“Türkiyənin tələbilə İraq Baş naziri Heydər İbadi Həşdi-Şabinin Mosul əməliyyatına qatılmasına icazə vermədi. Buna görə də zəfər xeyli gecikdi və İraq daha çox qurban verdi".
Ovqat.com xəbər verir ki, bu iddianı Həşdi Şabinin əsas qüvvəsi hesab olunan “Bədir” briqadalarının ümumi komandiri Hadi Amiri İraq mətbuatına verdiyi açıqlamada irəli sürüb.
Qeyd edək ki, Mosul əməliyyatı yeni başlayanda 30 mindən artıq Həşdi-Şabi döyüşçünün də əməliyyata qatılacağı xəbərləri yayılmışdı. Bu məlumatlara ciddi etiraz edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan özünün məşhur çıxışını edərək, “gələcəkləri varsa, görəcəkləri də var” demişdi. Ərdoğanın bu sözlərindən sonra Türkiyəylə İraq arasında ciddi polemikalar başlamış və nəhayət, Bağdad geri çəkilmiş, Mosul əməliyyatına Həşdi Şabinin fəaliyyəti məhdudlaşdırılaraq başlanılmışdı. Əldə edilən razılaşmaya əsasən, Həşdi Şabi Mosulun mərkəzinə girməyəcək, şəhərin ətrafındakı kəndləri, “xilafət”in iki paytaxı-Mosul və Raqqa arasındakı əraziləri, o cümlədən Telafəri və Sengalı nəzarətə götürəcəkdi.
Həşdi Şabinin ən səlahiyyətli şəxsi Hadi Amirinin fikirlərindən belə anlaşılır ki, Mosulun işğaldan azad olunmasının başlıca səbəbi də məhz bu razılaşmadır. Zira İraq ordusunun ən seçkin və təcrübəli hissəsi sayılan Həşdi Şabi Mosulun mərkəzinə girə bilmədiyinə görə xilasetmə əməliyyatlarının son nəticəyə varması gecikir, İraq ordusu daha çox itki verir.
Xatırladaq ki, 2015-ci ildən etibarən qüvvə çatışmazlığı səbəbindən dəfələrlə təxirə salınan Mosul əməliyyatına, nəhayət, 17 oktyabr 2016-cı il tarixində start verilmiş, ilk əvvəl onun Dəclə çayıyla ayrılan şərq hissəsi bu ilin yanvar ayının sonlarında qurtarılmışdı.
Mosulun istər şəhərsalma infrastrukturu, istərsə də əhali sayı baxımından xeyli mürəkkəb olan qərb yaxasını almaq isə asan deyil. Buna yaşayış evlərinin bir-birinə yaxın tikilməsi, dar küçələr və “xilafət”in mərkəzi aparatının məhz qərb yaxasında yerləşməsi; deməli İŞİD-in daha ciddi müqavimət göstərməsi mane olur. İraq bu əməliyyata daha təcrübəli ordu birlikləriylə müdaxilə etmədikcə, əməliyyat uzanacaq və istər ordu hissələri, istərsə də Mosulun mülki vətəndaşları daha çox itki verəcək. Nəzərə alsaq ki, Tramp hakimiyyətinin xilasetmə strategiyası nəyin bahasına olursa İŞİD-i məhv etmək məntiqinə əsaslanır və mülki vətəndaş-hərbçi ayırımı etmədən, yaşayış məntəqələrinin infrastrukturuna əhəmiyyət vermədən hədəflər bombardıman edilir, əməliyyat qurbanlarının həddindən çox olacağına şübhə yeri qalmır.
İnsafən, Ankaranın Həşdi Şabinin Mosul əməliyyatına qatılmasına qarşı çıxmağının da haqlı səbəbləri var. İranın nəzarətində qurulan bu hərbi qüvvənin Mosuldan əvvəl qatıldığı Tikrit, Diyala, Anbar əməliyyatlarında məzhəb ifratçılığına vardığı, bir çox mülki vətəndaşı qaçırıb işgəncə verdiyi, sünnilərə aid ev və iş yerlərini yandırdığı hətta İraq hökuməti tərəfindən də etiraf olunub. Hazırda İraqda Həşdi Şabinin törətdiyi insan haqları pozuntularına qarşı cinayət işi başlansa da, prosesin ləngiməsi, cinayətkarların indiyə qədər öz cəzalarını almaması ölkənin sünni vətəndaşlarında, eyni zamanda onların himayədarı kimi çıxış edən Türkiyədə ciddi və haqlı narazılıqlar, nigaranlıqlar doğurur.
Xatırladaq ki, hərfi olaraq “xalq səfərbərliyi” mənasına gələn Həşdi Şabi şiələrin böyük ayətullahı Əli Sistaninin cihad çağırışı əsasında qurulub. Ən azı 15 müxtəlif silahlı qrubu, 43 şiə əşirətini özündə birləşdirən bu könüllülər ordusuna digər din və məzhəblərin nümayəndələri də qoşulublar. Bu yaxınlarda Həşdi Şabinin tərkibində yer alan Yezidi kürdlərin öz dədə-baba torpaqları olan Sengalı İŞİD işğalından azad etməsi də sözügedən iddianı təsdiqləyir.
Həşdi Şabinin bünyəsində xeyli sayda türkmən əşirətlərinin də yer aldığı bildirilir. Bəzi məlumatlara görə, bu türkmənlərin sayı 30 mindən yuxarıdır. Nəzərə alsaq ki, Həşdi Şabinin 300 min üzvü olduğu təxmin edilir, onda bu gücün 10/1-nin türkmənlərdən təşəkkül tapdığı məntiqi ortaya çıxır.
Nə yazıq ki, Türkiyənin İraq məsələsinə məzhəbçi yanaşması ordakı türkmənlərin böyük qismini İran təsiri altına girməsinə yol açıb. Türkiyənin yanında yer alanlar isə əsasən İraq kürdləridir. Hansı ki, onlar son məqsədlərinin müstəqillik olduğunu belə gizlətmir, ayrılıq referendumunu keçirməyə hazırlaşırlar. İraqın parçalanması və subyektlərdən birinin Kürdüstan olması Türkiyənin də dövlət maraqlarına xidmət etmir, əksinə, ən ciddi təhlükəni məhz qardaş ölkə üçün yaradır.
Üstəlik, tarixi türkmən yurdunda aparılan özgələşdirmə siyasəti Mosulun xilas edilməsindən sonra başlayacağı güman olunan daxili hesablaşmalarda kürd-türkmən böhranına səbəb ola bilər. Xüsusilə türkmənlərin sıx yaşadığı Kərkük, Tuzxurmatu və sairə kimi bölgələrdə indidən perspektiv qarşıdurmaların rüşeymləri görünür.
Ankara gələcəkdə növbəti xarici siyasət böhranı qarşısında çətin vəziyyətə düşməmək və İraqdakı əsl “yumşaq” gücünü yenidən qazanmaq üçün öz mövqeyinə yenidən baxmalıdır.
Heydər Oğuz
Paylaş: