“İŞİD üzvləri Telafərdə təhlükəsizlik binasının yaxınlığında elektrik dirəklərinə öldürdükləri 17 adamın cəsədlərini asıblar. Bu beynəlxalq insan hüquqları kriteriyalarının açıq-aşkar pozulmasıdır və İŞİD-in əlindəki türkmənlərin xilas olunması üçün bu regionda təhlükəsizlik dəhlizi açılmalıdır”.
Ovqat.com xəbər verir ki, İraq İnsan Haqlarını Müşahidə Qrupunun Mosulla bağlı hazırladığı hesabatda belə deyilir.
Hesabata görə, Telafərdə İŞİD əsirliyindən qaçmağa çalışan 200 türkmən ələ keçirilib və bir müddət saxlanıldıqdan sonra edam ediliblər. Edam edilənlərdən 17-sinin cəsədi isə şəhər əhalisinə gözdağı olsun deyə elektrik dirəklərindən asılıb.
İraq Türkmən Cəbhəsi (ITC) sədr müavini və Kərkük millət vəkili Həsən Turan da bu məsələylə əlaqədar olaraq ölkənin baş naziri Heydər əl-İbadiyə müraciət edib. Millət vəkili hökuməti Telafəri geri alınması üçün hərbi əməliyyatlara başlanmağa və vətəndaşları İŞİD zülmündən qurtarmağa çağırıb:
“Beynəlxalq koalisiyanın mahaldakı İŞİD hədəflərini vurması və vətəndaşlar üçün təhlükəsizlik dəhlizi açılaraq, sığınacaq axtaran şəxslərin qaçqın düşərgələrində yerləşdirməsi lazımdır”.
Məlumata görə, türkmənlərin əksəriyyət təşkil etdiyi Telafərin mərkəzində bir çox ailə hərbi müdaxilələrə qarşı canlı qalxan kimi istifadə edilir və bu taleyindən qaçanlar sərt şəkildə cəzalandırılırlar
Mosulun qərbində yerləşən Telafər 2014-cü ilin avqust ayında İŞİD tərəfindən ələ keçirilib. İşğaldan əvvəl şəhər əhalisinin yarsısı şiə, digər yarısı isə sünnilərdən ibarət olsa da, yüzillərlə birgə həyat sürməyi bacaran şəhər sakinləri işğaldan sonra qarşı-qarşıya gətirilib, şiə türkmənlər ya öldürülərək, ya da qovalanaraq Telafər “təmizlənib”. Məhz bu səbəbdən də həm Həşdi-Şabi, həm də İŞİD üzvləri arasında xeyli telafərli türkmən var.
Görünür, indi də sünni türkmənlər canlı qalxan kimi İraq güclərinin qarşısına çıxarılaraq məhvə sürüklənirlər.
Paylaş: