
İran bir neçə ölkədə müdafiə sənayesi üçün infrastruktur və silah zavodları tikib. Gözləntilərə görə, bu obyektlərin yaxın gələcəkdə rəsmi açılışı baş tutacaq.
Oxu.Az newsru.co.il-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının müdafiə naziri Əziz Nasirzadə danışıb.
Nazir bildirib ki, bu məlumat hələ dərc edilməyib və raketlərin hazırlanması hələ də əsas istiqamət olaraq qalır, lakin İsraillə müharibədən sonra prioritetlərin dəyişə biləcəyi istisna edilmir.
Qeyd edək ki, təxminən bir ay əvvəl İran Prezidenti Məsud Pezeşkian İsraillə əldə edilmiş atəşkəs barədə nikbin olmadığını ifadə edib. O, İsrailin 12 günlük müharibədə itkilərini gizlətdiyinə əmin olduğunu vurğulayıb:
"İranın nüvə sənayesinin məhv edildiyini iddia edənlər xəyallar aləmində yaşayırlar. Əgər lazım olarsa, biz yenidən İsrail ərazisinin dərinliklərinə zərbələr endirməyə hazırıq. Biz müharibə istəmirik, lakin atəşkəsə güvənmirik və özümüzü müdafiə etməyə hazır olacağıq. Biz hər hansı mümkün ssenariyə hazırıq. İsrail bizə ziyan vurdu, lakin biz də ona ziyan vurduq. İsrail zərbələri güclü idi, amma bizim ona endirdiyimiz zərbələr də güclü idi".
Paylaş: