İraq Baş naziri Heydər Əl-İbad Şimali İraq Kürd Muxtariyyətinin dialoq təklifini rədd edib.
Ovqat.com xəbər verir ki, İbadi bunun səbəbini rəsmi Ərbilin “referendumun nəticələrini dondurmaq” sözləri ilə əlaqələndirib.
İbadinin fikrincə, bu cür yanaşma referendumun nəticələrinin nə vaxtsa yenidən dövrəyə gətirilməsi ehtimalı ilə bağlıdır və bu da İraq Konstitusiyasına ziddir: "Biz referendumun ləğvindən başqa bir şeyi qəbul edə bilmərik. Referendumun ləğvi və Konstitusiyaya hörmətindən başqa bir şey müzakirə predmeti ola bilməz”.
İbadinin sözçüsü Heydər Hamada da öz facebook səhifəsində eyni məsələylə bağlı mövqeyini açıqlayıb. Onun fikrincə, rəsmi Ərbil referendumun dondurulması haqqında danışır: “Amma referendum artıq keçmişdə qalıb və biz onun nəticələrini aradan qaldırmaq üçün səhnəyə çıxmışıq”.
Qeyd edək ki, bir ay öncə Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumu keçirmiş, region əhalisinin böyük əksəriyyəti Kürdüstanın müstəqilliyinə səs vermişdi.
İstər bölgəsəl, istərsə də super güclər tərəfindən tanınmayan referendum daha sonra muxtariyyət hökuməti tərəfindən dondurulmuş və Bağdadla danışıqlara başlanmaq təklifi irəli sürülmüşdü. Görünən budur ki, Ərbilin bu təklifi geri çevrilmişdir.
Paylaş: