Xəbər lenti

  Son dövrlər Azərbaycan elm ictimaiyyətində ən ciddi müzakirələrdən biri tədqiqatçı Nazir Əhmədlinin “Haqq nahaq seçilər haqq divanında” kitabı üzərində gedir. Tədqiqatçının araşdırmasını süngüylə qarşılayanlar onu təhqir etməkdən də çəkinmirlər. Məlumata görə, Nazir Əhmədli artıq bununla bağlı polisə belə müraciət edib. Bəs, görəsən, bir çoxlarını narahat edən həmin kitabda nə var ki, bu qədər böyük sensasiya yaradıb?

Nazir Əhmədliylə söhbətmiz də məhz bu sual ətrafında oldu. Tədqiqatçının Ovqat.com-a müsahibəsini təqdim edirik:

(əvvəli bu linkdə: http://ovqat.com/manset/6957-nazir-hmdli-aq-lsgrin-qohumlar-el-tufan-qoparrlar-ki-guya-dunya-dalacaq.html)

-Mənə bir məsələ qaranlıq qalır.  Adətən, insan öz babalarının başqaları tərəfindən araşdırılmasından və tarixi həqiqətlərin üzə çıxarılmasından məmnuniyyət duyar. Yaşın böyüklüyü-kiçikliyində nə var ki, bu qədər qıcıq yaratsın? Bəlkə Sizin kitabınızda Aşıq Ələsgərin böyüklüyünə kölgə salacaq hansısa ifadə işlənib?

-Mənə də bu çox qəribə gəlir. Məsələn, mənə qarşı çıxan qaragüruhçuların, bədxahların başında tanınmış politoloq və professor Qabil Hüseynli gəlir. Mən öz araşdırmam barədə facebookda məlumat yayanda onun mənə ilk iradı belə oldu: “Sən Dərələyəzlisən, nə ixtiyarla Göyçəni araşdırırsan?” Cavab verdim ki, hər halda Göyçədən yazanda sizdən icazə almağa borclu deyiləm. Sonra Mürvət Yusifov və başqaları polemikaya qoşuldular. Camaatı əsas təhrik edən də elə Mürvət Yusifovdur. Bu adamların özlərinin ata-babalarının, əcdadlarının kimliyini mən kameral təsvir kirabımda üzə çıxartmışam.

Araşdırmalarımın nəticələrinə görə, Göyçə mahalının o vaxt - 1831-ci ildə 59 kəndi olub. Bu kəndlərin 35-də müsəlmanlar, 24-də isə ermənilər yaşayıb. Mən bu gün mənə olmazın sözlərini deyən həmin göyçəlilərin həm 1831-ci, həm də 1842-ci illərdə yaşayan babalarının siyahısını çıxartmışam. Onlara deyirəm ki, bu cür hücuma keçirsiniz, dediklərimi təkzib etməyə çalışırsınız, bəs, o zaman üzə çıxartdığım həmin babalarınızdan da imtina edirsiniz, yoxsa, yox!

-Maraqlı məqama toxundunuz. Sizin üzə çıxartdığınız bu faktlar faktiki olaraq erməni iddialarına verilə biləcək ən yaxşı cavabdır. Oppenentləriniz buna sevinmək əvəzinə, niyə qıcıqlanırlar? Bunu anlaya bilmirəm.

-Bu məsələdə opponentlərim tamamilə məntiqsiz mövqe tuturlar. Siz dediyiniz kimi, mənə minnətdar olmalıdır ki, bunların soy-kökünü araşdırıb ortaya çıxarmışam, həmin ərazilərin tarixi türk yurdu olduğunu sübuta yetirmişəm. Onlar isə məni erməni arxivinə əsaslanmaqda günahlandırırlar. Əvvəla, kameral təsvirlər erməni arxivi deyil, Sank-Peterburqda saxlanılan rus mənbəyidir. İkincisi isə, bizdə yazılmış bir çox tarix kitablarında erməni alimlərinin təsbitlərinə istinad olunur. Ordan bizə lazım olan məlumatları əldə edirik. Mən də zaman-zaman bəzi erməni mənbələrini araşdırmışam. Məsələn, istinad etdiyim mənbələrdən biri tanınmış erməni tarixçisi Papazyandır. Onun “Matenadaranda farsdilli sənədlər” adlı kitabı var. Həmin kitabda Göyçə vilayətinin adı çəkilir. Erməni müəllifi kitabında etiraf edir ki, Ermənistanın Matenadaran kitabxanasında saxlanılan 1450-ci illərə aid fərmanda haqqında danışdığımız bölgənin adı Göyçə olaraq göstərilir. Bu fakta istinad etməyək ki, erməni mənbəyidir? Axı, söhbət hansısa erməninin cəfəng fikirlərindən yox, Qaraqoyunlu hökmdarının fərmanından gedir. Bir erməni bu sənədi ortaya çıxarıbsa, biz ondan imtina etməliyik? Sabah erməninin biri çıxıb Quran barədə nəsə yazacaqsa, biz dinimizdən dönəcəyik? Bu necə məntiqdir?

Mənimlə polemikaya girən bu adamların heç biri tarixçi deyil və tarixi araşdırmanın nə demək olduğunu, hansı prinsiplərə əsaslandığını bilmir. Əksəriyyətinin heç ali savadı da yoxdur. Ən acınacaqlısı isə budur ki, bir çoxu, guya, haqqında polemikaya girdikləri kitabı oxumayıb; söhbətin nədən getdiyinin fərqində deyillər. Sadəcə olaraq, təhrikçilərin –Mürvət Yusifov kimi adamların əlində mənə qarşı alətə çevriliblər. Amma inanıram ki, bütün bunlar müvəqqəti haldır. Gec-tez bu adamlar mənim gördüyüm işin faydalı olduğunu başa düşəcək və sakitləşəcəklər.

-Mənim diqqətimi çəkən bir məqam var. Sizə qarşı ittiham irəli sürənlər Aşıq Ələsgərin qisasını alacaqları ilə də təhdid ediblər. Eyni münasibəti biz başqa coğrafiyanın adamlarının öz həmvətənləri saydıqları şair və ədiblər barədə fikir söyləyənlərə qarşı münasibətində də görmüşük. Mənim üçün bu da çox qaranlıqdır. Sizcə, Aşıq Ələsgərin “qisasını” (təbii ki, mən bunu dırnaqarasında deyirəm) niyə məhz göyçəlilər, Səməd Vurğununkunu qazaxlılar, Hüseyn Cavidinkini isə naxçıvanlılar almalıdır? Bəyəm, biz ayrı-ayrı respublikalarıq? Sizcə, bu, bizim XXI əsrdə belə millətləşməməyizdən xəbər vermirmi?

-Aşıq Ələsgərin dırnaqarası qisasını almaq istəyənlərdən bəhs edərkən, bir məqama diqqət yetirmək istəyərdim. Aşığın mərhum nəvəsi-oğlu Talıbın oğlu İslam Ələsgərov babasının yaradıcılığından 1972-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdi və uzun müddət (50 ildən artıq dövr ərzində) onun əsərlərinin toplayıb nəşrə hazırlayırdı. Bu sahədə sanki bir inhisarçılıq mövcuddur. O ailədən başqa kiminsə Aşıq Ələsgərdən bəhs etməsini istəmirlər. Hətta onların öz yerlisi, Göyçədən olan Qabil Zimistanoğlu adlı bir nəfər təxminən beş-altı il bundan əvvəl Aşıq Ələsgərin kitabını çap etdirdiyinə görə İslam Ələsgərov onu məhkəməyə vermişdi. Bildiyimə görə, onlar məhkəmədə barışmalı oldular. Yəni bu adamlar hesab edirlər ki, Aşıq Ələsgər bu adamların ailəsinə məxsusdur və heç kəs bu müqəddəs ailə monopoliyasına əl uzada bilməz. Halbuki, İslam Ələsgərovun tərtib etdiyi kitablarda nəinki Aşıq Ələsgərin bioqrafiyası, hətta yaradıcılıq nümunələri – qoşmaları, gəraylıları xeyli təhrif edilib. Onun şeirlərinə, yaradıcılığına yersiz müdaxilələr olub. Əvvəlki nəşrlərlə müqayisə olunanda sonrakı təhriflər açıq-aşkar görülür və ədəbi-nəzəri xətalar aşığın yaradıcılığına kölgə salır. Məsələn, Aşıq Ələsgərin ilk şeirlər kitabı mərhum folklorşunas Hümbət Əlizadə tərəfindən 1935-ci ildə nəşr edilib. 1963-cü ildə isə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən, dəyərli alimimiz Məmmədhüseyn Təhmasibin rəhbərliyi altında Aşıq Ələsgərin şeirlərinin akademik nəşri çapdan çıxıb. Hər iki əsər Aşıq Ələsgərin nəvəsinin tərtibatçısı olduğu kitabdan hər cəhətdən - istər tarixi məlumatların analizi, istərsə də şeirlərin ədəbi-nəzəri keyfiyyəti baxımından daha mükəmməldir.

Mən də qələmə aldığım bu kitabda təhriflərin aradan qaldırılması istiqamətində öz fikirlərimi bildirmişəm. Aşıq Ələsgərin qohumlarının üstümə hücumlarının əsas səbəbinin bu olduğunu düşünürəm. Görünür, mənim fikirlərim və ortaya çıxartdığım faktlar Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərovun ailəsində müəyyən narazılıq yaradıb. Fikrimcə, aşığın yaşıyla bağlı arqumentlər sadəcə bəhanədir. Hücumların əsas səbəbi ədəbi təhrifləri ortaya çıxarmağımdır.

-Başqa sözlə desək, siz kimlərinsə monopoliya cizgilərini tapdalıyıbsınız...

-Təəssüf ki, elədir. Mən bu sənədləri ortaya çıxarıb ictimailəşdirəndə Göyçənin Nərimanlı kəndindən olan Mürvət Yusifov adlı bir nəfər mənə təklif etdi ki, sən əlindəki faktları yaymağa tələsmə. Sənədləri bizə ver, üzərində bərabər işləyək. Mən, təbii ki, onunla razılaşmadım. Çünki “üzərində işləyək” ifadəsilə demək istəyirdi ki, rəqəmləri, dəlilləri yenidən saxtalaşdıraq. Buna isə mənim ilk növbədə tədqiqatçı vicdanım yol verməzdi. Deyək ki, mən də saxtakarlığa getdim. Axı bu sənədlər itib batmır, istənilən tədqiqatçı onu müxtəlif yerlərdən toplayıb üzə çıxara bilər. Məndən sonra gələn tədqiqatçılar mənim saxtakarlığımı üzə çıxarsalar, haqqımda nə fikirləşərlər?

-Çox maraqlıdır. Tariximiz çoxmu təhrif olunub? Yoxsa bütün təhriflər sadəcə Aşıq Ələsgərlə məhdudlaşır?

-Yox, təkcə Aşıq Ələsgər təhrifçilərin “qəzəbi”nə uğramayıb. O dövrdə yaşayan bütün el sənətkarları bu cür təhriflərə məruz qalıblar. Əslində burda qeyri-adi bir məsələ də yoxdur. Xalq ədəbiyyatı nümunələri şifahi yolla yayıldığından, bəzən bir əsərin ərsəyə gəlməsi yüzillər boyu davam edir. Hər bir dastan minillik tarixi hadisələri yaddaşında saxlayır. Məsələn, Dədə Qorqud dastanında elə boylar var ki, antik təfəkkürün məhsuludur. Amma elə boylar da var ki, İslam mədəniyyəti cizgisində yaranıb. Hansı dövrdə yaranmasına baxmayaraq, bütün folklor nümunələrimiz təhrif oluna-oluna, dəyişə-dəyişə bu günlərə gəlib çatıb. Tədqiqatçıların da vəzifəsi bu təhrif prosesini incələmək, əsərlərin yaranma tarixini tapmaqdır. Qədim dövrlərdə bunun üçün imkanlar məhdud idi. Amma yaxın keçmişlə bağlı olan xatirələrin mənbəyini tapmaq daha asandır. Mən də bir tədqiqatçı kimi öhdəmə düşən bu vəzifəni icra etmişəm. Üstəlik, təhrif olunan təkcə Aşıq Ələsgər də deyil. Mənim tədqiqat obyektlərimdən biri Aşıq Hüseyn Şəmkirli olub. Bu aşığın kimliyi  barədə müxtəlif versiyalar var. Məsələn, onun Aşıq Ələsgərlə deyişməsindən bəhs edən dastanların birində deyilir ki, Şəmkirli Hüseyn Aşıq Ələsgərlə qüvvəsini sınamaq üçün gəlib Göyçənin Ağkilsə kəndinə çıxıb. Mən Aşıq Hüseyn Şəmkirlinin şəxsiyyətilə maraqlananda əlimə onun 1991-ci ildə nəşr olunmuş şeirlər kitabı keçdi. Professor Rüstəm Rüstəmzadə tərəfindən tərtib olunmuş bu kitabın ön sözündə yazılıb ki, Aşıq Hüseyn Şəmkirli Molla Pənah Vaqifin bacısı oğludur. Molla Pənah Vaqif, məlum olduğu kimi, 1717-ci ildə anadan olub. Aşıq Hüseyn Şəmkirilinin isə 1811-ci ildə doğulduğu bildirilirdi. Onun rəsmi bioqrafiyasında belə yazılıb. Molla Pənah Vaqiflə onun arasında yaş fərqini hesablayanda 96 il fərq ortaya çıxır. Təbii ki, mənə bu iddia inandırıcı gəlmirdi. Dayının bacı oğlusundan 96 yaş böyük olması beynimdə ciddi şübhələr yaratmışdı. Ona görə də kameral təsvirləri araşdıranda gözümün ilk axtardığı adlardan biri də Aşıq Hüseyn Şəmkirli olmuşdu. Kameral siyahılarda araşdırmam nəticəsində məlum oldu ki, əslində Molla Pənah Vaqif ondan 96 yox, 121 yaş böyük imiş. Yəni Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə deyil, 1838-ci ildə doğulub. 27 il də onun yaşını böyüdüblər.

Digər tərəfdən, professor Rüstəm Rüstəmzadə həmin iddianı guya bir başqa elm adamına – 1973-cü ildə rəhmətə getmiş elmlər namizədi Əhliman Axundova istinad edərək yazmışdı. Mənbə isə tam göstərilməmişdi. Yəni Əhliman Axundovun istinad edilən hər hansı bir kitabı yox idi. Sadəcə, bu alimin belə yazdığı bildirilirdi. Məndə şübhə yaradan məqamlardan biri də bu oldu. Çünki bir professor fikir irəli sürürsə, onun qaynağını da mütləq göstərməlidir. Çox təəssüf ki, digər professorlar – Qara Namazov, Paşa Əfəndiyev, Səndik Paşayeva da eyni xətaya düşmüş, Rüstəmzadənin bu qeyri-elmi fikrinə əsaslanmışdılar. Mən gördüm ki, folklorşunaslarımızda öz işlərinə çox məsuliyyətsiz, qeyri-ciddi yanaşmalar var. Hətta professor Qara Namazov 1962-ci ildə “Azərbaycan müəllimi” qəzetində dərc olunan bir məqaləsində  növbəti qeyri-ciddi iddia irəli sürmüş və İslam Ələsgərov da bu “fakt”dan gen-bol istifadə etmişdi. İddiaya görə, 1851-ci ildə “Qafqaz” qəzetində işıq üzü görən bir məqalədə Polonski adlı müəllif Tiflis yaxınlığında saz çalıb oxuyan Ələsgər adlı bir aşıqdan danışır. Qara Namazov da bu aşığın göyçəli Aşıq Ələsgər olduğunu bildirir. Əvvəla, həmin hadisənin baş verdiyi 1848-ci ildə Aşıq Ələsgər hələ doğulmamışdı. İkincisi, doğulsa belə, hər Ələsgər adı daşıyanın Aşıq Ələsgər ola biləcəyini irəli sürmək elmilikdən uzaqdır. Di gəl ki, onun bu fikirləri Aşıq Ələsgərlə bağlı yazılan bütün kitablarda yer alır. Yəni bizim alimlərimizin tədqiqatları bu qədər səthi olub, amma hamısı professor, akademik adı alıblar.

Söhbətləşdi: Heydər Oğuz

 

P.S. Müəllifi erməni mənbələrindən istifadə etməkdə günahlandıranların nəzərinə çatdırırıq ki, vaxtilə irəvanlı alım Əkbər Yerevanlı Matenadaranda saxlanılan sənədlərin əsasında "Azərbaycan-erməni ədəbi əlaqələri" adında monoqrafiya yazmış və həmin mövzuda da doktorluq dissertasiyası müdafiə etmişdir.

 




Ana səhifəyə qayıt        Baxış: 2 150          Tarix: 8-08-2017, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma