Xəbər lenti


Ötən gün “Tikilməkdə olan Layihələrin İdarə edilməsi”  MMC-nin təmsilçisi İsmayıl Əhmədov saytımıza açıqlama verərək, “Arkoz” inşaat şirkətinin rəhbəri Emin Uçarı Naxçıvanı talaya-talaya “Fəhlə Emin”dən “Bəy Emin”ə çevrildiyini bildirmişdi. İ.Əhmədov bu sözləri bəzi media qurumlarının Emin Uçarı Naxçıvan iqtisadiyyatına ciddi investisiya qoyduğuna münasibət bildirərkən demişdi. 

 

İddiaçının fikrincə, Emin Uçar Naxçıvana parket ustası kimi təşrif buyurmuş və Vasif Talıbovun qohumları ilə əl-ələ verib inşaat işlərinə girdikdən sonra böyük pullar qazanmışdır. Daha sonra Naxçıvandan qazandığı pullar hesabına Türkiyədə, Gürcüstanda və dünyanın başqa ölkələrində böyük şirkətlər yaratmışdır. Odur ki, sözügedən şəxsin Naxçıvana böyük investisiya qoyduğu barədə fikir irəli sürmək absurddur. Əksinə, o, Naxçıvan büdcəsinin necə gəldi mənimsənilməsi sayəsində indiki imkanlarını qazanmışdır.

 

Ovqat.com-un məlumatına görə, İsmayıl Əhmədovun Emin Uçar barədə irəli sürdüyü iddialar onun təsis etdiyi “Arkoz” şirkətində ciddi narazılığa səbəb olub. Şirkətdən redaksiyamıza daxil olan təkzib məktubunda iddiaçı ilə yanaşı saytımız da bərk tənqidə məruz qalıb. Bizi İsmayıl Əhmədovla əlbir olub “Arkoz” şirkətinə qarşı “qara piar kampaniyası” aparmaqda günahlandıran qarşı tərəfin də mövqeyini olduğu kimi təqdim edir və ölkəmizin iqtisadi vəziyyətinin müzakirəsinə lazım gələrsə sonsuzadək səhifələrimizdə yer verməyə hazır olduğumuzu bütün tərəflərin diqqətinə çatdırırıq. 

 

Siz təki iddialar münasibət bildirin, yayımlanması bizdən.

 

 

 

““ARKOZ İNŞAAT ŞİRKƏTİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

 

Naxçıvan şəhəri, N.Tusi küç. Ev 5

 

Naxçıvan şəhəri                                                                                                                               02/01/2024-cü il 

 

Ovqat.com saytının redaksiyasına

 

T Ə K Z İ B

 

         Hörmətli Heydər Oğuz,

 

        Bir müddətdir ki, Naxçıvanda yeni təsis edilmiş “Tikilməkdə olan Layihələrin İdarə edilməsi”  MMC-nin təmsilçisi İsmayıl Əhmədovla əlbir olaraq “Arkoz İnşaat Şirkəti” MMC və onun təsisçisi haqqında qara piar kampaniyası yürüdürsünüz. 02.01.2024 tarixində isə İsmayıl Əhmədovun bütün əndazəni aşan məktubunu (http://tinyurl.com/2a9nhpeu)  yayımlayaraq həmin şəxsin cinayətlərinin növbəti dəfə “iştirkaçı”sına çevrilmisiniz. Məktubun təqdimatında “Tikilməkdə olan Layihələrin İdarə edilməsi”  MMC-nin  “Arkoz”un fəaliyyətini araşdıran şirkət olaraq qələmə vermisiniz. Özü də “Arkoz” kimi kommersiya fəaliyyəti ilə məşğul olan bu şirkət hansı hüquqla başqa bir kommersiya təşkilatının fəaliyyətini araşdırır? İsmayıl Əhmədov məgər hüquq-mühafizə orqanıdır, prokurorluqdur ki, hansısa şirkətin fəaliyyətini araşdırsın? İsmayıl Əhmədov bu mandatı kimdən alıb? “Arkoz” illərdir tam şəffaf şəkildə fəaliyyət göstərən və ən əsası fəaliyyəti bütün nəzarət orqanları tərəfindən yoxlanılan şirkət olduğu halda əsl ictimai maraq doğuran məsələ İsmayıl Əhmədovun kim olduğu və bu etinasız və rahat şəkildə hərəkət etmək gücünü hardan aldığıdır? “Arkoz” Azərbaycan qanunvericiliyinə güvənir, işini qanunlara uyğun təşkil edir. Sual yaranır ki, bu şəxsi bu qədər rahat cinayət işləməkdə arxayın salan nədir?

 

        Suallar çoxdur, ancaq görünür ki, bu sualların cavabı sizin üçün maraqlı deyil! Özünü jurnalist kimi təqdim edən biri üçün bu sualların cavabının maraqlı olmaması bizi təəccübləndirir. Lakin biz təəccübümüzü bir kənara qoyub sizin üçün maraqlı olmalı olan bir məqamı nəzərinizə çatdıraq; İnternet informasiya ehtiyatının sahibi olaraq sizin öhdəlikləriniz var. Qanun sizə  (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun m. 13-2.3.9), təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yaymağı qadağan edir və buna görə birbaşa sizin məsuliyyət daşıdığınızı müəyyən edir. Azərbaycan qanunvericiliyi (yuxarıda adı çəkilən qanun m. 13-2.4) yayılması qadağan edilən məlumatlarla mübarizə  üsulu kimi “xəbərdarlıq et və götür” (“notice&takedown”) modelini seçib. Odur ki, bu məktubu həm də sahibi olduğunuz informasiya ehtiyatında yayılması qadağan edilmiş məlumatlar olduğu barədə xəbərdarlıq kimi qəbul edin. 

 

        O ki qaldı İsmayıl Əhmədovun məktubunda səsləndirdiyi fikirlərə münasibətə, Cənab Prezidentimizin “sahibkarlara yönəlmiş o çirkin əllər kəsilsin” devizini xatırladaraq nəzərinizə çatdırmaq istəyirik ki, biz, bizə qarşı böhtanlara təkzib yazmaqdan başqa heç vaxt mətbuat vasitəsi ilə nəyisə həll etməyə çalışmamışıq. Heç bir təkzib yazımızda “yeni hakimiyyət” sözündən istifadə etmədiyimiz halda, İsmayıl əhmədovun “qoçu”luğuna qarşı etirazımızı özünü yeni hakimiyyətin nümayəndəsiymiş kimi görən bu şəxs sanki yerli nümayəndəliyə edilmiş etiraz kimi göstərməyə çalışır.  Bir daha ictimaiyyətin nəzərinə çatdırırıq ki, bu şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-dəki səlahiyyətli nümayəyəndiliyinə məktub ünvanlamış, ordan gələn cavablara əsasən Naxçıvan MR Prokurorluğuna bu şəxsin törətdiyi cinayətlər barədə 15 səhifəlik şikayət ərizəsi ilə  22. 12. 2023-cü tarixində müraciət edilmişdir. Hal-hazırda bu barədə prokurorluqda araşdırma gedir. 

 

        Nəzərinizə onu da çatdıraq ki, İsmayıl Əhmədovun onunla müqavilə bağlamaqdan imtina etdiyimiz üçün artıq şəxsi həyatın toxunulmazlığını pozma, hədə-qorxu tələb etmə yolunu seçib. Belə ki, məktubunu yayımladığınız şəxs təsisçimizin ailə üzvləri barədə şəxsi həyata dair məlumatlar yayacağı ilə bağlı şantajlar və böhtanlar səsələndirir və bunu sizin informasiya ehtiyatınız vasitəsi ilə həyata keçirir. Təsisçimizə və onun ailə üzvlərinə aid olduğunu iddia etdiyi evlərin açıq adreslərini yayımlayacaq qədər şəxsi həyata və sahibkarlıq fəaliyyətinə məsuliyyətsiz müdaxiləyə yəqin ki, hüquq mühafizə orqanları qiymət verəcəkdir. Biz bu əməlləri və minlərlə əməkdaşı olan “Arkoz” ailəsini belə çirkin hədəfə qoymağı şiddətlə qınamaqla bərabər təəssüf edirik ki, siz də “jurnalistika” adı altında bu əməllərin iştirakçısına çevrilmisiniz. Məlumat üçün onu da nəzərinizə çatdıraq ki, ilk iş günündə bu şəxsin və artıq Sizin haqqınızda da bu məktubla törədilən cinayətlər barədə prokurorluq orqanlarına əlavə məlumat veriləcəkdir.  Yuxarıda qeyd etdiyimiz kimi biz kommersiya fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun qurduğumuza görə qanun qarşısında hər bir ittihama cavab verməyə hazırıq. Həmin şəxsin 2008-2009-cu illərdə harasa pul köçürülməyi ilə bağlı eyhamına cavab olaraq bildirmək istəyirik ki, əlində hər hansı qanunsuz köçürmə məlumatı varsa, buyursun, bu barədə hüquq mühafizə orqanlarına məlumat versin və nəzərə alsın ki, hazırlanmasını və törədilməsini bilərək həmin cinayət barəsində məlumat verməmək cinayət məsuliyyəti yaradır. 

 

         “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.7-ci, 14.1.9-cu və 14.1.11- ci maddələrinə əsasən dərc olunan və (və ya) yayımlanan informasiya (faktlar və hadisələr) qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə, şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir. Həmin Qanunun 18.1-ci maddəsinə görə Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

 

Yuxarıda qeyd edilənləri və  “Media haqqında” Azərbaycan Respublikası Qanununun 19.10-cu maddəsini rəhbər tutaraq xahiş edirik ki, bu Təkzibi onlayn media resursunuzda yayımlayasınız. 

 

Qoşma:  Etibarnamənin sürəti;

 

“Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli

 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi                                                  Emir Kaçmaz”

 




Ana səhifəyə qayıt        Baxış: 6 389          Tarix: 3-01-2024, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma