Ötən gün jurnalist həmkarımız Tural Səfərov telefon zəngi ilə qonağı olduğum Prime TV-yə qoşulub bəzi iddialar irəli sürmüşdü. Onun iddiasına görə, “Tikilməkdə olan Layihələrin İdarəedilməsi” MMC-nin rəhbəri İsmayıl Əhmədov "Arkoz İnşaat Şirkəti"ndən 700 min manat rüşvət istəyib. “Arkoz Şirkəti” bu rüşvəti ödəmək istəmədiyi üçün onun Naxçıvanda apardığı tikintilərin keyfiyyətsizliyi barədə materiallar mediaya sızdırılıb.
Əvvəla, onu deyək ki, bizim Naxçıvana səfərimiz “Arkoz” şirkətinin mediaya sızdırdığı materialların nə dərəcədə düz olub-olmadığını yoxlamaq və fəhlələrin pulunun niyə verilmədiyini araşdırmaq məqsədi daşıyırdı. Yəni, məlumatları kimsə bizə sızdırmamış, sadəcə özləri barədə irəli sürülən ittihamlara aydınlıq gətirmişdi.
İkincisi, Ovqat.com olaraq bizə verilən açıqlamaları səsləndirmiş və qarşı tərəfin də mövqeyinə yer vermişdik. Təbii ki, zaman-zaman müşahidə etdiklərimizi də dilə gətirmiş və şərh etmişdik. Azərbaycan Mətbuat qanunvericiliyinə görə, hər bir jurnalistin şərh vermək hüququ var və biz də bu hüquqdan faydalanmışıq. “Arkoz İnşaat Şirkəti”nin aşağıda təqdim etdiyi təkzibini yayımlamağımız da bizim obyektivliyimizin göstəricisidir.
O ki qaldı İsmayıl Əhmədovun “Arkoz”dan istədiyi “rüşvət” məsələsinə, zənnimizcə, şirkətin redaksiyamıza göndərdiyi təkzib məktubu bu müəmmaya kifayət qədər aydınlıq gətirir. Belə ki, şirkətin rəsmi nümayəndəsi Emir Kaçmazın bildirdiyinə inansaq, İsmayıl Əhmədov bu “rüşvəti” konsaltinq xidməti üçün istəyib və qarşı tərəf isə onun bu xidmətini qəbul etməyib. Amma burada bir başqa sual ortaya çıxır: əgər konsaltinq xidməti üçün “Arkoz”dan istənilən pul rüşvət idisə, onda niyə həmin şirkət zaman-zaman “Tikilməkdə olan Layihələrin İdarəedilməsi” MMC ilə bənzər müqavilələr bağlayırdı? Belə müqavilələrdən birinin surəti əlimizdədir. Müqavilə cəmi 5 ay bundan əvvəl (24.07.2023) “Arkoz” şirkətinin direktoru Volkan Ozerlə “Tikilməkdə olan Layihələrin İdarəedilməsi” MMC-nin rəhbəri İsmayıl Əhmədov arasında bağlanıb.
Təkzib məktubunda irəli sürülən digər iddialara cavab vermək isə bizim boyumuzu aşar və ümid edirik ki, Azərbaycan hüquq-mühafizə orqanları bu suallara aydınlıq gətirməlidir.
Ovqat.com-un Baş redaktoru Heydər Oğuz.
“Arkoz İnşaat Şirkəti”nin təkzib məktubu (olduğu kimi)
Hörmətli Heydər Oğuz,
17 dekabr 2023-cü ildə Facebook hesabınızdan yenə "Arkoz Inşaat Şirkəti" MMC-nin (bundan sonra "Arkoz") adını hallandıraraq "Ordubad Rayon Tivi Su Elektrik Stansiyası" ilə bağlı yenidən məqsədli və həqiqəti əks etdirməyən məlumatlar tirajlamağınızı təəssüf hissi ilə qarşıladığımızı bildirir və sizi bir daha jurnalistika fəaliyyətinin primitiv etik prinsipilərinə riayət etməyə dəvət edirik.
Biz təbii ki, düyməyə basılmış kimi bir anda başlanan "Arkoz"un fəaliyyətini saf-çürük etmək "həvəsi"ni başa düşür və bunun, "Arkoz"un "Tikilməkdə olan Layihələrin İdarəedilməsi" MMC-nin qanunsuz tələblərinə əməl etməməyimizlə bağlı olduğunu bilirik. Sizin hər vəchlə sözügedən MMC-ni müdafiə etməyiniz, bu şirkəti əvvəlcə publik hüquqi şəxslərlə müqayisə etməyiniz, bu alınmayanda isə "big four" audit şirkətləriylə müqayisəyə başlamağınız konteksti qəsdən təhrif etmək cəhdidir. Çox yox, cəmi 6 ay öncə təsis edilmiş bir şirkətin hansı bilik və təcrübəylə, başqa sözlə, hansı "nou-hau"yla tikintilərə texniki nəzarət etdiyini qoyaq bir kənara, sizin təkidlə ictimaiyyətdən gizlədiyiniz məsələ bu MMC-nin sifarişçilərlərlə yox, məhz icraçılarla müqavilə bağlamaq tələbidir. Təbii ki, müqavilə azadlığı çərçivəsində sifarişçilər istədiyi şirkətlə müqavilə bağlayıb icraçıların işini yoxlamağı ona həvalə edə bilər. Ancaq nəzərinizə çatdıraq ki, Sizin hal-hazırda taleyi barədə "narahat" olduğunuz "Tivi-SES" layihəsinə nəzarət etməyi müqabilində "Tikilməkdə olan Layihələrin İdarəedilməsi" MMC-nin rəhbəri İsmayıl Əhmədov Sifarişçi ilə yox, məhz bizimlə 700 min manatlıq müqavilə bağlamağı tələb etmişdir. Nə hikmətdirsə, biz müqaviləni bağlamaqdan imtina etdikdən sonra "jurnalistlər" həmin layihədə "qüsur" arayışına çıxmışdır.
Ancaq bütün bunlara baxmayaraq, faktları təhrif etməyinizin, ictimaiyyəti yanlış informasiyalarla manipulasiya etməyinizin qarşısını almaq üçün aşağıdakı məqamları nəzərinizə çatdırmağı məqsədəmüvafiq hesab edirik.
Hər şeydən əvvəl onu vurğulayaq ki, sərlövhəyə çıxardığınız "56 milyon pul ayırılıb" ifadəsi tamamilə yanlışdır. Belə ki, qeyd etdiyiniz məbləğ 2020-ci ildə bağlanmış "Tivi SES" tikintisinin ümumi müqavilə dəyəridir. Müqavilə müddətinin başa çatması 2023-cü ilin sonu olaraq nəzərdə tutulsa da, bu müqavilə üzrə "Sifarişçi" tərəfindən cəmi 17 milyon vəsait ödənilib və vəsaitin də son qəpiyinə qədər hara və necə xərcləndiyi müvafiq sənədlərlə "Sifarişçi"yə təqdim edilib.
Bundan başqa, "Tivi SES" tikintisi ilə bağlı sənədlərin olmaması ilə bağlı ittihama gəldikdə isə, bu da tamamilə tikinti qanunvericiliyini və müqavilə üzrə tərəflərin öhdəliklərini bilməməkdən, ya da bilindiyi halda, faktları təhrif edərək "palçıq at, izi qalsın" məntiqiylə manipulasiya ilə məşğul olmaqdan qaynaqlanır. Belə ki, "Sifarişçi" ilə bağlanmış müqavilənin 3.2.2-ci maddəsinə əsasən tikintiylə bağlı müvafiq icazələrin alınması, sənədlərin hazırlanması biz - "Arkoz"un yox, məhz "Sifarişçi"nin öhdəliyindədir. Müqavilə üzrə bizim öhdəliyimizdə olan sənədlər isə "Sifarişçi"yə təqdim edilmişdir.
Layihədə istifadə olunan betonun keyfiyyətinə gəldikdə isə, nəzərə alın ki, istifadə olunan bütün beton və beton məmulatları Azərbaycan Respublikasında qüvvədə olan standartlara cavab verdiyi müvafiq laborotoriya testləri ilə təsdiq edilmişdir. Həmin test nəticələri də "Sifarişçi"yə təqdilm edilmişdir. Layihənin komponenti olan kanallarda hər 12-15 metrdən bir çat olması iddiası isə təkzibin belə lüzumsuz olduğu tragikomediyadır. Sizə verilən məlumatlara görə çat olaraq gördüyünüz şey əslində deformasiya, yaxud temperatur tikişləridir. Təbii ki, bunu da başa düşürük! Tikinti sahəsində heç bir təcrübəsi olmayan, cəmi 6 aydır təsis edilmiş bir şirkətin temperatur tikişini çat olaraq görməyindən daha təbii nə ola bilər?!
Haşıyə
Arkoz şirkətinin rəsmisinin iddiasında görə, şəkildə gördüyünüz bu mənzərə çat yox, “temperatur tikişi”dir. Yəni iki beton plitəsi arasına qoyulmuş rezindir ki, yayda temperatura uyğun şəkildə genəlib, qışda isə daralır. Mühəndis olmadığımızdan bu mişar dişli yarığın nə olduğuna biz qərar verə bilmərik. Mütəxəssislər qərar vermək istəyirlərsə, aşağıdakı linki tıklayıb “Arkoz”un “tempuratur tikişi”ni daha ayrıntılı şəkildə görə bilərlər.
https://www.facebook.com/heyder.oguz/videos/1371926900408534?locale=ru_RU
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.7-ci, 14.1.9-cu və 14.1.11- ci maddələrinə əsasən dərc olunan və (və ya) yayımlanan informasiya (faktlar və hadisələr) qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə, şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir. Həmin Qanunun 18.1-ci maddəsinə görə Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrifolunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Yuxanda qeyd edilənləri və "Media haqqında" Azərbaycan Respublikası Qanununun 19.10-cu maddəsini rəhbər tutaraq xahiş edirik ki, bu Təkzibi onlayn media resursunuzda yayımlayasınız.
"Arkoz Inşaat Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi
Emir Kaçmaz
Paylaş: