Xəbər lenti

 

İraqda türkmənlərin ən çox məskunlaşdığı qəsəbələrdən olan Telafər bu gün işğaldan azad olunub.

Ovqat.com xəbər verir ki, məlumatı İraq Hərbi Qüvvələri Komandirliyi yayıb.

Qeyd edək ki, Telafər əməliyyatı bir həftə bundan əvvəl İraq baş naziri Heydər İbadinin əmriylə başlamışdı. Əməliyyata aralarında Həşdi Şabi silahlılarının da olduğu 40 min əsgərin qatıldığı bildirilir.

Telafərdəki İŞİD qüvvələrinin bu qədər tez təslim olacağı gözlənilmirdi. Xilafətçi”lərin Mosuldan sonra “paytaxt”ı halına gələn qəsəbənin ələ keçirilməsiylə İraqda İŞİD nağılının bitdiyi təxmin olunur. Amma Telafərdə əsl qiyamətin bundan sonra başlayacağı da sirr deyil.

İŞİD-in İraqda ilk ələ keçirdiyi yer olan bu qəsəbə işğaldan əvvəl sünni və şiə türkmənlərin, dağlıq ərazilərində isə yezidi kürdlərin mehriban şəraitdə yaşadığı bölgə olaraq tanınırdı. “Xilafətçi”lərin zühur etməsilə qəsəbənin də busatı pozuldu. Şiələri “kafir” elan edən vəhabi zehniyyəti onların canını, malını, namusunu özlərinə halal bilmişdilər. Beləcə, Telafər əhalisinin yarısını təşkil edən şiə türkmənlərlə digər yarısı olan sünni türkmənlər arasında ölümünə müharibə başladı. Ölən öldü, qalan ailəsini-uşağını götürüb məmləkətindən köçüb Bağdada sığındı. Təbii ki, İŞİD-in əsarətinə düşənlər də oldu. İŞİD isə əsirlərdən kişiləri öldürüb, qadınları seks köləsinə çevirdi.

Şiə türkmənlərdən daha böyük fəlakəti isə yezidi kürdlər yaşadı. Kənd-kənd, oymaq-oymaq əsir götürülən yezidi kürdlər daha ağır rəftara məruz qaldılar. Yezidi qadınlar qul bazarlarında daha ucuz qiymətə satıldı, “cihad nigahı” adıyla fahişəliyə məcbur edildilər.

Bu amansız  zülmdən sağ qurtulanlar isə şiə türkmənlər kimi Həşdi Şabi sıralarına qoşulub qisas almaq andı içdilər. Verilən məlumata görə, Həşdi Şabi hərbi birləşməsinə 10 minlərlə türkmən qoşulub. Eyni yolu tutan Yezidi kürdlərin sayı isə bilinmir.

Telafərin azad olunmasından sonra namusu tapdalanmış həmin insanların öz qisasını yerli sünnilərdən almağa çalışacağı ehtimalı var. Bu isə İŞİD-in başlatdığı iyrənc müharibənin tarixdən silinməsi mümkün olmayan qan və namus davasına çevrilə biləcəyi gümanlarına yol açır.




Ana səhifəyə qayıt        Baxış: 1 618          Tarix: 27-08-2017, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma