Rusiya Belarusla birlikdə 100 min əsgərin iştirak edəcəyi hərbi təlimlərə hazırlaşır.
Publika.az xəbər verir ki, yayın sonunda başlayacaq təlimlər bir neçə ay davam edəcək.
Təlimlər Rusiya-ABŞ qarşıdurması və NATO-nun Şərqi Avropada rus sərhədlərinə qədər gələrək, bölgəyə hərbi kontingentlər toplaması fonunda diqqət çəkir. Təlimin adı da əslində Kremlin hədəfini aydın göstərir: “Zapad”. Bu, rus dilində “Qərb” deməkdir. Hesab etmək olar ki, Rusiya Belarusda – Şərqi Avropaya qoşun çıxaran NATO ilə üzbəüz bölgədə 100 minlik hərbi təlim keçirməklə, öz mövqeyini açıq şəkildə ifadə edir.
Maraqlıdır ki, hərbi təlimlərin keçiriləcəyi məsələsi ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə qərar verməsindən sonra gündəmə gəlib. Rusiyanın baş naziri Dmitri Medvedevin “ABŞ yeni sanksiyalarla Rusiyaya qarşı iqtisadi müharibə elan etdi” deməsi də vəziyyətin gərginliyindən xəbər verir.
Bütün bunların fonunda rus ordusunun Şərqi Avropaya doğru hərəkət etməsi qarşıdakı dövrdə dünyanın gündəmində hərbi gərginliyin ön plana çıxacağına işarədir.
ABŞ rəsmiləri hesab edir ki, Rusiya NATO-nun Polşa, Litva və Latviyada güclənməsini bəhanə gətirərək, Belarusda hərbi varlığının artıracaq. 2012-2014-cü illərdə ABŞ-ın Moskva attaşesi olan Peter B.Zvac Rusiyanın “Sizi izləyirik, güclüyük, çox şey öyrəndik, Rusiya ilə qarşıdurmaya getməyin” mesajı verməyə çalışdığını deyib.
Paylaş: