Xəbər lenti

  

Rusiya soyuq savaşdan bu yana ən böyük hərbi təliminə hazırlaşır. Prezident V. Putinin artıq bu barədə əmr verdiyi, hərbi qüvvələrin artıq görəv nöqtələrinə göndərildiyi bildirilir.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, hərbi təlimdə 100 min əsgərin iştirak edəcəyi gözlənilir.

“Zapad-17” adlanan hərbi manevrin coğrafiyası da maraqlıdır: Belorus torpaqları, Rusiyayla quru sərhəddi olmayan Kalininqrad, və ölkənin qərb rayonları.

Ekspertlərin fikrincə, Baltikyanı ölkələrlə əhatələnmiş Kalininqradda hərbi manevr keçirməkdə əsas məqsəd “mən Avropanın içində ciddi hərbi bazaya malikəm” həqiqətini NATO-ya xatırlatmaqdır.  Həm də bu, Moskva tərəfindən verilmiş ilk mesaj da deyil. NATO ötən il Baltikyanı ölkələrə hərbi qüvvələrini göndərdiyi zaman Rusiya buna səssiz qalmamış, Kalininqraddakı hərbi bazalarına S-400 və İsgəndər raketlərini yerləşdirmiş, təhdidə təhdidlə cavab vermişdi. Moskvanın gələn ay başladacağı “Zapad-17” hərbi təlimi də bu cavabın davamı təsiri bağışlayır, Qərbə öz hərbi qüdrətini göstərəcəyi və “bizimlə zarafat etməyin” mesajı verəcəyi gözlənilir.

14-20 senyabr tarixi arasında keçiriləcək manevrə NATO Alyansı heç bir reaksiya verməyəcəyini, sadəcə onu izləyəcəyini açıqlayıb.

Rusiyanın son 30 il ərzində ən böyük hərbi təlimi ərəfəsində ABŞ Müdafiə naziri Ceyms Mattisin Ukraynaya gəlməsi, Ukrayna Prezidenti ilə birgə mətbuat konfransı keçirməsi və bu ölkənin milli təhlükəsizliyinin ABŞ üçün özünün və xalqının qorunması qədər mühüm məsələ kəsb etdiyini bəyanlaması da təsadüfi sayılmır. Görünən budur ki, ABŞ tərəfindən uzun müddətdən bəri həyata keçirilən “Rusiyanın mühasirəyə alınması” strategiyası son zamanlar daha aktuallıq qazanıb, Moskva da məhz bu cür “təcavüzlərə” cavab vermək gücündə və hələ ayaqda olduğunu göstərmək üçün “Zapad-17” təliminə ehtiyac hiss edir. Bir növ, NATO qarşısında imtahan verir.  Sözsüz ki, Qərb-Rusiya münasibətlərinin müəyyənləşməsində bu “imtahan”ın nəticəsinin də mühüm təsirləri olacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 180          Tarix: 24-08-2017, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma