
“Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilməyəcək. Çünki ruslar bunun üçün çox zəifdirlər. Onlar hətta Ukraynanı da məğlub edə bilmirlər, ona görə də NATO-ya həqiqətən hücum edə bilməzlər”.
Ovqat.com-un məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban mətbuat açıqlamasında belə deyib.
Münaqişənin dünya səhnəsinə sıçramasından qorxmadığını bildirən Orban hesab edir ki, illərdir uzanan Rusiya-Ukrayna müharibəsi artıq bitməlidir: “Bunun üçün də əvvəlcə atəşkəs elan olunmalı, yalnız bundan sonra sülh sazişi olmalıdır. Özü də Ukrayna və Rusiya arasında yox, ABŞ ilə Rusiya arasında”.
O, həmçinin Ukraynanın NATO və ya Aİ üzvlüyünə hazır olmadığını təkrarlayıb və bildirib ki, bu, Avropa İttifaqının, xüsusən də Macarıstanın maraqlarına uyğun deyil.
Orban vurğulayıb ki, Avropa güclü olmalıdır, çünki ruslar yalnız güc dilini başa düşürlər. O əlavə edib ki, Vladimir Putinlə danışıqlara ehtiyac var və onu Budapeştdə qəbul etməkdən məmnun olacağını bildirib.
"Əgər Putin Macarıstana gəlmək istəsə, biz onu qucaq açıb qarşılayacağıq", - Orban deyib.
O, Donald Tramp haqqında danışarkən qeyd edib ki, Tramp məsih deyil, bununla belə çətin də olsa, onunla razılaşmaq mümkündür.
Macarıstanın baş naziri hesab edir ki, Ukraynada müharibə mümkün qədər tez dayandırılmalıdır. O, Ukrayna və Rusiya arasında barışıq və sülh danışıqlarının tərəfdarıdır, çünki əmindir ki, gələcək döyüşlər yalnız daha çox qurban gətirəcək.
Orban Ukraynaya silah satışını və Rusiyaya qarşı sanksiyaları tənqid edərək, bunun Macarıstan da daxil olmaqla Avropa iqtisadiyyatına zərər vurduğunu bildirib. O, həmçinin gizlətməyib ki, Aİ-nin Rusiyaya qarşı sərt mövqeyini dəstəkləmir, amma çox vaxt onu açıq şəkildə tənqid etməkdən yayınır.
Macarıstan hökumətinin başçısı həm də əmindir ki, Ukraynanın Aİ-yə daxil olması Macarıstan iqtisadiyyatını məhv edəcək.
Paylaş: