Redaksiyamızın “Şərq qapısı” qəzetinin illegal fəaliyyəti ilə bağlı sorğusuna Naxçıvan MR Ali Məclisindən cavab gəlib.
Ovqat.com-un məlumatına görə, cavab məktubunda qəzetin fəaliyyətinin həqiqətən də mövcud qanunvericiliyə uyğun olmaması barədə iddiamız təkzib edilmir, nəşrin fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması istiqamətində işlər aparıldığı bildirilir: “Yaxın vaxtlarda qanunvericiliyə müvafiq dəyişikliklər edilməklə məsələ həll olunacaqdır”.
Ali Məclisin cavab məktubunu təqdim edirik:
Sizin 2024-cü il 12 fevral tarixli elektron müraciətinizlə əlaqədar bildirilir ki, “Şərq qapısı” qəzeti 1921-ci ildən fəaliyyət göstərir. Qəzet muxtar respublikada yeganə rəsmi qəzetdir. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi dərc edilməsi, həmçinin mövcud qanunvericiliklə dərc edilməsi məcburi olan digər hüquqi sənədlər və məlumatlar “Şərq qapısı” qəzeti vasitəsilə həyata keçirilir.
Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddələrinin tələblərinə əsasən yalnız dərc edilmiş normativ hüquqi aktların icrası hər kəs üçün məcburidir. Qəzetin fəaliyyətini dayandırması həmin aktların dərcində problem yarada, nəticədə dövlət idarəçiliyində problemlərə səbəb ola bilər.
Bildiririk ki, “Media” haqqında qanunun tələblərinə uyğun olaraq muxtar respublikadakı digər dövlət qəzetləri ləğv edilmişdir. “Şərq qapısı” qəzetinin fəaliyyətinin “Media” haqqında Azərbaycan Respublikası Qanununa və ya Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı işlərə isə çoxdan başlanılıb. Yaxın vaxtlarda qanunvericiliyə müvafiq dəyişikliklər edilməklə məsələ həll olunacaqdır.
Paylaş: