Xəbər lenti

 

“Özkaya” paslanmaz polad sənayesi məhsulları şirkətinin sahibi, iş adamı Osman Gezekerin Ovqat.com-a müsahibəsinin II hissəsini təqdim edirik:

(Əvvəli bu linkdə: http://ovqat.com/manset/7114-heydr-liyevin-turkiyli-dostu-bylr-yyubovla-mmmd-xeyrullayevic-yanma-glmidilr.html)

-O zaman siz Heydər Əliyevə verdiyiniz sözü vaxtında yerinə yetirə bilibsiniz. Çünki yardımı günortaya qədər Naxçıvana çatdırmağa söz vermişdiniz, yardım qatarı artıq səhər tezdən Qarsda hazır imiş. Qarsdan Naxçıvana isə bir neçə saatlıq yol olar...

-Bəli. Hətta söz verdiyim vaxtdan da erkən çatdıra bildik. Səhv etmirəmsə, saat 11.20-də biz artıq Naxçıvanda idik. Naxçıvan Ali Məclisinin indiki sədri Vasif Talıbov onda möhtərəm Heydər Əliyevin köməkçisi idi. Naxçıvana gələn kimi Vasif müəllimin yanına qalxdım, dedim ki, mən gəlmişəm, un, çorək, qavurma, nə varsa gətirmişəm. Xeyli təəccübləndi Vasif müəllim.

-Hətta dərslik kitabları da gətirmişdiniz. Mən o zaman Türkiyədən gətirilən bir neçə kitab götürmüşdüm. Əksəriyyəti dərslik kitabları idi.

-Ola bilər. Türkiyəli dostlarımız çətin vəziyyətdə olan qardaşlarına əllərindən nə gəlmişdisə, kömək etmişdilər.

-Vasif müəllim o vaxt Heydər Əliyevin köməkçisi idi? Mən bilən, axı, Heydər Əliyevin 4 müavini vardı. Onların arasında Vasif müəllim yox idi?

-Yox, siz dediyiniz sayın Heydər Əliyevin müavinləri idi. Vasif Talıbov isə onun köməkçisi – Türkiyə türkçəsində desək, özel kalemi idi.

-Başa düşdüm...

-Vasif müəllimlə görüşəndən sonra sayın Heydər Əliyevin kabinetinə getdim. Məni çox səmimi qəbul etdi. Dedim ki, verdiyim sözü yerinə yetirdim. Cənab Heydər Əliyev də həm təəccübləndi, həm də sevindi. Daha sonra da onunla müxtəlif görüşlərimiz oldu. Bu görüşlərin tam təfsilatına varmaq istəmirəm. Bəzilərini sirr kimi özümlə o biri dünyaya aparacağam. Bəzilərini isə, inşallah, qələmə alıb kitablaşdıracağam. Çünki mənim Heydər Əliyevlə bağlı xatirələrim Azərbaycanın müstəqillik yollarında addımlamasının tarixidir. Onları gələcək nəsillərə ərməğan etmək bizim borcumuzdur.
 
-Osman bəy, bu fikirlərinizdə razılaşmayacağım məqamlar mövcuddur. Sizi başa düşürəm; dövlət adamları sirr daşıyıcısı olurlar. Amma sirlərin də bir müddəti var. Müəyyən zaman keçdikdən sonra həmin sirlər sirlikdən çıxır, tarixə çevrilir. Bu gün Rusiya KQB-si bir zamanlar “Tam məxfi” şifrəsiylə gizlətdiyi sirlərini açır, tarixçilərin ixtiyarına verir. Eyni şeyləri Türkiyə üçün də demək olar. Artıq Türkiyənin də bir çox sirləri yalnız tarixçilər üçün əhəmiyyət kəsb edən mənbəyə çevrilib. Hesab edirəm ki, sizin bildiklərinizin də bəziləri indi tarixçiləri maraqlandıran mövzulardır. Onlar barədə həqiqətən də bir kitab yazmağınız Azərbaycan-Türkiyə dostluq tarixinə verilmiş ən böyük töhfə olar.

-Haqlısınız. Mən də bunu deyirəm, zatən. Elə xatirələrim var ki, bunları mütləq yazmalıyam. Amma elələri var ki, bu, indi də sirr kimi qorunmalıdır. Mən dövlət adamı olmuşam. Hansı faktların tarixləşməli olduğunu bilirəm və onlar əsasında mütləq bir kitab yazmağı düşünürəm. Amma sizə bir şeyi deyə bilərəm: mənim Naxçıvandakı fəaliyyətimin əsasında ermənilərin hücumlarını zərərsizləşdirmək məqsədi dayanıb. Hesab edirəm ki, bu işdə xüsusi xidmətlərim olub.

-Maraqlı məqama toxundunuz. Bu gün Azərbaycanda generalların sayı, az qala, Çin ordusunu keçir. Ermənilərə qarşı mübarizədə şücaət göstərən Milli Qəhrəmanlarımız da az deyil. Bir çoxları bu xidmətlərinə görə dövlət mükafatları da alıblar. Bəs, siz hansı mükafatı alıbsınız?

 -Qardaş, axı, müsahibənin əvvəlində razılaşmışdıq ki, suallar siyasiləşməyəcək, sadəcə, Azərbaycan tarixinə qısa ekskurs xarakteri daşıyacaq. Sizin bu sualınızda, azacıq da olsa, siyasi çalar görürəm. Ona görə də cavab verməkdə çətinlik çəkirəm. Üstəlik, mən nə Azərbaycanda, nə də Çində nə qədər generalın olub-olmadığını bilmirəm. Kimin dövlət mükafatına layiq görülməsi də məni çox maraqlandırmır. Nə cür təltif olunduğuma gəlincə isə, hesab edirəm ki, 1992-ci ildə sayın Heydər Əliyev tərəfindən mənə verilən bu fəxri fərman ən böyük mükafatdır. 1992-ci il avqust ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti adından təqdim olunan bu mükafatı kabinetimdə ən gözəl yerdə saxlayıram.

Sizə bir faktı da deyim. Yəqin görməmiş olmazsınız, bu gün bir çoxlarının sinəsində gəzdirdiyi Heydər Əliyevin imzası nişanı var.


-Bəli, əsasən YAP-çıların sinəsində görmüşəm. Deyəsən, qızıldandır həm də.

-Qızıldan olanlar da var. İlk dəfə o nişanları mən düzəltdirmişəm. Düzdür, mənim düzəltdirdiklərimin maddəsi qızıl deyildi. Sonradan başqaları mənim təşəbbüsümü örnək götürüb, qızıldan və gümüşdən bu cür nişanlar düzəltdirib satdılar. Mən isə həmin imza nişanlarını adi materialdan düzəltdirib hər kəsə paylayırdım. Məqsədim bu xalqın Heydər Əliyevə məhəbbətini canlı tutmaqdı. Həmin nişandakı imzanı isə bu fəxri fərmandan götürmüşdüm.

-Anladım. Deyirsiniz ki, Heydər Əliyevdən yadigar qalan imzanı belə, əbədiləşdirməyə çalışıbsınız?
 

-Yox, elə demək istəmirəm. Mən, ümumiyyətlə, etdiklərimi dilə gətirəcək xarakterdə olan birisi deyiləm. Sadəcə xatirələrimi çözələdikcə, yadıma düşənləri sözgəlişi deyirəm.

- Başa düşürəm sizi. Amma məni bir şey maraqlandırır. Sizin Heydər Əliyevlə ilk görüşünüz 1991-ci ilə aiddir. Yəqin ki, ondan əvvəl də Azərbaycana sevginiz olub. Yoxsa, Azərbaycan sevginiz də elə Heydər Əliyevi tanıdıqdan sonra başlayıb?

-Əlbəttə ki, bütün Türkiyə vətəndaşlarının Azərbaycana sevgisi tarixən olub. Biz eyni millətin bir-birindən ayrı salınmış, iki yerə bölünümüş hissələriyik. Tarixən bir-birimizə qovuşmaq üçün çalışmışıq. Mən də bir Türk vətəndaşı kimi Azərbaycanı hələ uşaqlıqdan sevmişəm. İstər oxuduğumuz kitablarda, istərsə də yaxın qohumlarımızın xatirələrində Türk xalqları, xüsusilə Azərbaycan haqqında geniş məlumatlar olub.
Bildiyiniz kimi, Türkiyə milli dəyərlər üzərində qurulmuş bir dövlətdir. Bizim dövlət bu sevgini insanlarımıza aşılayıb, bu gün də aşılamaqdadır. Mən də bu məfkurəvi atmosferdə yetişmişəm və həmişə Azərbaycanın müstəqilliyi, dünya dövlətləri sırasında layiqincə təmsil olunmasını arzulamışam. Hələ 1990-cı ilin qanlı Yanvar hadisələri zamanı Qarsda etiraz mitinqlərinin təşkil olunmasında, mülki vətəndaşlarımızın sərhədlərə toplanıb Azərbaycan harayını dünyaya çatdırılmasında mühüm rol oynamışam. Qısası, bu ölkəyə sevgim möhtərəm Heydər Əliyevi tanımamışdan əvvəl də var idi. Onu tanıdıqdan sonra isə bu sevgi daha da möhkəmləndi, qüvvətləndi. Çünki biz milli ideallarımızı reallaşdırmaq gücündə olan əsl qəhrəmanımızı tanımışdıq.
 

-Şəkillərinizə baxdıqca məndə belə bir təəssürat yaranır ki, Heydər Əliyevin də sizə eyni hörməti mövcud imiş. Onun fotolara yansıyan təbəssümü də bundan xəbər verir.

-Bəli, rəhmətlik məni öz övladı kimi sevərdi. Hətta Naxçıvandan Bakıya gələndə də məni özüylə bura gətirdi.

-Necə gətirdi, anlamadım. Axı siz Qarsda əmniyyət müdiri idiniz. Heydər Əliyevin məmuru deyildiniz ki, sizi özüylə bura gətirə bilsin.

-Doğrudur. Amma onun rəhmətlik Süleyman Dəmirəllə çox yaxın əlaqəsi var idi. Süleyman bəydən məni Türkiyə səfirliyinə təhlükəsizlik atteşesi göndərməsini xahiş etdi. Türkiyənin mərhum Prezidenti də bu xahişi yerə salmadı.

-Görünür, Azərbaycanın təhlükəsizliyinin qorunmasında ona sizin də təcrübəniz lazım imiş.

-Mən bu barədə heç nə deyə bilmərəm. Əvvəla, bu, Heydər Əliyevin cavab verə biləcəyi sualdır, nə yazıq ki, o indi həyatda yoxdur. İkincisi isə, təhlükəsizlik məsələləri mətbuatda müzakirə edilə bilməz. Yalnız onu deyə bilərəm ki, buradakı əsas fəaliyyətim Türkiyə-Azərbaycan münasibətlərini inkişaf etdirməkdən, Azərbaycana qarşı yönəlmiş xarici basqıları neytrallaşdırmaqdan ibarət olub. Heydər Əliyevlə səmimi münasibətlərimiz bu müqəddəs vəzifəni həyata keçirməyə xeyli yardım etdi. Daha sonra 1998-ci ildə bu vəzifədən ayrıldım və yenə Heydər Əliyevin təşviqilə iqtisadi sahəyə yönəldim. Yəni bu gün burada gördüyünüz müəssisəni Heydər Əliyevin xeyir-duasıyla açmışam. Məqsəd isə Azərbaycanın həqiqi müstəqilliyini qoruyub saxlamaq üçün sağlam iqtisadiyyat qurmaq idi. Heydər Əliyev bu məsələdə Türk iş adamlarına böyük önəm verirdi. Məndən istəyi bu olmuşdu ki, bacardığım qədər Türkiyəli iş adamlarının Azərbaycana gəlişini təşkil edim. İndi isə elə fırıldaq adamlar gəlib mənə urcah olublar ki, özüm ciddi itki ilə üzləşmişəm.
 
-Deyəsən, burada qalmağınıza peşman olubsunuz?

-Bəzən könlüm qırılır, amma peşman deyiləm. Niyə, bilirsinizmi? Bizlər burda olmasaydıq, bura elə, ya belə yenə bir tərəfə doğru gedəcəkdi. Burda qardaşlarımız olduğu üçün bu sıxıntını çəkmək bizim boynumuzun borcu idi. Zatən İslamda belə bir ehkam var: “Qonşusu ackən, öz yatağında rahat yatan bizdən deyil”. Biz də Naxçıvanda və burda öz qardaşlarımızı gördük. Onlarla sevincimizi və kədərimizi paylaşmaq istədik. Bu addımı atdığıma peşman olmaq da mümkün deyil. Axı Türklük sevdasıyla ürəyi döyünən məfkurə adamlarının başqa alternativləri də yoxdur. Alternativsizlik şəraitində atılan addımlar heç vaxt peşmançılıq hissi doğurmur. Amma bəzən qarşılaşdığım laqeydliyə üzülmürəm desəm də, yalan olar.

-Belə başa düşdüm ki, Siz 1998-ci ildən sonra iqtisadi təşəbbüskarlığa başlamısınız.

-1998-ci ildə Türkiyə səfirliyindəki vəzifəmdən ayrıldım, İstanbula qayıtdım. Amma Azərbaycanla əlaqəmi də üzmədim. Tez-tez sayın Heydər Əliyevin ziyarətinə gəlirdim. Heydər Əliyev də burda qalıb iqtisadi fəaliyyətlə məşğul olmağımı arzulayırdı. Mən də bu işləri onun məsləhətilə qurdum.

-Bəs, indi işləriniz necə gedir?

-Vallah, işlərim çox pis gedir. Təxminən, 1.5 milyon dollara yaxın alacaqlarım var. Üstəlik, mənim əvvəldən tanıdığım, yaxın münasibətlərdə olduğum rəhbər şəxslərin çoxundan arzuladığım dəstəyi də ala bilmirəm. Yanlış anlaşılmasın, mən onlardan qanunsuzluq da istəmirəm. Sadəcə, hüquqlarımın qorunmasına yardımçı olmalarını umuram. Çünki mən bu dövlət üçün canımı ortaya qoyan adamam. Rəhmətlik Heydər Əliyevin başına gələ biləcək bir çox xoşagəlməz hadisələrdə özümü sipər etmişəm. Çox daha böyük hadisələrin qarşısını almışam. Nə mutlu mənə ki, varlığım belə işlərə yarayıb. Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında üzərimə düşən missiyanı layiqincə yerinə yetirmişəm. İndi könüldən bağlandığım bu dövlətdə qanunsuzluqlar görəndə canım ağrıyır. Həmin qanunsuzluqların özümə qarşı yönəldiyini görmək isə ikiqat ağırdır.
 
-Bir çox mühüm hadisələrin meydana gəlməməsində rol oynadığınızı, hətta bəzi xoşagəlməz böyük olayların qarşısını aldığınızı iddia edirsiniz. Bunlar barədə, qısa da olsa, məlumat verə bilərsinizmi?

-Bilirsinizmi, bəzi şeyləri açıqlamaq istəmirəm. Hər halda nəzərə alın ki, mən Qars kimi böyük bir vilayətin həm əmniyyət, həm də Təhlükəsizlik Şurasının rəhbəriydim. Qarsın 17 rayonu vardı, Naxçıvanın isə 5. Yəni mənim rəhbərlik etdiyim vilayət Naxçıvan MR-dan dəfələrlə böyük idi. Buna baxmayaraq, həmişə Naxçıvana özümün səcdəgahım kimi baxmışam.

Qarsın əmniyyət müdiri olduğum üçün əlimin altında mənə tabe olan silahlı qüvvələr vardı. Naxçıvana isə dövlətimin icazəsini almadan gedib gəlir, bəzi addımlar atırdım. Halbuki bir dövlətdən digər dövlətə getməyin bəzi üsulları var. Amma mən Naxçıvana gedərkən qardaşlarımızı çətin vəziyyətdə görüb bürokratik üsullara uya və rahat ola bilməzdim. Naxçıvan Müdafiə Komitəsinin silahlandırılmasında, digər sursatlarla təchiz olunmasında müəyyən rollar oynamışam. Bunun ən yaxşı şahidlərindən biri Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayevdir. O vaxt Xanbabayev Naxçıvanın Baş naziri vəzifəsini icra edirdi.

-Osman bəy, hər şeyi deyirsiniz, amma konkret faktlara gəlmək istəmirsiniz.

-Təbii. Çünki etdiyini demək adama ağır gəlir. Siz istərsəniz, adını çəkdiyim adamlardan bunu soruşun. Qoy, onlar mənim haqqımda danışsınlar.

-Siz mənə çətin vəzifə həvalə edirsiniz. Azərbaycan Türkiyə deyil ki, bir jurnalist istədiyi adamla əlaqə yaradıb onu danışdıra bilsin. Üstəlik, siz mətbuata tam qapalı adamların adını çəkirsiniz. Vasif Talıbov, Bəylər Əyyubov, Şəmsəddin Xanbabayev və s. kimi. Xahiş edirəm, özünüz Xanbabayevlə bağlı həmin xatirəni danışasınız...

(ardı var)

Osman bəyin foto-kolleksiyasından:
 
Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 663          Tarix: 10-08-2017, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma