Xəbər lenti


Xəbər verdiyimiz kimi, bu ilin 19 aprel tarixində Naxçıvan MR Kənd Təsərrüfatı naziri əvəzi Xəyalə Dadaşova rəhbərlik etdiyi qurumun ona hüquq dərsi verməyə cəhd göstərən hüquqşünası Gülşən Hacıyevanı bu cəarətinə görə cəzalandıraraq işdən azad etmişdi. İndi isə məlum olur ki, nazir əvəzinin həmin vaxt işdən çıxardığı təkcə Gülşən xanım olmayıb. Onunla bərabər nazirliyin aparat rəhbəri Zəkəriyyə Gözəlov və daha 5 nəfər bir əmrlə işdən uzaqlaşdırıb.

 

Ovqat.com-un əldə etdiyi əmrin sürəti də bu faktı təsdiqləyir.

 






Bəs, bu 7 nəfərin birdən cəzalandırılmasının səbəbi nə olsa yaxşıdır? 

 

Səbəb çox sadədir: Vasif Talıbovun zamanında yuxarıdan gələn əmrlə Naxçıvan MR KTN-nə işə götürülən 5 nəfər sən demə dövlət qulluğu imtahanından keçməyibmiş. Məhz buna görə də onların işə götürülmə ərizəsinin altında imzası olan aparat rəhbəri və hüquqşünasın işdən uzaqlaşdırılmasına qərar verilib. Təbii ki, necə deyərlər, gözlərinə həmin səbəbkar 5 nəfər də qatılıb və hamısı birdən Xəyalə xanımın “ətçəkən maşın”ının boğazından keçirilib. 

 

Məsələ bununla tamamlansaydı, nə vardı ki? Sonradan məlum olub ki, işə qaytarılmaq uğrunda hüquq mübarizəsi verən rəhbər şəxslər, yəni Gülşən xanımla Zəkəriyyə müəllim 7 ay Naxçıvan MR İnzibati Məhkəməsində süründürüldüyü halda, onların işdən çıxarılmasının baiskarı sayılan həmin 5 nəfər, hansı ki, dövlət qulluğu imtahanından keçməmişdilər, yenidən öz işlərinə bərpa olunublar.

 


Şəkillərdə: Naxçıvan "aqrar repressiyası"nın qurbanları: Zəkəriyyə Gözəlov və Gülşən Hacıyeva  

Adama deyərlər, ay Xəyalə xanım, əgər o 5 nəfərin işlə təmin olunması qanunsuz idisə, onda özünüz niyə yenidən həmin səhvə yol veribsiniz? Yox əgər qanuni idisə, niyə onları işə götürənləri cəzalandırırdınız? Olmaya, Naxçıvan hələ də özlərini “Bağdaddakı kor xəlifə” sayan “xanlıq” dövrünün məşhur “biz ki deyilik rəiyyət, bizlərə nə şəriət” fəlsəfəsi ilə idarə olunur?

 

Naxçıvanda hələ də hüquqi dövlət anlayışı tam oturuşmadığından Gülşən xanım və Zəkəriyyə müəllimin bu haqlı sualına cavab verən tapılmır.

 




Ana səhifəyə qayıt        Baxış: 7 445          Tarix: 3-02-2024, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma