Xəbər lenti

 
Dünyanın ən güclü hərbi-siyasi bloku olan NATO-nu potensialına görə qlobal nizamın və müasir beynəlxalq təhlükəsizlik sisteminin əsas aktorlarından biri hesab etmək olar. Məhz bu səbəbdən də Alyansın həyata keçirdiyi siyasət, strategiya həm regional, həm də qlobal müstəvidə cərəyan edən proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. 
 
Son zamanlar Ukrayna ətrafında yaranan və artıq Rusiya-Ukrayna müharibəsinə çevrilən böhranın meydana gəlməsində Alyansın Şərqə doğru genişlənmək siyasətinə qarşı Moskvanın sərt mövqeyi əsas rollardan birini oynamışdır. Alyansın genişlənmə siyasətinin siyasi-hüquqi əsasları haqqında onu qeyd etmək olar ki, Şimali Atlantika Müqaviləsinin (04 aprel 1949, Vaşinqton) 10-cu maddəsi təşkilata daxil olmaq üçün zəruri olan kriteriyaları aydın müəyyənləşdirir: coğrafi olaraq Avropada yerləşmək, Alyansın ortaq dəyərlərini, prinsiplərini bölüşmək, Avro-Atlantik məkanda təhlükəsizliyə töhfə vermək istəyi və qabiliyyəti olmaq. Həmçinin, soyuq müharibə başa çatdıqdan sonra NATO-nun 1995-ci ildə genişlənmə ilə bağlı yaydığı Tədqiqatda Alyansa üzvlüyün əsas şərtləri belə sıralanırdı: bazar iqtisadiyyatına əsaslanan demokratik siyasi sistemə malik olmaq, NATO əməliyyatlarına töhfə vermək istəyi və bacarığı, münaqişələrin sülh yolu ilə həllinə sadiqlik, azlıqlara ədalətli münasibət, orduya mülki nəzarət prinsipinə sadiqlik. Beləliklə, təməlində qeyd olunan prinsiplərin dayandığı Alyansın strateji baxışına əsaslanan genişlənmə siyasəti son 23 ildə davamlı olaraq həyata keçirilir.
 
Ümumiyyətlə, NATO-nun genişlənmə siyasəti yeni olmamaqla yanaşı, təşkilatın təsir dairəsini və gücünü artırmaq strategiyası kimi dəyərləndirilir. Kollektiv Qərbin təhlükəsizlik “çətiri” olan Alyans bu günə kimi səkkiz genişlənmə mərhələsindən keçib. İlk olaraq, 1952 – ci ildə Türkiyə və Yunanıstan, 1955 – ci ildə AFR (Qərbi Almaniya), 1982 – ci ildə İspaniya, 1999 – cu ildə Polşa, Macarıstan, Çexiya, 2004 – cü ildə Bolqarıstan, Rumınya, Sloveniya, Slovakiya, Litva, Latviya, Estoniya, 2009 – cu ildə Albaniya, Xorvatiya, 2016 – cı ildə Monteneqro, 2020 – ci ildə Şimali Makedoniya Respublikası təşkilata daxil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ən böyük genişlənmə mərhələsi 7 dövlətin təşkilata daxil olması ilə 2004 – cü ildə baş vermişdir. 


 
NATO-nun Şərqə doğru genişlənməsinin nəticəsi olaraq hal-hazırda təşkilat Avropa kontinentinin böyük hissəsini əhatə edir. Üç Avropa ölkəsi - Bosniya-Herseqovina, Ukrayna, Gürcüstan Alyansa üzv olmaq istəyini xarici siyasətlərinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Qeyd edək ki, bu ölkələrdən Bosniya-Herseqovinaya hətta 2010-cu ildən Üzvlük Fəaliyyət Planı (MAP) da təqdim olunub. Fikrimcə, Alyansın Şərqə doğru genişlənməsini bir geosiyasi hadisə olaraq aydın dərk etmək üçün bütövlükdə, təşkilatın son otuz illik tarixinə, xüsusilə də 1990-cı illərin əvvəllərində yeni dünya düzəninin formalaşdığı dövrə nəzər salmaq faydalı olardı.
 
Post-soyuq müharibə dövrünün yeni reallıqları və NATO
 
SSRİ-nin çöküşü və soyuq müharibənin başa çatması ilə yeni dünya nizamının formalaşması ötən əsrin 90-cı illərinin əvvəllərində NATO ətrafında tamamilə fərqli strateji vəziyyət yaratdı. NATO-nun yaradılmasının və mövcudluğunun əsas səbəblərindən biri olan Sovet təhdidinin aradan qalxması Alyansın gələcəyi ilə bağlı ciddi sualları ortaya çıxartdı. Xüsusilə, həmin dövrdə Qərbin siyasi-elmi dairələrində təşkilatın mövcudluğu və fəaliyyəti ilə bağlı iki fərqli tezisin, fikrin qızğın müzakirəsi gedirdi. Bu tezislərdən biri Sovet təhlükəsinin aradan qalxması ilə Alyansın buraxılmasının zəruriliyinə əsaslanırdı. NATO-nun əsas işinin Sovet təhlükəsini önləmək olduğunu bildirən bəzi amerikan tədqiqatçılar yeni dövrdə alyansın hətta fəaliyyətini dayandıracağını gözlədiklərini də bildirirdilər.
 
NATO-nun mövcudluğunu davam etdirməsini və yeni vəziyyətə transformasiya olunmasının zəruriliyi fikrini müdafiə edənlər isə Alyansın var olma səbəblərinin kifayət qədər geniş olduğunu bəyan edirdilər. Onların fikrincə, Alyansın fəaliyyətini davam etdirməsini və daha da gücləndirməsini şərtləndirən əsas amillər bunlar idi: Avro – Atlantik məkanda sülhü, firəvanlığı, demokratik dəyərlərin təntənəsini, təhlükəsizliyi, siyasi-hərbi inteqrasiyanı təmin edən NATO – nun alternativinin olmaması, nəhəng nüvə, silah arsenalına, böyük orduya malik Rusiyanın Qərbə qarşı yenidən revanş götürərək təhdid yaratmaq ehtimalının mövcudluğu, bəzi Mərkəzi və Şərqi Avropa ölkələrində kəskin siyasi, iqtisadi – sosial problemlərin olması, etno – siyasi, dini, ərazi münaqişələrinin Alyans sərhədləri yaxınlığında sayının artması, beynəlxalq terrorizmin, kütləvi qırğın silahlarının yayılmasının yeni təhdidlər yaratması, Yaxın Şərq və Aralıq dənizi hövzələrində, eyni zamanda post-sovet məkanında qeyri-stabil vəziyyətin davam etməsi və s. Onu da qeyd etmək lazımdır ki, Alyansı qorumaq və daha da gücləndirmək fikri Qərbin hakim siyasi-hərbi dairələrində geniş yayılmışdır və onların bu mövqeyi təşkilatın yeni dünya düzəninə uyğunlaşmasında əsas rol oynadı.


 
1990-cı illərin əvvəllərindən NATO-nu və onun aparıcı dövlətlərini məşğul edən əsas məsələlərdən biri də Alyansın Mərkəzi və Şərqi Avropaya doğru genişlənməsinə nail olmaq idi. Alyans üzrə müttəfiqlər təşkilatın Şərqə doğru genişlənməsini Avropada sülhü, stabilliyi, demokratiyanı təmin etməyin əsas vasitəsi kimi qəbul edirdilər. Eyni zamanda Alyansı Şərqə doğru genişləndirməklə NATO – nun aparıcı dövlətləri, xüsusilə də yeganə fövqəldövlət statusu alan ABŞ Sovet İttifaqının və sosialist düşərgəsinin dağılması nəticəsində Mərkəzi və Şərqi Avropada meydana gələn geosiyasi boşluqda öz nüfuz dairəsini yaratmağa çalışırdı. 
 
Ümumiyyətlə, NATO – nun Şərqə doğru genişlənməsinə vahid kompleks kimi yanaşmaq doğru olmazdı. Bu aşağıdakı məqamlarla şərtlənir :
 
Geosiyasi yaxınlığına görə bu region (Şərqi Avropa) sözün geniş mənasında Qərbi Avropanın təhlükəsizlik maraqları üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin, bu ölkələrdə də NATO – ya inteqrasiya meylləri çox güclüdür.
 
Mərkəzi və Şərqi Avropa ABŞ üçün Qərbi Avropa ilə münasibətlər yaratmaq və Rusiya siyasətinə təsir etmək amili kimi nəzərdən keçirilir.
 
Bu region Rusiya üçün təkcə sərhədlərinə yaxın olduğuna görə yox, həm də Avropaya çıxış üçün strateji əhəmiyyət daşıyır.


 
1990-cı illərin ortalarında NATO daxilində Alyansın Şərqə doğru genişlənməsi məsələsində müxtəlif mövqelər meydana çıxmışdır. ABŞ genişlənmə prosesində “açıq qapı” prinsipini tətbiq etməyi təklif edirdi. Bu prinsipə görə, ittifaqa daxil olmaq istəyən dövlətlərin NATO standartlarına uyğunluğu əsas götürülməli idi. Vaşinqtonun belə bir mövqeyi Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı iştirakçılarının böyük hissəsinə gələcəkdə Alyansa daxil olmaq imkanı verirdi. 
 
İkinci mövqe ondan ibarət idi ki, NATO-nun genişlənməsi Avropa İttifaqının genişlənməsi ilə paralel getməlidir. Bu çərçivədə NATO üzvlüyünə namizəd ölkələr Avropa İttifaqına üzvlüyünə namizəd ölkələrlə eyni olmalı idi. Eyni zamanda, Rusiya ilə yanaşı Ukraynaya münasibətdə də ikitərəfli əməkdaşlıqda fərqli konsepsiyanın tətbiq olunması təklif edilirdi. 
 
Üçüncü mövqenin tərəfdarları o fikirdə idi ki, NATO məhdud genişlənmə siyasətini həyata keçirməli və üzvlüyə namizəd ölkələr strateji əhəmiyyətinə görə seçilməlidir.  Genişlənmənin ilk mərhələsi üçün Polşa və Çexiya kimi geosiyasi əhəmiyyəti olan ölkələrin ittifaq üzvlüyünə daxil edilməsi təklif edilirdi. 
 
Onu da əlavə edək ki, Alyansın Şərqə doğru genişlənməsi ilə bağlı müxtəlif mövqelər nə təşkilatın sənədlərində, nə də rəsmi müzakirələrində prinsip olaraq ifadə olunmamışdur. Sadəcə olaraq, həmin dövrdə ABŞ da daxil olmaqla digər Alyans üzvü olan dövlətlərin rəsmilərinin, elmi-siyasi dairə təmsilçilərinin genişlənmə ilə bağlı mövqelərinə nəzər saldıqda belə ümumiləşmiş qənaətə gəlmək olar.


 
NATO-nun 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində genişlənmə siyasətinin uğurlu alınmasında digər faktorlarla yanaşı Mərkəzi və Şərqi Avropa ölkələrinin ittifaqa daxil olmaqla bağlı böyük istəkləri də ciddi rol oynamışdır. Region ölkələrini NATO-ya yaxınlaşdıran əsas məqam ənənəvi Rusiya amili ilə bağlı idi. Bu dövlətlər NATO-nu Rusiya qarşı “qoruyucu qalxan” kimi görürdülər və görməkdə də davam edirlər. Mərkəzi və Şərqi Avropa ölkələrinin bu mövqeyi və istəyini realistlərin “qüvvələr balansı” nəzəriyyəsinə uyğun hesab etmək olar. Həmin nəzəriyyə zəif dövlətlərin təhlükəyə qarşı güclü dövlətlərin yanında yer almasının məntiqiliyinə əsaslanır. Yaxud da S.Voltun “təhdid balansı” nəzəriyyəsində qeyd etdiyi “dövlətlər ən az təhdid hiss etdikləri dövlətlərlə ya da ittifaqlarla bir yerdə olmağa üstünlük verərlər” yanaşması da region dövlətlərinin mövqeyini anlamağa imkan verir.
 
Alyansın Şərqə doğru genişləndirilməsi Rusiya ilə münasibətlər kontekstində
 
SSRİ-nin süqutundan sonra formalaşan NATO-Rusiya münasibətlərini mahiyyətinə görə kifayət qədər ziddiyyətli hesab etmək olar. Son otuz ildə ikitərəfli münasibətlərdə yaxınlaşma və qarşıdurma meylləri dəyişən şəraitə uyğun olaraq bir-birini əvəz etmişdir. Ümumiyyətlə, 1990-cı illərin əvvəlləri və ortalarında Qərb-Rusiya əlaqələrinə təsir edən əsas məqamlar bunlar olmuşdur: NATO – nun Şərqə doğru genişlənməsi, Balkanlardakı münaqişələr və soyuq müharibədən sonra Avropa İttifaqının yenidən təşkilatlanması ilə bağlı fəaliyyəti. Bütün bunlardan başqa coğrafi yaxınlıq, tarixi təcrübələr və mədəni oxşarlıq da ikitərəfli əlaqələrə təsir etmişdir. 


 
Beləliklə, 1991-1993-cü illərin eyforik, nikbin münasibətlərindən sonra Moskvanın Şimali Atlantika bloku ilə bir sıra məsələlərdə ciddi fikir ayrılıqları meydana çıxdı. NATO-Rusiya münasibətlərində əsas ixtilaf yaradan mövzulardan biri şübhəsiz ki, Alyansın Şərqə doğru genişlənmə planının olması idi. 1990-cı illərin ortalarında Moskva NATO-nun Şərqə doğru genişlənməsini özünə qarşı böyük təhlükə kimi gördüyünü davamlı olaraq Qərbin diqqətinə çatdırırdı. Həmin dövrdə, NATO-nun genişlənmə ilə bağlı əsas hədəfi Polşa, Macarıstan və Çexiyanın Alyansa daxil edilməsi idi. Onu da qeyd etmək lazımdır ki, adlarını çəkdiyimiz ölkələrin Alyansa daxil edilməsinin bir qədər yubanmasında Moskvanın narahatlığının və etirazlarının böyük rolu olmuşdur. Eyni zamanda Rusiya da regional siyasətinin uğurlu alınması üçün NATO ilə münasibətlərdə ehtiyatlı mövqe tutaraq Alyansla əməkdaşlığı davam etdirmişdir. Xüsusilə, bu əməkdaşlıq SNT və Şimali Atlantika Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilmişdir.
 
Ümumiyyətlə, ABŞ və Şimali Atlantika Alyansı 1990-cı illərdə həyata keçirdiyi yeni strategiyasında Rusiya amilinə xüsusi həssaslıqla yanaşmışdır. Bu da Rusiyanın Avropanın təhlükəsizliyində tutduğu mühüm yer ilə bağlı idi. Qərb həmin dönəmdə NATO-nun Şərqə doğru genişlənməsi məsələsində Moskvanın narahatlıqlarını və narazılığını azaltmağa çalışırdı. Məhz bu yanaşmanın nəticəsi olaraq 1997-ci ilin mayın 27-də Rusiya və NATO arasında Təsis Sənədi imzalandı. Təsis Sənədinin başlıca məqsədi Rusiyanı Qərbə yaxınlaşdırmaqdan ibarət idiQərb, Rusiyanın Avro-Atlantik təhlükəsizlik mexanizmlərindən tamamilə kənarda saxlanmasınının ciddi fəsadlar doğuracağından ehtiyat edirdi. İmzalanmış Təsis Sənədi ilə NATO və Rusiya arasında Birgə Daimi Məşvərət Şurası yaradıldı. Birgə Daimi Məşvərət Şurası dialoq və əməkdaşlıq prinsipləri əsasında fəaliyyət göstərib Rusiya və NATO arasında əlaqlərin inkişaf etdirilməsinə xidmət etməli idi. Beləliklə, Birgə Daimi Məşvərət Şurasının yaradılması ilə tərəflər arasında münasibətlərin inkişaf etdirilməsi konkret bir qurumun üzərinə qoyulurdu. Onu da əlavə etmək olar ki, qeyd edilən Təsis Sənədində Rusiyanın Alyansa yeni üzvlərin daxil olmasına etirazı əks olunmamaqla yanaşı, NATO – nun da təşkilata yeni daxil olacaq ölkələrdə nüvə və digər strateji hücum silahlarını, hərbi qüvvələrini yerləşdirməyəcəyi ilə bağlı vacib məqamlar da yer almışdı. Yeri gəlmişkən, NATO 2014-cü ilədək, yəni Krımın Rusiya tərəfindən ilhaqına, Ukraynanın şərqində ərazilərin bir qisminin işğalınadək bu öhdəliklərinə əsasən sadiq qalmışdır. Həmçinin, Rusiyanın israrlarına baxmayaraq Təsis Sənədində tərəflərdən birinin digərinin qərarı üzərində veto haqqı da tanınmırdı. Həmin dövrdə, Qərbin bir sıra aparıcı media orqanları imzalanmış Təsis Sənədini NATO və Rusiya arasında soyuq müharibə rəqabətini geridə qoyan razılaşma kimi dəyərləndirirdi. Qeyd edək ki, məhz Rusiya ilə NATO arasında Təsis Sənədi imzalandıqdan sonra ittifaqın 8 iyul 1997-ci ildə Madriddə keçirilən sammitində Polşa, Macarıstan, Çexiya Alyansa üzv qəbul olunmaq üçün dəvət edildilər.


 
NATO-Rusiya münasibətlərinin inkişaf etdirilməsinə təkan verən məqamlardan biri də 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən terror hadisələri olmuşdur. Rusiya, 11 sentyabr terror hücumlarından sonra terrora qarşı ABŞ-nin yanında olduğunu bəyan etdi və Vaşinqtonun yaratdığı anti-terror koalisiyasına daxil oldu. 11 Sentyabr terror hücumlarından sonra tərəflərin münasibətlərində yaranan mülayimləşmənin təsiri ilə 6 dekabr 2001-ci ildə Brüsseldə, NATO-Rusiya Birgə Şurası yaradıldı. Birgə Şuranın yaradılması ilə bərabər NATO və Rusiya qarşılıqlı olaraq bir-birlərinin qərarlarına hörmət göstərmək və müdaxilə etməməklə bağlı öz üzərilərinə öhdəlik götürürdülər. Eyni zamanda NATO-Rusiya əməkdaşlığını ifadə edən 19+1 ( 19 NATO üzvü ölkəsi + Rusiya) formulu inkişaf etdirildi. Birgə Şuranın yaradılmasında əsas məqsədlərdən biri də tərəflərin maraqlarının toqquşduğu məsələlərdə uzlaşmanı təmin etmək idi. 
 
2002-ci ilin mayın 28-də Roma zirvə görüşündə NATO-Rusiya münasibətlərini yenidən quran qərarlar qəbul olunmuşdur. Həmin qərarlardan biri də NATO-Rusiya Şurasının yaradılması ilə bağlı olmuşdur. NATO-Rusiya Şurasının fəaliyyət dairəsinə Avropa məkanında təhlükəsizliyə təsir edən məqamlarla bağlı effektiv dialoq və əməkdaşlıq vasitəsilə ortaq qərarlar qəbul etmək daxil idi. Onu da qeyd etmək lazımdır ki, Moskvanın 2003-cü ildən sonra daha iddialı və müstəqil xarici siyasət həyat keçirməsi münasibətlərdə müəyyən problemlər yaratsa da bütövlükdə Şuranın ikitərəfli əlaqələrin inkişafına mühim təsiri olmuşdur.


 
2000-ci illərin əvvəllərində NATO-Rusiya münasibətlərində müşahidə olunan mülayimləşmə prosesi o qədər də uzun sürmədi və bir müddət sonra münasibətlər yenidən gərginləşməyə başladı. 2006-2009-cu illərdə NATO – Rusiya münasibətlərini kəskinləşdirən əsas faktorları belə sıralamaq olar : NATO-nun genişlənmə siyasətini durmadan Şərqə doğru davam etdirməsi və Ukrayna, Gürcüstan kimi post-sovet ölkələri ilə xüsusi münasibətlər qurmaq istəyi, NATO-nun Şərqi Avropada Raket Əleyhinə Müdafiə Sistemini gündəmə gətirməsi, Moskvanın post-sovet məkanında iddialı siyasətini davam etdirməsi, Rusiya daxilində demokratik institutların zəiflədilməsi və s. Qeyd olunan bu faktorların təsiri ilə 2008-ci ildə Rusiya ilə Avropa, xüsusilə də Ukrayna arasında “qaz böhranı“ və Rusiyanın Gürcüstana (Cənubi Osetiya münaqişəsi zəminində) hərbi müdaxiləsi baş verdi. Xüsusilə, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxiləsindən sonra Alyans Moskva ilə münasibətlərin “dondurulması” ilə bağlı qərar qəbul etmişdir. Bütün bunlara baxmayaraq NATO, xüsusilə aparıcı Avropa dövlətləri (Almaniya, Fransa) geoiqtisadi (enerji) və təhlükəsizlik maraqlarına əsaslanaraq həmin dönəmdə Rusiya ilə münasibətlərin daha da gərginləşməsində maraqlı olmaqdıqlarını nümayiş etdirdilər və Moskva ilə bəzi məsələlərdə kompromisə getməli oldularMəsələn, NATO- nun 2008-ci ildə keçirilən Buxarest zirvə görüşündə Ukrayna və Gürcüstanın Alyansa üzvlüyə hazırlıqla bağlı təşəbbüslərinə müvəqqəti rədd cavabı verilmişdir.
 
NATO-Rusiya münasibətlərində bu gün də davam edən növbəti gərginlik 2014-cü ildə Ukrayna böhranından sonra baş vermişdir. Rusiyanın Ukraynanın Krım bölgəsini ilhaq etməsi, ölkənin şərqində separatizmin geniş vüsət alması NATO-nun sərt reaksiyasına səbəb oldu. 2014-cü il aprelin 1-də Alyansın xarici işlər nazirləri Moskvanı təcavüzkar siyasətdə günahlandıraraq Rusiya ilə hərbi və mülki səviyyədə əməkdaşlığı dayandırdığını bəyan etdi. Həmin ilin sentyabrında NATO-nun Uelsdə keçirilən növbəti sammitində də Rusiya ilə bütün səviyyələrdə əməkdaşlığın dayandırılması ilə bağlı qərar qəbul edildi. 2016-2017-ci illərdə NATO-Rusiya Şurasının iclasları keçirilsə də, ikitərəfli münasibətlərdə müsbətə doğru irəliləyiş əldə olunmamışdır. Bunu da hər iki tərəfin mövqe və maraqlarında fundamental fərqlərin olması ilə əlaqələndirmək olar. Belə ki, son illərdə NATO özünün Şərq və Cənub-Şərq hüdudlarında hərbi qüvvələrinin artırılması, Raket Əleyhinə Müdafiə sistemlərinin quraşdırılması, genişlənmə siyasətinə uyğun olaraq yeni üzvlərin qəbul edilməsi ilə bağlı qərarlar qəbul etmişdir. Eyni zamanda Rusiya da post-sovet məkanında Alyansın maraqları və dəyərləri ilə ziddiyyət təşkil edən ənənəvi-iddialı siyasətini davam etdirməkdədir.



Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Moskva-Brüssel münasibətlərini son dərəcə gərginləşdirməklə yanaşı tərəflər arasında birbaşa hərbi münaqişə risklərini də artırmaqdadır. Baxmayaraq ki, həm NATO, həm də Rusiya cari situasiyada Ukraynadakı hərbi münaqişəni lokallaşdırmağa çalışırlar. Bütövlükdə isə, NATO-Rusiya arasında hərbi qarşıdurma riskini artıran əsas məqamlar kimi tərəflərin geostrategiyasında Ukraynanın həyati əhəmiyyətli yeri, ABŞ-Böyük Britaniya tandeminin Moskva ilə münasbətlərinin xarakteri, kollektiv Qərbin rəsmi Kiyevə artan hərbi, siyasi, iqtisadi dəstəyi, Rusiyaya qarşı ağırlaşan sanksiyalar və ölkənin təcridinin bütün müstəvilərdə daha da dərinləşdirilməsi, münaqişənin Alyans sərhədlərinə coğrafi yaxınlığını qeyd etmək olar.
 
Soyuq müharibə başa çatdıqdan sonra NATO-nun qəbul etdiyi Strateji Konsepsiyalarda Alyansın Şərqə doğru genişlənməsi və Rusiya ilə münasibətlər əsas məqamlardan biri kimi qəbul edilməlidir. Qeyd edək ki, son otuz ildə Alyans üç strateji sənəd qəbul edib: 1991-ci il Roma, 1999-cu il Vaşinqton, 2010-cu il Lissabon Konsepsiyaları. Xüsusilə, Vaşinqton və Lissabon Strateji Konsepsiyalarında genişlənmə ilə yanaşı Rusiya ilə münasibətlərə geniş yer verilib. Həm Vaşinqton, həm də Lissabon strateji sənədlərində Rusiya Alyansa rəqib və yaxud təhdid kimi deyil, əksinə tərəfdaş kimi qiymətləndirilir. Hətta, 2008 – ci ilin avqustunda Rusiyanın Gürcüstanla olan hərbi münaqişəsindən sonra qəbul olunan Lissabon konsepsiyasında Alyansın Moskvaya yanaşması dəyişməmişdir.
 
Ümumiyyətlə, NATO-Rusiya münasibətlərinin son 30 illik tarixinə nəzər saldıqda bu əlaqələrin mahiyyətini ifadə edən bir sıra vacib nüanslar diqqəti cəlb edir. Fikrimizcə, NATO-Rusiya münasibətlərində ziddiyyətlərin fundamental səbəbi Rusiyanın Şərqi Avropanı, post – sovet məkanını özünün ənənəvi nüfuz dairəsi hesab etməsi, Qərbin, onun aparıcı dövləti olan ABŞ-nin isə bu regionlarda Moskvanın “qırmızı xətti”ni qəbul etməməsidir. Bu baxımdan, 1990-cı illərin sonlarından Alyansın Şərqə doğru, Rusiyanın nüfuz dairəsi hesab etdiyi regionlarda genişlənməsi Moskva-Vaşinqton, Moskva-Brüssel münasibətlərinin permanent olaraq gərginləşməsində ciddi rol oynamışdır. Həmçinin, Rusiya rəsmiləri son illərdə dəfələrlə bəyan ediblər ki, ABŞ və NATO SSRİ dağıldıqdan sonra Avropada meydana çıxan bir sıra böhranlarda Moskvanın maraqlarını nəzərə almayıb. Məsələn, 1999-cu ildə Kosova böhranına görə Alyansın Serbiyaya hava zərbələri endirməsi Moskva tərəfindən təhlükəsizliyinə və regional maraqlarına təhdid kimi dəyərləndirilib. Eyni zamanda, rəsmi Moskva uzun illərdir ki, ABŞ-ı 1990-cı ildə Alyansın Şərqə doğru genişlənməyəcəyinə dair verdiyi vədi pozmaqda ittiham edir. Xüsusilə də bu iddia ruslar tərəfindən davamlı olaraq son iki-üç ayda, Ukrayna böhranı ətrafında gündəmə gətirilir. Bu barədə, Rusiya prezidenti Vladimir Putin də rəsmi Vaşinqtonu ittiham etməkdən çəkinməmişdir. Onu da əlavə edək ki, Ağ Ev Rusiyanın bu ittihamını rədd edərək ABŞ-in qeyd olunan tarixdə SSRİ lideri Qorbaçova belə bir vədi vermədiyini bəyan edir. NATO baş katibi Yens Stoltenberq də Rusiya hakimiyyətinin qeyd olunan iddiasına cavab olaraq bildirib ki, təşkilat heç bir zaman Moskva qarşısında Alyansın genişlənməyəcəyinə dair öhdəlik götürməyib. Moskva Şimali Atlantika Müqaviləsi Təşkilatını həm də Rusiya sərhədləri yaxınlığında genişlənməklə təhlükəsizliyin bölünməzliyi prinsipini pozduğunu bildirir. Rəsmi Brüssel isə rusların iddiasına cavabında bildirir ki, Alyans hücum deyil, kollektiv müdafiə təşkilatıdır və bu baxımdan, Rusiyanın narahatlığına ciddi əsas yoxdur. Göründüyü kimi, hazırda Rusiya-NATO münasibətlərini soyuq müharibə dövrünün ən kəskin illəri ilə müqayisə etmək olar.



Beləliklə, otuz il əvvəl SSRİ-nin dağılması, soyuq müharibənin başa çatması ilə yeni geosiyasi reallıqlarla üzləşən Alyans, nəinki buraxılmadı və yaxud fəaliyyəti zəifləmədi, əksinə dəyişən strateji vəziyyətə uğurla transformasiya olmağı bacardı. Post-soyuq müharibə dövrünün ilk illərindən ittifaq Şərqə doğru genişlənmə strategiyasını mərhələli olaraq həyata keçirməklə Avro-Atlantik məkanın əsas təhlükəsizlik strukturuna çevrildi. Son otuz ildə bir sıra çağırışlarla və sınaqlarla üzləşən təşkilatın bütövlüyünün qorunub saxlanmasında genişlənmə siyasəti böyük rol oynamışdır. Kollektiv müdafiə və təhlükəsizlik prinsipinə, ortaq dəyərlərə əsaslanan ittifaqın genişlənmə strategiyasını həm də mövcud və potensial təhdidlərə qarşı adekvat reaksiyası kimi də qəbul etmək olar.
 
NATO – nin Şərqə doğru genişlənməsi prosesinin əsas “ilhamvericisi” olan ABŞ bu siyasətlə həmçinin, Avropada geostrateji və təhlükəsizlik maraqlarını təmin etməyə çalışırBu səbəbdən, Alyansın Rusiyanın tələblərini və münasibətini nəzərə alaraq özünün Şərqə doğru genişlənmə siyasətindən tamamilə imtina etməsi ilk növbədə təşkilatın dominant gücü olan Vaşinqtonun maraqları baxımından yanaşdıqda, mümkünsüz görünür. Ukrayna müharibəsi və bu münaqişənin mümkün nəticələri, təbii ki, Alyansın genişlənmə siyasətinə daha ehtiyatla yanaşmasına təsir edə bilər, ancaq bütövlükdə bu siyasətdən tam imtina qeyd etdiyimiz kimi perspektivdə gözlənilmir. Daha bir vacib məqam onunla bağlıdır ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində xeyli kəskinləşən Moskva-Brüssel münasibətləri, Rusiyanın kollektiv Qərb üçün real hərbi siyasi təhdidlər yaratması Alyans daxilində mərkəzdənqaçma meyllərini aradan qaldırmaqdadır. İttifaqın bütövlüyünün möhkəmlənməsi isə gələcəkdə təşkilatın genişlənməsi üçün əlverişli mühit formalaşdırır.


 
SSRİ-nin süqutundan sonra formalaşan Rusiya-NATO münasibətlərinin ziddiyyətli xarakteri  bu əlaqələri birmənalı dəyərləndirməyə imkan vermir. Rusiya Alyansın Şərqə doğru genişlənmə siyasətinə müqavimət göstərsə də NATO ilə tərəfdaşlıq münasibətlərindən də çəkinməyib. Eyni zamanda Qərb də əsas hərbi-siyasi ittifaqının hüdudlarını genişləndirsə də Rusiya amilini nəzərə almağa çalışıb. 1997-ci ildə imzalanan Rusiya-NATO Təsis Sənədi, Birgə Şuranın yaradılması, Ukrayna və Gürcüstanın ittifaqa daxil edilməməsi və s. faktlar məhz hər iki tərəfin də qarşılıqlı olaraq uzlaşma cəhdlərinin, maraqlarının və gücünün nəzərə alınması kimi dəyərləndirilə bilər. Təəssüf ki, bu gün Ukraynada baş verən faciəvi müharibə həm də uzlaşma siyasətinin hər iki tərəfin, xüsusilə də Rusiyanın geostrateji maraqları fonunda tükəndiyinin təsdiqidir. İstənilən halda, yaxın və orta perspektivdə, NATO-nun Şərqə doğru genişlənmə siyasətində Rusiya amilinin öz əhəmiyyətini qoruyub saxlayacağını əsas ehtimallardan biri kimi qəbul etmək olar.
 
Mətin Məmmədli
Siyasi elmlər üzrə fəlsəfə doktoru
 


Ana səhifəyə qayıt        Baxış: 9 719          Tarix: 18-04-2022, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma