ictimai rəydə onun haqqında yalan məlumatlar yaymaqla onu ictimai dəstəkdən məhrum edirlər. Bu üsul FETÖ-nün, PKK-nın, İŞİD-in, mafiyaların, bəzi cinayətkar qruplaşmaların, o cümlədən Azərbaycanda iqtidar partiyasının və bəzi müxalif partiyaların fəaliyyətində daha qabarıq özünü göstərir.

Müasir dövrdə Azərbaycanda siyasi blogerliyin əsas hədəflərindən biri öz ətrafinda destruktiv qrup formalaşdırmaqdır. Məhz buna görə, bütün blogerlər və onların tərəfdarları opponentlərinə qarşi təhqir, söyüş, əsası olmayan yalanlar, böhtanlarla mübarizə aparırlar.

Buradan aydın olur ki, əslində “təhqir” destruktiv qrupun əlindəki mənəvi silahdır – hansı ki, bəzən terrorçuların əlindəki silahdan daha ağır nəticələrə gətirib çıxarır.

Bəs destruktiv kultun təsirinə kimlər düşür?

Əslində blogerlərin fəaliyyəti aşkar və kütləvi olduğundan onların təbliğatına eyni anda hamı, istənilən insan və münasibət məruz qalır. Lakin o insanlar destruktiv qrupa qoşulur ki, onlar öz şüurlarına özləri nəzarət edə bilmir, yəni azməlumatlı (biliksiz və ya savadsız) olurlar, başqalarının fikirlərinin təsirinə tez düşürlər (müxtəlif komplekslərə malik olurlar), müstəqil əqli mühakimə apara bilmirlər və iradəcə zəif olurlar. Belə insanlar istənilən şeyə bağlılığa meylli olurlar. Biz bunu sosial narkomaniya kimi də təyin edə bilərik. Sosial nakomanlar – beyinləri yuyulmuş insanlar – reallığı dərk etmək imkanından məhrum olur və öz irreal təsəvvürlərini – lideri, qrupu, özü haqqında uydurulma, əsassız təsəvvürlərini tək bir reallıq kimi qəbul edirlər.

3. Yalan istehsalı;

Destruktiv kult yaradanlar qrupun üzvlərini aldadır, onları özündən asılı edir və başqalarından təcrid edir. Belə qrupların liderləri rola girir və tərəfdarlar rolla reallığı bir-birindən ayıra bilmir. Özündən başqa, qalan qrupların yanlış yolda olduqlarını idda edir, üzvlərdən şagird münasibəti, müəllim-tələbə münasibətinə uyğun münasibət tələb edirlər. Başqa qruplara arxa çevirməyi, daha çox öz qrupu ilə vaxt keçirməyi, gizli ünsiyyət vasitələrindən istifadə, psixoloji şantaj, təhdid edən öncəgörənlik, maddi dəstək, sonra da maddi tələblər və s. FETÖ və vəhhabilər hətta ailə instituna da nəzarət edir, üzvlərini yalnız təriqətin müəyyən etdiyi şəxslərlə ailə qurmasına məcbur edirlər.

Destruktiv kult üzvlərin davranışlarına nəzarət edir. Bunun üçün yalnız qrupa xas davranış modelləri hazırlayır, başqa davranışlardan çəkindirir. Məsələn, “hamı qum saatı çəksin” (bloger N.Cəfərov), “hamı işığı söndürsün” (bloger Q.Məmmədov) və s.

4. Dissonansdan qaçma cəhdi;

Destruktiv kultun təsiri ilə insanın davranışları dəyişildikdə onun fikirləri və hissləri də dəyişir, bu, dissonansın minimuma enməsi ilə nəticələnir.

Dissonans – psixologiyada insanın davranışlarının onun öz əqidəsinə, inanclarına zidiyyət təşkil etdiyi vəziyyəti ifadə edən termin kimi işlədilir.

Dissonans vəziyyəti insanda ciddi əzab yaradır. Bu gün Azərbaycanın müstəqilliyi və demokratikləşməsi ideyasını dəstəkləyən müxalif qüvvələrin böyük kəsiminin müstəqilliyə və demokratiyaya xələl gətirən davranışlar nümayiş etdirmələri dissonans vəziyyətinə düşdüklərini sübut edir. Doissonans daxili əzab yaratdığından, insan dissonans vəziyyətdən qaçmağa, onu aradan qaldırmağa cəhd edir. Psixologiya sübut edib ki, insanın davranış, düşüncə və hissiyyatlarından biri dəyişildikdə dissonansı aradan qaldırmaq üçün digərləri də dəyişilir. Bu zaman insanlar maraqlarına xidmət edən davranışlarını dəyişdirmək əvəzinə, həyatlarının ali ideallarını, əqidələrini dəyişməyə üstünlük verirlər.

İndi hakimiyyət uğrunda mübarizə hər cür müstəqillik, suverenlik, demokratikləşmə, mili həmrəylik və s. kimi ümumi ideyaları arxa plana salıb. Buna görə də müstəqilliyə və suvernliyə real təhdid yarandıqda belə, özünü istiqlalçı adlandıranlardan səs çıxmır.

Bu meylin əsas aşağıdakı üsülları vardır:

Birincisi, insanlar özlərini axmaq və əxlaqsız apardıqları zaman özlərini inandırırlar ki, onların davranışları ağıllı və əsaslandırılmışdır. Bu gün sosial şəbəkələrdə söyüşlə münasibət bildirənlərin hamısı inanır ki, onlar ağıllı və əsaslı olaraq bu yolu tuturlar. Bunu opponentin davranışları ilə əlaqələndirirlər – hansı ki, əgər opponent anti-demokratikdirsə, onda demokratik tərəfin də öz mövqeyindən imtina edib, demokratiyadan uzaqlaşması, əslində, opponentin qələbəsi hesab olunmalıdır.

İkincisi, eyni bir fakta opponentlərindən təmamilə fərqli baxış sərgiləməyə meyl edirlər. Bu zaman əgər opponentin mövqeyi düzdürsə, qrup mütləq yanlış mövqeni müdafiə edir və bu istiqamətdə irəliləyir.

Üçüncüsü, əsassız yerə başqası əzab verərkən (mənəvi və ya fiziki), əzab verdiyini əsassız olaraq marginallara aid etmək və ya onu alçaltmağa cəhd etmək. Sosial şəbəkələrdə destruktiv kulta daxil olanların söyüdükləri insanları “maddi maraqları güdən”, “iqtidara satılan” adlandırması və ya düşünülmüş şəkildə opponentini kiçiltməyə cəhd etməsi (savadlını savadsız, ağıllını ağılsız, vətənpəvəri kosmopolit, millətçini beynəlmiləlçi və s. adalandırması) bu üsulun təzahürüdür.

Bütün bunlardan aydın olur ki, silahlı mübarizə aparmayan demokratik qruplar nailiyyətsizlik sindromu yaşadıqda, müəyyən dövrdən sonra psixoloji zorakılıq mərhələsinə keçir ki, bu da silahlı zorakılığa hazırlıq mərhələsini təşkil edir. Əgər dünya inqilablar tarixini təhlil etsək, aydın şəkildə görərik ki, inqilab ərəfəsində ritorika psixoloji zorakılığın yaşandığını sübut edir. Bunun klassik nümunəsi Leninin öz opponentlərini söyüşlərlə təhqir etdiyi məqalələrdir.

“Söyüş müharibəsi” problemi Azərbaycanın müstəqilliyi və demokratikləşməsi üçün böyük təhlükə təşkil edəcək istiqamətdə sürətlə inkişaf etməkdədir. Psixoloji zorakılıqdan tezliklə azad olmasaq, bunun arxasınca fiziki zorakılıq gəlir ki, bunun da çox təhlükəli təcrübəsi Suriya nümunəsidir.

Buradan da sual meydana çıxır: nə etməli?

 

QEYRİ-ZORAKI MÜQAVİMƏT

 

Əgər psixoloji zorakılıq fiziki zorakılığa doğru cəmiyyəti sürükləyirsə, onda bu vəziyyətdən xalqı necə xilas etmək, ən əsası isə dinc yolla hakimiyyəti necə dəyişdirmək olar?

Müxalifətin psixoloji zorakılqdan xilas olması onun kosmetik olsa belə, nailiyyət qazanmasından keçir. Bəs indiki şərtlərdə necə siyasi nailiyyət qazanmaq olar?

Bu bir reallıqdır ki, Azərbyacanda heç kəsi dinc yolla siyasi həyatda nəyəsə nail olmağa inandırmaq mümkün deyil. Bunun sübutu kimi Azərbaycan müxalifətinin 1993-cü ildən bu yana mübarizəsinin heç bir effekt verməməsi göstərilir – hansı ki, bu illər ərzində Azərbaycan müxalifəti dinc-demokratik mübarizə apardığını düşünür və insanlara da məhz bu təəssüratı yaradır. Əgər nəzərə alsaq ki, destruktiv kult irreallığı reallıq kimi dərk etməyə əsaslanır, onda aydın olacaq ki, əslində Azərbaycan müxalifəti dinc-demokratik mübarizə aparmadığı halda, bunu dinc-demokratik mübarizə kimi qələmə verir.

Doğrudanmı, son otuz ildə bizim apardığımız mübarizə dinc-demokratik mübarizə olmayıb?

Bir çoxları Azərbaycan müxalifətinin heç vaxt silahlı mübarizə aparmadığını əsas gətirib, aparılan mübarizəni dinc-demokratik mübarizə kimi qələmə verir. Zahiri dinc-demokratik mübarizə qeyri-zorakı müqavimətlə oxşarlıq təşkil etdiyindən, bir çoxları düşünür ki, müxalifət elə qeyri-zorakı mübarizə aparır. Amma nəzərə alsaq ki, nifrət, kin odlu silahdan qat-qat təhlükəlidir, ürəklərdə kin və nifrətlə aparılan silahsız mübarizənin də məhz zorakı mübarizə olduğu aydın olar.

Digər bir məsələ isə, müxalifətin sadəcə başqa yolu olmadığından, zorən öz gücsüzlüyünə görə dinc mübarizə yolu seçməsidir ki, bu, əslində könüllü qeyri-zorakılıqdan məhz dərində olan zorakılıq olması ilə fərqlənir.

Qeyri-zorakı müqavimətin əsasını qoymuş və bu üsulla Hindistanı Britaniya müstəmləkəçiliyindən azad etmiş Mahatma Qandi gücsüzlükdən doğan qeyri-zorakılığı siçanın pişiyə qeyri-zorakılığı adlandırmışdır. Siçanın pişiyə münasibəti gücsüzlükdən doğan qeyri-zorakılıqdır. Bunun əksinə, əgər pişik siçana zorakılıq etmirsə, bu, həqiqi qeyri-zorakılıq olur. Buradan da Mahatma Qandi bu fikrə gəlir ki, qeyri-zorakılıq yalnız güclülərin qeyri-zorakılığı ola bilər. Yoxsa silah əldə etmək imkanı olmayan və ya silahlı mübarizəsinə dəstək almayan, yaxud opponenti kifayət qədər fiziki cəhətdən güclü olan bir qrupun silahlı mübarizədən imtina etməsi qeyri-zorakı mübarizə deyil, bu, sadəcə gücsüzlükdən, imkansızlıqdan və zəiflikdən doğan yalançı qeyri-zorakılıqdır.

Bu cür güclərin şüurunda zorakılıq inkişaf etdiyi halda öz mübarizələrində zahirən qeyri-zorakılıq yolu seçirlər ki, bu da yuxarıda qeyd etdiyimiz psixoloji zorakılığın əsasını təşkil edir. Belə güclər dinc müstəvidə heç bir nailiyyətə ümid edə bilməz. Bunu özünüaldatma kimi də təyin edə bilərik.

 

YA GÖRÜNDÜYÜN KİMİ OL, YA OLDUĞUN KİMİ GÖRÜN

 

Bir çoxları qeyri-zorakılığı gücsüzlüyün üsulu kimi anlayır, halbuki qeyri-zorakılıq ən böyük gücün – daha zərif bir gücün təzahüridir ki, kim güclü deyil, onun qeyri-zorakılığı siçanın pişiyə göstərdiyi qeyri-zorakılıqla eyniyyət təşkil edir. Zahirdə bir cür, batində başqa cür olmaq dində münafiqlik, elmdə isə dissonans vəziyyəti adlanır.

Dissonans vəziyyəti olduğu kimi görünməmək və ya göründüyü kimi olmamaq deməkdir. Yəni müxalifətin qeyri-zorakı görünməsi heç də onun qeyri-zorakı olmasını sübut etmir, eləcə də müxalifət qeyri-zorakı mübarizə apararkən daxildə öz zörakılığını gizlədir. Bu da müxalifətin bu yolla heç bir nailiyyətə imza ata bilməməsinin tək və yeganə səbəbidir.

Bəs həqiqi qeyri-zorakı mübarizə necə olmalıdır və bu yolla nədən qısa müddətə siyasi vəzifələri, cəmiyyətdə radikal dəyişilmələri həyata keçirmək mümkün olur?

Mən siyasi proseslərə qoşulan gündən qeyri-zorakı mübarizənin əsaslarını öyrənməyə və öz fəaliyyətimdə bunu rəhbər tutmağa cəhd etmişəm və digər liderlər arasında da bununla bağlı iş aparmağa çalışmışam. Dəfələrlə İsa bəy, Lalə xanım, Əli Kərimli ilə birlikdə keçirdiyimiz görüşlərdə bu barədə öz fikirlərimi demişəm. Hətta bu liderlərdən birinin xahişi ilə Cin Şarpın dinc-demokratik mübarizənin 6 prinsipini yazılı surətdə onlara təqdim etmişəm. Mənim və ADP-nin qeyri-zorakı mübarizəyə sadiqliyi digər müxalif qüvvələr, o cümlədən iqtidar tərəfindən düzgün anlaşılmamışdır. Müxalifət zaman-zaman bunu satqınçılıq, iqtidar isə mövqe dəyişikliyi kimi yozmuşdur. Buna görə, bu məsələ son vaxtlar daha da aktuallaşdığından bizim seçdiyimiz qeyri-zorakı mübarzə yolu haqqında daha ətraflı məlumat verməyi vacib hesab edirəm.

Bəri başdan deyim ki, dinc-demokratik mübarizə, yəni qeyri-zorakı mübarizə yalnız silahlı zorakılıqdan yox, zorakılığın bütün növlərindən, o cümlədən psixoloji zorakılıqdan imtinanı tələb edir. Azərbaycan müxalifətinin bu günə kimi ciddi bir siyasi nailiyyət əldə etməməsinin səbəbi (o cümlədən hakimiyyətin dinc üsullarla Qarabağı azad edə bilməməsinin) qeyri-zorakı müqavimət haqqında məlumatsızlığı və bir çox hallarda bu müqavimətin prinsiplərinə zidd mövqe sərgiləməsi olmuşdur. Buradan da “qeyri-zorakı müqavimət nədir və bu müqavimətlə nəhəng silah arsenalı olan qüvvələrə necə qalib gəlmək olar” sualı meydana çıxır.

 

ŞƏXSLƏRƏ YOX, İDEYALARA DÜŞMƏN OL!

 

Azərbaycanın böyük oğlu Şeyx Məhəmməd Xiyabani 1920-ci ildə İranda başlatdığı azadlıq hərakatında çıxışlarından birində demişdir: “Dövrünün qabaqcıl insanının başlıca düşməni insanlar yox, öz dövrünün ideyalarıdır”.

Bu o deməkdir ki, qeyri-zorakı mübarizənin hədəfi konkret şəxslər yox, onların ətrafinda birləşdikləri ideyalar olmalıdır…

Bundan xeyli sonra Qandi isə belə deyirdi: “Sizin məqsədiniz adamları məğlub etmək deyil, onların əhval-ruhiyyəsini elə dəyişməkdir ki, bundan həm siz, həm onlar qazancda olsun. İşgüzar əməkdaşlıq şəraiti dəyənək altında tabeçilikdən daha məhsuldardır. Birincisi, insan aktivi, ikincisi isə getdikcə daha ağır olmağa başlayan öhdəlikdir”.

Bu sonuncu siyasətdə siyasi dialoqun əsas fəlsəfəsini təşkil edir. Əgər doğrudan da məqsəd insanları yox, zərərli ideyaları məhv etməkdirsə, onda məntiqlə aydın olur ki, insanlara qarşı fiziki və mənəvi zorakılığın bütün növləri yolverilməzdir. Eləcə siyasi mübarizə də şəxssizləşdirilməlidir.

Bu da Qandi tərəfindən qeyri-zorakı müqavimətin əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir. Qandiyə görə, müzakirələr şəxsiyyətlərə deyil, problemlərə aid edilə bilər. Unutmaq olmaz ki, ictimai mübarizənin şəxsləşdirilməsi zorakılığı meydana çıxaran əsas faktorlardan biridir.

Bu gün məni, prezident seçklilərində namizəd kimi iştirak edərkən, eləcə də adi vaxtlar verdiyim müsahibələrdə ad çəkməməkdə ittiham edənlər bunu ya “qorxaqlıq”, ya da “hakimiyyətə işləmək” kimi dəyərləndirir və məndən əslində problemləri yox, şəxsiyyətləri müzakirə etməyimi istəyirlər – hansı ki, qeyri-zorakı müqavimətə ziddir. Hətta bir partiya lideri “Sən niyə İlham Əliyevin və digərlərinin adını çəkmirsən?” ritorik sualı ilə, guya, məni iqtidara işləməkdə ittiham etmişdir.

Bu gün Azərbaycanda hamı hansısa korrupsioneri ittiham edir, onun cəzalanmasını istəyir. Amma heç kəs korrupsiya əməli haqqında danışmır. Buradan aydın olur ki, insanlar ona görə korrupsioner məmurların əleyhinə mübarizə aparırlar ki, korrupsiyadan onlara pay çatmır. Buna görə də hakimiyyətdə şəxslərin dəyişilməsi əslində korrupsiyanın inkaşfına mənfi təsir etmir. Ziya Məmmədovun və ya Səlim Müslümovun, eləcə Əli Abbasovun işdən çıxarılması onların rəhbərlik etdikləri sahədə korrupsiyanı azaltmamışdır, əksinə, daha da inkişaf etdirmişdir. Çünki hökumət korrupsiya əməlinə qarşı ciddi addımlar atmaq əvəzinə, özünə qarşı siyasi səhvə yol vermiş korrupsionerləri cəzalandırır.

Qeyri-zorakı müqavimətdə məqsəd şəxsiyyətlərin yox, idarəçilik üsulunun, hakimiyyət formasının dəyişdirilməsi olmalıdır.

Nə üçün qeyri-zorakı mübarizə şəxsiyyətlərə yox, problemlərə qarşı aparılmalıdır?

Şəxsiyyətlərin dəyişilməsi ayrı-ayrı adamları, problemlərin həll olunması çoxluğu maraqlandırır. Buradan da çoxluğun prosesə qoşulması adamlara yox, problemlərə istiqamətlənməni tələb edir.

İctimai proseslərin şəxsləşdirilməsinin yanlışlığı həm də hakimiyyətin pozucu təsiri ilə bağlıdır.

Marks deyirdi ki, əgər maşın xarabdırsa, onu kimin idarə etməsinin heç bir mənası yoxdur.

Lenin də deyirdi ki, elə hakimiyyət yaratmaq lazımdır ki, onu aşbazlar da idarə edə bilsin.

Bu hər iki fikir hakimiyyətin təkmilliyinin vacibliyini önə çəkir, nəinki şəxsiyyətlərin rolunu.

 

“MƏHƏBBƏTLƏ İSLAH ET!”

 

Məlumdur ki, uşaq tərbiyə sistemi valideynin uşağa məhəbbətinə əsaslanır. Uşaqlar valideynlərinin məhəbbətini qazanmaq və ya onu itirməmək naminə onlara qulaq asır və yanlış davranışladan uzaqlaşırlar. Buradan da aydın olur ki, məhəbbət ən güclü islahedici vasitədir.

Qeyri-zorakı mübarizə yolu seçmənin ikinci və ən mühüm səbəbi hər bir insanın özünün ən güclü silahından istifadə etməsinin zəruriliyi ilə bağlıdır. Həzərət Əlidən belə bir fikir deyirlər: “Düşməninin silahını götürdünsə, bəri başdan döyüşün yarsını uduzmusan”.

Qandi bu fikri bir az başqa cür ifadə edir: “Qələbəyə ən düzgün yol özünün ən güclü tərəflərindən istifadə etməkdir. Məğlub etməyin ən düzgün yolu rəqibin güclü tərəflərindən istifadə etməkdir. Rəqibin şərtləri ilə mübarizəyə girmək mübarizəni əvvəlcədən uduzmaq deməkdir”.

Buradan çıxan əqli nəticə bundan ibarətdir ki, zorakılığa əsaslanan anti-demokratik rejimlərlə mübarizədə zorakılığın istənilən formasından könüllü şəkildə imtina etmək lazımdır. Bu da zorakılığa malik olmayan güclərin qeyri-zorakı müqaviməti önə çəkməyi tələb edir.

 

ŞƏRDƏN ŞƏR DOĞUR

 

Üçüncü səbəb real dəyişikliklərin güc yolu ilə əldə edilməsinin mümkünsüzlüyüdür. Dünya təcrübəsi göstərib ki, zorla gələn zorla gedib. İsa peyğəmbər bununla bağlı vəhy edirdi: “Qılınc qaldıranların hamısı qılıncla da məhv olacaq”.

Qandi isə deyirdi: “Biz gücə əl atanda, bu o deməkdir ki, opponenti istədiyimizi etmək məcburiyyətində qoyuruq, o isə istəmir. Əgər bu cür güc tətbiqinə haqq qazandırılsa, onda, şübhəsiz, ona bizimlə eyni cür rəftar etməsinə imkan veririk. Belə yolla biz heç vaxt razılığa gələ bilmərik. Dəyirman çərçivəsində fırlanan kor at kimi, elə bilirik, irəli gedirik”.

Qandiyə görə, zorakı mübarizənin istənilən forması özünü aldatmaqdır və nəyəsə məcburiyyətlə bağlı qətiyyətli hərəkət tərəqqi barədə tamam aldadıcı təəssürat yaradır.

 

GÜCLÜ OLAN HAQLI DEYİL, HAQLI OLAN GÜCLÜDÜR

 

Dördüncü səbəb zorakılığın həqiqətə xidmət etməməsidir. Bu gün Azərbaycan iqtidarının həmişə xalqa və beynəlxalq ictimayyətə yalan deməsi hamıya məlumdur. “Yalan ayaq tutar, amma yeriməz” atalar məsəli yalanla inkişafa nail olmağın mümkünsüzlüyünü sübut edir.

Son vaxtlar müxalifət arasında da yalan danışmaq ittihamları səslənməkdədir. Qandiyə görə, “zorakılıq meydana çıxan kimi, yalan da peyda olur. Yalanın müdafiə olunması isə davamlı olaraq gücdən istifadə tələb edir”.

O, belə hesab edirdi ki, zorakılıq insanların beyninə yalan əkmək vasitəsidir.

Bu gün istər iqtidarın, istər müxalifətin nəinki opponentləri, həm də silahdaşları ilə bağlı yalan istehsal etməsi onların hər ikisinin zorakı mübarizə üsulu seçdiyini sübut edir. Onları yalan danışmağa məcbur edən daxillərindəki psixoloji zorakılıqdır. Buna görə, Qandi inanırdı ki, “qeyri-zorakılıq ideyası zorakılıqdan, nifrətdən, şər iradədən uzaq şəaraitdə qəbul oluna bilər”.

Azərbaycanda qeyri-zorakılığın özünə yer tapmaması da bizim cəmiyyətin zorakılıq, nifrət və şər iradə altında olduğunu sübut edir. Nifrət, kin şəxslərarası münasibətlərdə meydana çıxdığından, aydın olur ki, mübarizənin şəxsləşdirilməsi cəmiyyətdə nifrət və kin mühiti yaradır – hansı ki, bu mühitdə heç kəs qeyri-zorakı mübarizə apara bilməz.

Məlumdur ki, zorakılıq insanın fiziki təbiəti – onun heyvanliliyi, qeyri-şüurluluğu ilə bağlıdır. Həqiqət yalnız şüurlu fəaliyyətlə bağlı olduğundan, bədəndən qaynaqlanan zorakılıq şüuru pərdələyir, həqiqət əvəzinə, yalan meydana çıxır.

Zorakılığın istənilən növünə əl atan insanların bütün düşüncə və fikirləri yalandır, həqiqətə uyğun deyildir.

Zorakılıq şərabın, narkotikanın bir fomasıdır. Buna görə də çox asanlıqla zorakılığa bağlılıq yaranır. Hətta rəqib məhv edildikdən sonra zorakılıq qurban tələb edir. Bu zaman düşmən olmadığından, zorakılıq öz doğmalarına, silahdaşlarına zorakılıq etməyi tələb edir. Paris kommunasının, bolşevik inqilabının və İran inqilabının təcrübəsi bunun bariz nümunəsidir.

 

QANDİNİN BÖYÜKLÜYÜ

 

Z.Freydə görə, insanlar hansı böyüklükdə ideyaları mənimsəyirsə, onların şəxsiyyəti də o böyüklükdə təzahür edir. Böyük insanların böyüklüyü onların cüssəsi, fiziki gücü ilə yox, daşıdıqları və təbliğ etdikləri ideyaların böyüklüyü ilə bağlıdır. Böyüklük nəyin əlamətidir?

Hitler deyirdi ki, yalanı o qədər böyük demək lazımdır ki, heç kəs onun yalan olduğunu ağlına belə gətirməsin. Buradan gəlinən nəticə budur ki, böyüklük həqiqətə xas keyfiyyətdir.

XX əsrin əvvəllərində qeyri-zorakı mübarizə dünya siyasi tarixinə Mahatma (hind dilində Böyük) Qandinin Hindistanı ingilis işğalından azad etmək məqsədi ilə apardığı mübarizə kimi düşmüşdür. Bəziləri Qandizmdən danışanda, ağız büzür və ya bu yolla Azərbaycanda nəyəsə nail olmağın mümkünsüzlüyünü iddia edirlər. Qandinin dünya siyasi tarixindəki rolunu dünyanın ən böyük zəkalarından biri Eynşteyn belə qiymətləndirmişdir: “Gələcək nəsillər adi bədən sahibinin bu günahkar dünyada yaşadığına, ola bilsin, sadəcə inanmasın”.

Əgər insanlar bu gün Qandinin mübarizə üsulunun müvəffəqiyyətli olacağına inanmırsa, bu, Eynşteynin nə qədər uzaqgörən olduğunu bir daha sübut edir.

Qandizmin əsas fəlsəfəsi “Zərif gücdən” istifadədir. Buradan aydın olur ki, qeyri-zorakı mübarizə də güc tələb edir, amma bu güc zorakı güc kimi kobud, dağıdıcı, anti-humanist olmur, əksinə qurucu, barışdırıcı, birləşdirici olur.

 

DİNLƏ SİYASƏTİN VƏHDƏTİ

 

Qeyri-zorakı mübarizə mənən güclü olanların mübarizəsidir. O insanlar ki, mənən cılızdır, onlar heç vaxt qeyri-zorakı müqavimət göstərə bilməzlər. Buradan aydın olur ki, istənilən qrupun zorakılığa meyli onlarda baş verən mənəvi deqredasiya ilə bağlıdır. Azərbaycan iqtidarının da heç bir milli, dini və bəşəri dəyərə sahib çıxmaması onun xalqa qarşı zorakılığının əsasında durur.

Zorakılıq nihilizmin əlamətidir. Buradan aydın olur ki, qeyri-zorakı müqavimət dəyərlərlə mübarizədir. Belə dəyərlər üçdür: milli, dini və bəşəri.

Mənə qarşı irəli sürülən ittihamlardan biri də mənim dini mövzularda məqalələr yazmağım, verdiyim müsahibələrdə dini kitablara istinad etməyim, nəhayət, Qurana izah yazmağa cəhd etməyimlə bağlıdır. Buradan da qeyri-zorakı mübarizədə dinin rolu məsələsi önə çıxır. Bəri başdan deyim ki, Səmavi din – Ali dərəcəli siyasət, siyasət – sufli dərəcəli dindir.

Qandizmi ciddi şəkildə təhlil etsək, aydın olacaq ki, o, siyasi üsullarla dini prinsipləri özündə biləşdirmişdir. Qandinin “Məhəbbət yer üzündə ən zərif qüvvədir” fikri eynilə “İncil”də İsa peyğəmbərin təbliğ etdiyi “Məhəbbətlə islah edin” tövsiyəsi ilə, Səbrlə bağlı dediyi fikirlər “Qurani-Kərim”də bəyan edilən səbrlə bağlı ayələrin mənası ilə eynilik təşkil edir.

Qandi yalnız ideyalarında dinlə siyasəti birləşdirməmiş, həm də Hindistanda müsəlmanlarla qeyri-zorakı mübarizədə hindliləri birləşdirməyə nail olmuşdur. Onun, bir hindli olmasına baxmayaraq, birinci dünya müharibəsində türk-islam xilafətini müdafiə etməsi, İmam Hüseyn hadisəsini yüksək dəyərləndirməsi, müsəlmanlara qarşı zorakılığa etiraz əlaməti olaraq ölüm aclığını başlatması bunun bir neçə nümunəsindən biridir. Elə Qandi məhz buna – hindlilərlə müsəlmanları barışdırmaq siyasəti apardığına görə, 1948-ci ilə hindli ekstremist Nathuaram Vanayak Qodze tərəfindən qətlə yetirilmişdir. Bu, bir tarixi ironiyadır ki, Hindistanda qansız mübarizə tərəfdarı olan Qandi qanlı yolla siyasətdən getmişdir.

Bu gün Azərbaycanda da qeyri-zorakı müqavimətə çağırış hər cür zorakılıqla qarşılanır. Bu da tarixin təkrarlanması ilə deyilən fkirləri bir daha yada salır.

 

MƏQSƏDƏ APARAN BÜTÜN YOLLAR DÜZ OLA BİLMƏZ

 

Makiavelli “Hökmdar” əsərində yazır ki, məqsədə aparan bütün vasitələr məqbuldur və bu, “məqsədin vasitəyə haqq qazandırması” kimi müəyyən olunub.

Amma bu, zorakı mübarizənin baş prinsipi ola bilər. Çünki belə mübarizə aparanın müxtəlif gücləri olduğundan, istənilən gücündən istifadə etmək azadlığına malikdir. Amma bir insanın yalnız bir gücü varsa, onun üçün istənilən vasitə məqsədə aparmağa əsas verməz.

“Qurani-Kərim”də Allah-təala buyurur: “Mənim bir düz yolum var, qalan yollar əyridir”. Bu, məqsədlə vasitənin əlaqəsinin ilahi prinsipindən ibarətdir.

Elm sübut edib ki, iki nöqtə arasında yalnız bir düz xətt çəkmək olar. Buradan “hakimiyyətin qansız dəyişilməsinin yalnız bir doğru yolu ola bilər” fikri meydana çıxır. Bu doğru yol qeyri-zorakı müqavimətdən ibarətdir. Bu yoldan başqa heç bir dinc yolla hakimiyyətləri dəyişdirmək olmaz və hətta bu mümkün olsa, həmin hakimiyyət xalqa xeyir verə bilməz.

Bu dünyada hər bir şey yalnız öz qanununa tabe olmaqla mövcuddur. Eləcə də hər bir siyasi üsul və ya metod yalnız öz prinsipləri tətbiq edildikdə effekt verə bilər. Bu da vasitə ilə məqsədin uyğunluğu problemini önə çıxarır.

Amerika sosioloqu Cin Şarp əsası Qandi tərəfindən qoyulmuş, sonralar Sveyq, Martin Lüter və başqaları tərəfindən inkişaf etdirilmiş qeyri-zorakı mübarizə təcrübəsini tədqiq etmiş və bu mübarizənin bir-biri ilə bağlı 6 elmi prinsipinimüəyyən etmişdir – hansı ki, Azərbaycan müxalifəti heç vaxt bu prinsiplərdən ən az ikisini eyni vaxtda rəhbər götürməmişdir.

Aşağıda qısa şəkildə bu prinsiplərə aydınlıq gətirəcəyik. Bu da Azərbaycanda aparılan mübarizənin dinc-demokratik bir mübarizə olmadığını, buna görə də nə üçün heç bir nəticə vermədiyini sübut edir.

Qeyd etmək lazımdır ki, dünya demokratik təcrübəsində partiyaların apardığı mübarizə prinsipiallığa görə üç yerə ayrılır:

a) Prinsipsiz mübarizə – bura ABŞ-ın ikipartiyali sistemi aiddir. ABŞ partiyaları heç bir prinsipi əsas götürmürlər. Bu üsulla Amerikada partiyalı sistem cəmiyyəti dağılmaqdan sığortalayır. Amerikanlar partiyalılığa görə bir-birindən ayrılmırlar.

b) İkinci dərəcəli prinsiplər əsasında mübarizə – bura İngiltərə, Almaniya və Şimali Avropa dövlətlərində mövcud olan partiyalar aiddir. Bu ölkələrdə partiyalar bir-birindən doktrinalarına və sosial ayrılmalara görə fərqlənirlər. Bu partiyaların rəhbər tutduqları prinsiplər cəmiyyətin tamlığını pozmadan, qruplaşmalara səbəb olur və bir qayda olaraq siyasi sistemin fundamental prinsiplərində yekdildirlər.

c) Birinci dərəcəli prinsiplər əsasında mübarizə – bura Fransa, İtaliya kimi ölkələrdəki partiyalaşmalar aiddir. Belə partiyalılıq siyasi rejim və dövlətin əsası məsələlərində belə, fərqli mövqelərə malikdirlər. Məsələn, kommunist partiyaları ilə demokratik partiyalar əsas prinsiplərdə uzlaşmırlar…

Bəs Azərbaycanda partiyalılıq hansı qrupa aid ola bilər?

Biz bir istiqlalçı müxalif güc kimi, Azərbaycanda ikinci qrupa aidik, ikinci dərəcəli prinsiplər əsasında mübarizə aparırıq. İqtidarla müxalifət arasında Qarabağ məsələsi, Azərbaycanın müstəqilliyi, suverenliyi və demokratikləşməsi məsələsində fikir ayrılığı ola bilməz. Burada fikir ayrılığı ikinci dərəcəli prinsiplər əsasında – hakimiyyətin effektli idarə olunması və birinci dərəcəli prinsiplərin qorunması məsələsi ilə bağlı olmalıdır. Yəni biz korrupsiya və insan haqları məsələlərində, seçkilərin saxtalaşdırılmasında və Qarabağ probleminin effektli həllində iqtidarın yanlışlıqlarına, suverenlik və müstəqilliyin qorunmasında prinsipallıq etməməsinə görə fikir ayrılığında ola bilərik. Buradan da aydın olur ki, indiki müharibə vəziyyətində Azərbaycan siyasi qüvvələri cəmiyyəti əsasınadək parçalamayan siyasi sistem təşkil etməlidir.

Bu da hər iki güc arasında keçilməz sədlərin yaradılmasının yolverilməz olduğunu göstərir – hansı ki, psixoloji zorakılıq iqtidarlarla və digər müxalif siyasi güclərlə hər hansı bir ünsiyyəti istisna edir.

 

“NƏDƏN BAŞLAMALI?”

 

“Nədən başlamalı?” sualı bütün dəyişiklik istəyən xalqların və siyasi qrupların qarşısında duran universal sualdır. Bu sualın cavabını düzgün tapmayan kimsə heç bir dəyişikliyə nail ola bilməz.

Azərbaycandakı vəziyyəti dəyişdirmək üçün nədən başlamaq lazımdır?

Dinc-demokratik mübarizə aparan hər bir fərd özünün kifayət qədər güclü olduğuna inandıqda hansısa nəticəyə ümid edə bilər. Çünki öz gücünə inanmağa məcbur edilən insan dərhal ruhlanır və yalnız onda o maksimal fədakarlıqla şəxsi yüksəlişinə cəhd edir.

Yuxarıda qeyd etdik ki, destruktiv kulta daxil olan hər bir fərd əksinə, özünü gücsüz və günahkar hiss edir, buna görə heç bir fədakarlığa və özünü inkişaf etdirməyə cəhd etmir. Demokratik düşərgəni təşkil edən insanlar şəxsi səviyyədə inkişaf etmədikcə, ictimai həyatda və siyasi mübarizədə hər hansı bir inkişafdan danışmaq olmaz. Sokrat deyirdi ki, “dünyanı yerindən tərpətmək istəyən insan, öncə özünü yerindən tərpətməyi bacarmalıdır”.

Özü dəyişməyən müxalifətin cəmiyyəti dəyişməsi mümkünsüzlükdür.

Əgər insanlar cəhalətə və xurafata sürüklənirsə, əgər liderlər nəinki öz üzvlərinin, hətta özlərinin mariflənməsinin qayğısına qalmırsa, həqiqət əvəzinə yalanı həqiqət kimi beyinlərə yeridirlərsə, onda nəinki hakimiyyət dəyişikliyindən, hətta məişət səviyyəsində hər hansı dəyişiklikdən belə, söz gedə bilməz. Buna görə də zaman-zaman mətbuatda Azərbaycan müxalifətinin 88-ci illərdə qalmasına görə, ona irad tutulur.

Dinc-demokratik mübarizə başqaları ilə birlikdə qarşılıqlı əlaqədə inkişafa təkan verdiyindən, özünü təcrid etmiş qrupun inkşaf etməsi mümkün deyil. Azərbaycan müxalifətinin çağdaş siyasi vəziyyətdə 88-ci il şüarları, metodları, prinsipləri ilə mübarizə aparması məhz bununla bağlıdır.

Buradan aydın olur ki, cəmiyyəti dəyişdirmək üçün dəyişən siyasi taktika izlənməlidir. Siyasi işdə ehkamçılıq yolverilməzdir, çünki ehkam dinə xasdır. Siyasi inkişafa nail olmaq üçün hər bir lider və ya siyasi fəal özünün şəxsi inkişafina cəhd etməlidir. Bunun üçün demokratik siyasi marifləndirmə həyata keçirilməlidir.

K.Marks kommunizmin üç tərkib hissəsindən birini də məhz “Sosialist ədəbiyyatı” kimi təyin etmişdir. Yəni elmi-siyasi ədəbiyyat olmadan heç bir siyasi iş effektli ola bilməz. Təəssüf ki, Azərbaycan müxalifətinin siyasi işi belə bir ədəbiyyatdan məhrumdur. Buna görə, insanlar gözüyumulu proseslərdə iştirak edir və fərdi qaydada düşdüyü vəziyyətdə “nə etməli” sualının cavabını müstəqil şəkildə tapa bilmir. Başqasına möhtac olduqda isə yalançı düşüncənin əsirinə çevrilirlər.

 

MÜXTƏLİFLİK- İLAHİ DƏLİLDİR

 

İnkişaf qarşılıqlı təsirdən meydana çıxır. Ayrılıqda heç bir şeyin inkişafı mümkünsüzlükdür və buna görə təklik özündə yalnız təkrarlanmanı təzahür etdirir. Özünü digər güclərdən təcrid etmiş hər bir lider və siyasi qrup da yalnız özü özünü təkrarlamağa məhkumdur. Buradan belə bir nəticə alınır: təklikdə siyasi inkşafa nail olmaq mümkün deyil.

Cəmiyyət mürəkkəb sistemdir və sadə sistemlərə xas heç bir qanunauyğunluq cəmiyyətə tətbiq edilə bilməz.Buna görə də qeyri-zorakı mübarizə zərurətə görə güclərin müxtəlifliyini tələb edir. “Qurani-Kərim”də “müxtəlifliklər Allahın dəlilidir” deyə bəyan edilir.

Dinc-demokratik mübarizənin də birinci və əsas prinsipi belə mübarizə aparan güclərin müxtəliflik təşkil etməsidir. Bu da müxtəlif ideoloji siyasi baxışlara, iqtidardan müxtəlif məsafə saxlamasına baxmayaraq, müxalif güclərin bir araya gəlməsini, yəni müxalifətin birləşməsini tələb edir. Mahatma Qandinin Hindistanın azadlığı uğrunda mübarizə aparan ən müxtəlif siyasi güclərin biləşdiyi Hindistan konqresinin üzvü olması da bununla bağlı olmuşdur.

Müxtəliflik nəyə lazımdır? Hər hansı bir ittifaqda müxtəlif sadə qruplar birləşir və ittifaqın gücü həmin sadə güclərin paraleloqram qaydasında toplanmasından ibarət olur ki, bu zaman bu güc onu təşkil edən bütün ayrı-ayrı qrupların gücündən keyfiyyət və kəmiyyətcə üstün olur. Yəni zorakılıqlar belə, bu cür ittifaqlarda öz gücünü tükəndirir. İqtidarların sadə zorakılıq üsulları müxtəliflik təşkil edən və mürəkkəb sistemlərə xas qanunla idarə olunan müxalif birlikləri heç bir vaxt və heç bir halda məğlub edə və hətta geriyə püskürdə bilməz. Bu da sadə sistemlərlə mürəkkəb sistemlərin fərqli qanunlara tabe olması ilə bağlıdır. O zaman ki iqtidarın qarşısına sadə sistem təşkil etmiş ayrıca bir qrup çıxır, belə qrupu zorakılıqla məhv etmək iqtidar üçün heç bir problem yaratmır.

 

BİRLƏŞMƏK KİMƏ LAZIMDIR?

 

Müxtəlifliyə nail olmaq müxtəlif siyasi qüvvələrin birləşməsini tələb edir. Birləşməyə meyli olmayan qüvvələrin bir-birindən ayrılması vətənə xəyanətdir, demokratiyanın qarşısında duran ən böyük maneədir və müxalifətin məğlubiyyətinin yegənə əsaslı səbəbidir. Bizim yaxın tariximiz sübut edir ki, yalnız müxalif birliklər dövründə Azərbaycan müxalifəti xalqdan və dünya içtimayyətindən az və ya çox dəstək almış, qələbəyə yaxınlaşmışdır.

Psixoloji zorakılığın tədqiqatçılarından Stiven Xassen yazır: “Qlobal birlik çərçivəsində qarşılıqlı əlaqənin artması tələb olunur”. Buna uyğun olaraq, milli çərçivədə problemlər ümummili xarakter aldıqda və ya ortada ümumilli problem olduqda daxili siyasi güclərin qarşılıqlı əlaqələnməsi artmalıdır və bu əlaqələrin zəifləməsi milli problemlərin daha da düyünə düşməsinə səbəb olur.

İqtidarın dəyişilməsi də belə milli problemlərdəndir – hansı ki, bunun həlli qarşılıqlı əlaqə tələb edir. Yəni birlik olmayan yerdə birləşmək özü digər bir milli problemə çevrilir. Müasir dövrdə biz birlik problemi yaşamaqdayıq.

Bir-biri ilə birləşə bilməyən partiyalar öz arxasınca xalqı bir-birindən ayırır ki, bu da xalqa xəyanətdir və çoxpartiyalılqla heç bir əlaqəsi yoxdur. Belə partiyalar ictimai rəyi deformasiya etməklə məşğuldur.

M.Dyuverje yazır: “Yalnız partiyaların sayı müxalifətin xarakterini və formasını müəyyən etmir, bura onların ittifaqlarının təsiri, sayı və daxili strukturu əlavə olunur… Çoxpartiyalılıq çox vaxt partiyaların mövcudluğu ilə qarışdırılır. İctimai rəyin çoxsaylı parçalandığı, qrupları qısa ömürlü, efemer və tez-tez dəyişən ölkələr həqiqi çoxpartiyalı sistemə uyğun deyil: onlar hələ partiyaönü dövrü yaşayır və təkamülün o fazasındadırlar ki, ikipartiyalılıq və ya çoxpartiyalılıq qətiyyən qəbuledilməzdir. Belə ki, hələ həqiqi partiyalar yoxdur”.

Bu gün YAP-ın özünü yeganə partiya hesab edib, digər partiyaların mövcudluğunu inkar etməsi, eləcə də digər bir partiyanın özünü yeganə müxalif partiya hesab edib, heç kimi müxalif partiya kimi qəbul etməməsi, əslində, Azərbaycanın partiyaönü dövrü yaşadığını, daha doğrusu, yenidən bu mərhələyə qayıtdığını sübut edir ki, bunun da əsas əlaməti birlikdən imtinadır. Azərbaycanın ən yeni tarixində dəfələrlə müxalifətin birliyi məsələsi önə çıxmış, amma hər dəfə “Bu birlik kimə və nəyə lazımdır?” sualının elmi cavabı tapılmadığından, ya bu birliyi iqtidarın sifarişi kimi, ya da əhəmiyyətsiz bir cəhd kimi dəyərləndirmişlər.

Bəs həqiqət nədən ibarətdir?

Bu gün müxalifətin bir araya gəlməsi – birləşməsi, həmrəy olması bir nömrəli problemə çevrilib. Bir araya gəlməyin əleyhinə və lehinə müxtəlif arqumentlər səsləndirilir. Bura əsasən aşağıdakılar aiddir:

1. Nəticəsizliyə görə biləşmədən imtina;

Birlik əleyhinə olanlara görə, birləşməklə birləşməməyin nəticələri eyni olduğundan, birləşmək üçün əlavə vaxt və qüvvə sərf etməyə ehtiyac yoxdur. Əslində, bu, sofistik mühakimədir. Çünki birlikdən qaçış nailiyyətsizliyin sindromudur, nəinki birliyə meyl nailiyyətsizliyin.

Bu müddəa birliklərə yox, bir yerdə olanlara – mexaniki aqreqat təşkil edənlərə aiddir. Müxalifət bir yerdə olarkən hər qrup birlik daxilində öz mənafeyini güddükdə birlik aqreqata çevrilir. Aqreqatlar ən sadə birlikdən belə, gücsüz və dayanıqsız olur. Aqreqativ birliklərlə heç nəyə nail olmaq olmaz. Aqreqativ birliyə daxil olanlar daxili mübarizə girdabına düşürlər və güc daxili intriqalara sərf olunur.

Birlik təşkil edənlər bir-biri naminə həyatından keçməyə hazır olmadıqca, elə birliklərin nə xalqa, nə də birlik üzvlərinə heç bir xeyri ola bilməz. Birləşmək sublimasiyaya səbəb olur və yeni keyfiyyətli güc ortalığa çıxarır. Sublimasiya summasiyadan onunla fəqrlənir ki, sublimasiyada keyfiyyət, summasiyada kəmiyyət dəyişilməsi baş verir. Bir yerdə olmaq –mexaniki aqreqasiya olub, qarışıq yaradır və bir çox hallarda bu qarışıq bir yerdə olanların arasındakı ziddiyyətlərə görə hamını zəiflədir. Bununla bağlı Hitler deyirdi: “İttifaqlar həmişə ora daxil olanları gücləndirmir, əksinə ziflədir”.

Azərbayan müxalifəti heç vaxt birləşməyib, həmişə bir yerdə olub və bu zaman hər bir partiya başqalarını öz maraqlarına xidmət etdirməyə cəhd edib. Ona görə ümumi maraqlara xidmət zəifləyib.

2. Sonradan dağılacaqsa, əvvəldən birləşməyə ehtiyac yoxdur;

Bu müddəa ümumiyyətlə mövcudluğun mahiyyətinə ziddir. Belə çıxır ki, əgər sonda insan öləcəksə, onda bu başdan yaşamağa cəhd etməməlidir. İttifaqlar əbədi ola bilməz, çünki hər bir ittifaq öz vəzifəsini yerinə yetirdikdən sonra səhnədən avtomatik çıxmalıdır. O bloklar ki yarandığı şərtlər aradan qalxdıqdan sonra da mövcudluğunu davam etdirir, həmin bloklar artıq ümumi işə ziyan verməyə başlayır. Belə hallarda bu blokların buraxılmasını istəmək birliyin pozulmasına cəhd kimi qəbul edilir ki, bu, ən böyük yanlışlıqlardan biridir.

Azərbaycanda bəzən vəzifələrini yerinə yetirmədən ittifaqlar dağılıb ki, bunun da iki səbəbi var.

Birincisi, ittifaq üzvləri səmimi şəkildə biləşməyib. Hər kəs öz gizli marağını güdərək birləşib.

M.Rəsulzadə deyirdi: “Həqiqi birlik o yerdə ola bilər ki, birlik üzvləri bir və eyni təhlükə qarşısında qalsın”.

Birliklərin bir və eyni maraqlardan yaranması onların möhkəmliyinin şərti ola bilməz. Odur ki, maraqlara görə yaranan birliklər kövrək və qısamüddətli olur.

İkincisi, ümumi maraqlar olmadığından, xüsusi maraqları xüsusi şəraitdə təmin etmək imkanı yaranır ki, bu da hansısa qrupun ittifaqı tərk etməsinə və ya formal iştirak etməklə kənar güclərlə gizli əlaqələrə girməsinə, ittifaqdan kənar maraqlarını təmin etməsinə və ittifaqı dağıtmasına səbəb olub. Məsələn, seçki bloklarının dağılmasının əsas səbəbi də bu olub. Kimsə blokdan kənar seçki maraqlarını təmin edibsə, ya blokdan çıxıb, ya da blokun dağılmasına cəhd edib.

3. Önyarğı ilə birləşməkdən imtina – “mən düzəm, başqaları əyridir”;

Özü özünü haqlı, hamını haqsiz bilmək destruktiv kulta xas yanaşmadır. “Qurani-Kərim”də “Kimin haqlı, kimin haqsız olduğunu” yalnız Allahın bildiyi bəyan edilir. Buradan da kimisə özünü düz, başqalarını əyri hesab etməsi Allahlıq iddasından başqa bir şey deyil. İnsanlar özlərini haqlı hesab edə bilərlər. Lakin opponentin mövqeyini bilmədən, onu müzakirə etmədən kimisə haqsız hesab etmək ədalətsizlikdən başqa bir şey deyil. Ədalət olmayan yerdə, azadlıq da olmur.

Bir çox hallarda müxalif həmrəyliyin qarşısında duran əsas problem siyasi güclərin bir-birini qarşılıqlı ittiham etməsidir – hansı ki, bunun yeganə səbəbi yuxarıda qeyd etdiyim destruktiv kultla bağlıdır, özünü düz, hamını əyri hesab edir.

4. Birlik çoxüzvlü partiyalardan başlamalıdır;

Moris Dyuverjenin tədqiqatlarına görə, birləşəmənin hərəkətverici gücü saydır. Yəni cəmiyyətdə birlik ideyasını çoxsaylı üzvləri olan partiyalar müdafiə etmədikcə, heç vaxt real siyasi birliklər yarana bilməz. Azərbaycanda da partiyaların birləşməməsində çoxsaylı hesab edilən AXCP və Müsavat müstəsna rol oynayır. Yaxın tariximiz sübut edir ki, bu iki partiya Azərbaycanda siyasi partiyaların biləşməsində həlledici səsə malikdir. Bu, həmin partiyaların siyasi keyfiyyəti ilə yox, riyazi çoxluğu ilə bağlıdır. Burada keyfiyyət kəmiyyətdən arxa plana keçdikdə çoxüzvlü partiyalar cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilərək, siyasi güclərin bir araya gəlməsinə imkan vermir. Bu gün düşdüyümüz vəziyyət də bunu sübut edir.

Birlik nə üçün vacibdir?

Bir partiyanın başqaları ilə birləşməməsi yalnız onun özünü məhv etmir, həm də birləşmədiyi digər partiyaları da məhv edir. Ona görə siyasi mübarizə aparan partiyalar başqa partiyaları birləşməməkdə qınamalıdır. Biz də belə edirik. Bu zaman cəmiyyətdə anlaşılmazlıq yaradır. Biri biləşmirsə, sən niyə özün güclənmirsən? Çünki birləşmədən imtina birləşmək istəyənləri bunu istəməyənlərdən daha çox zəiflədir. Bu, hansısa partiyanın gücü ilə yox, qeyri-zorakı müqavimətdə birliyin zəruriliyi ilə bağlıdır. Birləşmiş qüvvlər olmadan dinc-demokratik mübarizə absurddur.

Qeyri-zorakı müqavimətin digər 5 prinsipi bu prinsipə əməl etməklə şərtləndiyindən, birləşmə olmayan yerdə heç bir effektli nəticədən danışmaq olmaz.

 

ZORAKILIQDAN İMTİNA ET VƏ ZORAKILIĞA HAZIR OL!

 

İnsanların zorakılıqdan imtina etməsi ilə məsələ həll olunmur. Dinc-demokratik mübarizənin effektli olması həm də zorakılığa hazır olmağı tələb edir.

Dinc-demokratik mübarizənin ikinci və mən deyərdim ki, ən əsas prinsiplərindən biri fiziki və psixoloji zorakılıqdan imtina və zorakılığa məruz qalmağa hazır olmaqdır. Bu da hər bir partiyadan öz üzvlərinin şüuruna nəzarətdən imtina etməyi, onları azad etməyi, müstəqil düşünmələrinə imkan verməyi tələb edir – hansı ki, bunun əksinə olduqda psixoloji zorakılıq zərurətə görə meydana çıxır.

Zorakılıqdan imtina hətta şüur səviyyəsində belə, opponentinə zorakılıq etməyin düzgün olmadığını şüurlu şəkildə dərk etməyi tələb edir. Buna paralel qeyri-zorakı mübarizə yolu seçən opponentinin də bu yolu seçməsinə ümid etməməli, əksinə əks tərəfin ona qarşı zorakı üsulla mübarizə aparaçağına psixoloji hazır olmalıdır. Çünki qeyri-zorakı müqavimət yalnız zorakı gücə qarşı effektli ola bilər. Əgər iqtidardan da qeyri-zorakılıq gözlənilirsə, onda qeyri-zorakı müqavimət yolu seçməyin nə mənası ola bilər?!

Biz bunu zorakılığı qəbul etməyə hazırlıq kimi təyin edə bilərik ki, bir çox hallarda bu, fədakarlıq kimi təzahür edir. Kimsə “polis məni vurmaz, həbs etməz” düşünçəsi ilə mitinqə gedirsə və orada polis zorakılığına məruz qalırsa, bir daha o adam heç vaxt mitinqlərə getməz. Azərbaycanda mitinqlərin çoxsaylı olmamasının bir səbəbi də xalqın şüurunda iqtidarın zorakılıq etməyəcəyi ümidi ilə reallıqda qarşılaşdığı vəziyyətdir. Bir çox hallarda liderlər xalqı meydana çıxarmaq üçün iqtidar tərəfindən hər hansı bir zorakılığın olmayacağını vəd edirlər və insanlar zorakılıqla üzləşdikdə mübarizədən qaçırlar…

(Ardı var)

 




Ana səhifəyə qayıt        Baxış: 4 511          Tarix: 1-11-2018, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma