Xəbər lenti

 

Naxçıvanda korrupsiyanın yeni forması kəşf olunub – “mirfırıldaq” növü. 

 

Niyə məhz “mirfırıldaq”? 

 

Çünki bir vaxtlar Vasif Talıbovun ən çox korrupsiya ilə məşğul olan, camaata fırıldaq gələn məmurlarının familiyası Seyidov idi, adlarının da başına “mir” əlavə olunurdu. Məsələn, keçmiş İqtisadiyyat naziri Famil Seyidov, Ali Məclis sədrinin müavini Mirhəşim Seyidov, Naxçıvan şəhər meri Mirsənani Seyidov və s. kimi.

 

Vasif Talıbov istefaya gedəndən sonra Naxçıvan əhalisi xeyli sevinmişdi ki, nəhayət bu seyid korrupsionerlərdən “mir fırıldağından” canımız qurtardı. Amma necə deyərlər, sən saydığını say, gör, “canişin” nə sayır? Məsələ burasındadır ki, “canişin” əfəndi də öz sələfinin bir çox siyasətini eynilə yerinə yetirməkdə pərgarlığını dəfələrlə nümayiş etdirib. “Mir korrupsionerlər” və “mir fırıldaq”lar sahəsində də ondan geri qalmır.

 

Hər halda Naxçıvan Dövlət Filarmoniyası işçilərinin redaksiyamıza göndərdiyi məktubdan belə anlaşılır. Musiqiçilərin iddiasına görə, onlara 8 aydır Naxçıvan MR Mədəniyyət naziri əvəzi Həsən Seyidov fırıldaq gəlir. 

 

Necə? Gəlin, “canişin”sayağı “mir fırıldaq” hekayəsini şikayətçilərin öz dilindən dinləyək.

 

“8 ay ərzində 5 konsertimiz olub, hər konsertdə adımıza yazılan qonorarları Naxçıvan MR Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri mənimsəyirlər”.

 

Ovqat.com-a bu barədə redaksiyamıza məktub göndərən Naxçıvan Dövlət Konservatoriyasının işçiləri bildiriblər.

 

Şikayətçilərin bildirdiyinə görə, nazirlik onları Novruz bayramında da rahat buraxmayıb. Açıq havada 5 gün konsert verdiriblər. Konsertlərdən əvvəl musiqiçilərə yaxşı qonorar vəd edən Naxçıvan MR Mədəniyyət Nazirliyinin rəhbərliyi indi öz sözünü yerinə yetirmir: 

 

“Novruz bayramında istirahətimizə haram qatıb çağırdılar açıq havada 5 gun konsert verməyə. Adımıza yazılan qonorarı isə vermədilər”.

 

Musiqiçilər üzləşdikləri problemlə bağlı “Gündəlik Naxçıvan” adlı sosial media orqanına müraciət ediblər. Şikayətləri dərc olunan kimi Naxçıvan MR Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vəli Səfərov onlarla görüşə gəlib: “Vəli müəllim camaatı başına yığıb nağıl danışdı, sonra çıxıb getdi. Amma hələ də qonorarımızı vermək istəmirlər”.

 

Şikayətçilər onların pulunun nazirlik rəsmiləri tərəfindən mənimsəndiyinə inanırlar. Dediklərinə görə, ötən il də eyni problemlə qarşılaşmışdılar. Mətbuat vasitəsilə dərdlərini ictimailəşdirəndən sonra köhnə müdirləri işdən çıxarılıb və mənimsənilən qonorarlar verilib. İndi isə “köhnə hamam, köhnə tas” moduna keçən nazirlik rəsmiləri musiqiçilərin halal haqlarını özləri “mənimsəyirlər”: 

 

“Köhnə müdirimizi işdən çıxardıqdan sonra yenisini verdilər. Yaxşı adamdır, işçilərin tərəfini tutur Amma yazığın biridir, Ona işləməyə imkan vermirlər. İndi qonorarlarımız birbaşa nazirlikdə mənimsənilir. Bu işə nazir əvəzi Həsən Seyidov rəhbərlik edir. Dəfələrlə şikayət etmişik, baxan yoxdur. Kimdən kimə şikayət edəsən? Axı, pulumuzu mənimsəyən özləridir. Bizi az qala hər ay konsert proqramlarına çıxmağa məcbur edirlər. Bir qəpik də vermirlər. Hər dəfə bizə 10 minlərlə manat pul atırlar”.




Ana səhifəyə qayıt        Baxış: 7 091          Tarix: 17-04-2024, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma