Keçmiş Ağdərə rayonunda Qozlukörpü adlı bir kənd var. Azərbaycan 19-cu əsrdə Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra Osmanlı və Qacariyə ərazisindən köçürülən ermənilərin yerləşdirildiyi çoxsaylı yaşayış məntəqələrindən biri də bu kənd idi. Kəndin adı hələ sovet illərində dəyişdirilib Getavan qoyulmuşdu.
I Qarabağ döyüşlərində bölgəni və ətraf rayonları işğal edən və sözün bütün mənalarında vandalizm və soyqırım törədən erməni separatçıları bu kənddə öz vəhşiliklərinin şərəfinə bir abidə ucaltmışdılar. 2016-cı il sentyabrın 7-də qoyulan bu abidə “Getavan azadlıq döyüşçüləri” adlanırmış.
Sözsüz ki, istənilən dövlət öz ərazisində salınan, heç bir tarixi və mədəni dəyəri olmayan, vandalizmi təbliğ edən “abidə”ləri harda görsə sökər. Xüsusilə də həmin abidə işğal əsgərlərinin xatirəsinə ucaldılıbsa. Heç uzağa getməyək, bu gün demokratiyanın beşiyi saydığımız Avropada belə, II Dünya müharibəsi zamanı qoca qitəni alman faşizmindən xilas edən sovet əsgərlərinin xatirəsinə ucaldılmış bütün abidələri yerlə yeksan edirlər. Üstəlik, bunu eninə-uzununa təbliğ etməkdən belə çəkinmirlər.
Şəkildə: "Ayk"ın "mədəni irs" dediyi abidəni sökülməmişdən əvvəlki vəziyyəti, yəni orijinal halı
Azərbaycan da eyni məntiqlə, Qozlukörpüyə artıq ət kimi yamanmış həmin abidəni söküb və bu məsələdə hətta avropalılarından belə daha haqlıdır. Ən azı ona görə ki, sovet qoşunları II Dünya müharibəsi zamanı həqiqətən də alman faşistlərini Şərqi Avropadan təmizləmiş və dolayısıyla o torpaqları işğaldan azad etmişdi. O başqa məsələdir ki, sonradan özləri eyni işğal siyasətini həyata keçirmişdilər. Ermənilərin “Getavan azadlıq döyüşçüləri” adlandırıb və xatirəsinə abidə ucaltdıqları daşnaklar isə Qarabağda və ətraf rayonlarda əsl soyqırım törədiblər. Deməli, onların xatirəsi nəinki uca tutulmalı, əksinə, tarix boyu lənətlənməlidir. Erməni şüvənləri isə Azərbaycanın bu haqlı addımını tarixi abidələrə və mədəni irsə təcavüz kimi təqdim etməyə çalışırlar.
Ovqat.com-un məlumatına görə, özünü Azərbaycanşünas alim və “Hayk mədəniyyət ombudsmanı” adlandıran Hayk Avanesov öz Facebook səhifəsində bu “abidənin sökülməsi barədə yazır:
“Bu dəfə Azərbaycanın mədəni soyqırım obyekti Martakert rayonunun Getavan kəndində Artsax Azadlıq müharibəsində həlak olmuş Getavan azadlıq döyüşçülərinin xatirəsinə həsr olunmuş memorial kompleksi olub. Abidələrin açılışı 2016-cı il sentyabrın 7-də baş tutub.
Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və ya repressiya hərəkətləri qadağandır. 1954-cü il Birinci Haaqa Protokolu işğal olunmuş ərazilərdə mədəni və mənəvi sərvətlərin məhv edilməsini qadağan edir”.
Sual olunur: separatizmi və işğalı tərənnüm edən və cəmi 8 il əvvəl salınmış bu “abidə” hansı mədəni irsi və tarixiliyi əks etdirirdi?
Bu erməni şüvənliyi bir daha sübut edir ki, beyni türk düşmənçiliyi ilə zəhərlənmiş bədnam qonşularımız “mədəni irs” deyərkən vandalizmi və onun tərənnümünü nəzərdə tuturlar. Bir də utanmadan bizimlə sülh danışıqlarına hazır olduqlarını bildirirlər.
Paylaş: