NATO ölkələri bir illik müzakirələrdən sonra F-16-ları Ukraynaya göndərməyə başlayıb.
Ovqat.com-un məlumatına görə, ilk F-16-ları Ukraynaya göndərən Hollandiya və Danimarkadan sonra digər NATO ölkələrinin də eyni addımı atacağı gözlənilir.
Vaşinqtonda NATO liderlərinin sammiti davam edərkən Alyansa üzv olan 3 ölkə birgə bəyanatla çıxış edərək F-16 qırıcılarının Ukraynaya daşınmasına başlanıldığını açıqlayıblar. İlk açıqlama ABŞ, Hollandiya və Danimarkadan gəlib. Üç müttəfiqin ortaq açıqlamasında bildirilir ki, "F-16-lar üçün transfer prosesi davam edir və Ukrayna bu yay fəslində öz səmasında F-16-ları uçuracaq". Açıqlamada həmçinin təyyarələrin artıq Ukraynaya göndərildiyi qeyd edilir.
Bundan əlavə, Hollandiya hökuməti Ukraynaya 300 milyon avro dəyərində F-16 sursatı göndərəcək.
Belçika və Norveç də Ukraynaya F-16-lar göndərəcək ölkələr sırasına daxil olacaq.
Belçikanın baş naziri Aleksandr De Croo dünən Vaşinqtonda keçirilən NATO sammitində ölkəsinin Ukraynaya 30 reaktiv təyyarə göndərəcəyini bildirib. Belçika bu vədinə əməl edərsə, Ukraynaya ən çox F-16 göndərən ölkə kimi tarixə düşəcək.
Norveçin baş naziri Jonas Gahr Storenin dünən verdiyi mətbuat açıqlamasına görə, ölkəsi bu il Ukraynaya 6 ədəd F-16 döyüş təyyarəsi göndərməyi planlaşdırır. "Ukraynanın özünü hava hücumlarından müdafiə edə bilməsi Rusiyaya qarşı müharibəsində həyati əhəmiyyət kəsb edir" deyən Store əlavə edib: "Norveç indi Ukraynaya altı F-16 döyüş təyyarəsi bağışlamağa qərar verdi. Təyyarələri 2024-cü ildə təhvil verməyə başlamağı planlaşdırırıq".
Ukrayna prezidenti Vladimir Zelenski NATO sammiti başlayan gün Ronald Reyqan Fondunda keçirilən tədbirdə çıxış edərək, Moskvanın gündə havaya 300 təyyarə qaldıra bildiyini, Ukraynanın da özünü hava hücumundan qorumaq üçün ən azı 128 döyüş təyyarəsinə ehtiyacı olduğunu bildirmişdi. Ukraynanın döyüş təyyarələrini aylardır gözlədiyinə toxunan Zelenski bu intizarı maraqlı bir hadisə ilə müqayisə etmişdi: "Bilirsiniz, biz həmişə F-16-ların Ukraynaya gələcəyini gözləmişik. Necə ki, uşaq vaxtı anam dərsdən sonra məni gözləyirdi. Mən də hər zaman gec gəlmək üçün səbəb tapardim. Hazırda Ukraynada vəziyyət eyni olmaqla yanaşı daha ciddidir”.
Paylaş: