GünAzTV: İranda hakim molla rejiminin repressialarına qarşı pərakəndə etirazlar davam edir. Yeni etirazların nişanəsi olaraq, ruhanilərin sıx yaşadığı Qum şəhərində 2 axund bıçaqlanaraq avtomobillərinə od vurulub.
Hadisə, yanvarın 22-də baş verib. Son həftələrdə, ölkədə hakimiyyətə qarşı keçirilən kütləvi xalq etirazlarında, rejimin dinc müxaliflərə qarşı zorakılıq və zülmündən cana gələn bir etirazçı, Qum şəhərində 2 axundu bıçaqlayaraq, onların mindiyi avtomobilinə od vurub. Hücum nəticəsində hər iki axund bıçaq yarası alaraq müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Xəstəxanaya çatdırılan axundlardan birinin səhhətinin ağır olduğu bildirilir.
Baş vermiş olayla bağlı jurnalistlərə açıqlama verən Qum şəhərinin inqilab prokuroru Mehdi Kahə, hücum edən şəxsin tutulduğundan xəbər verib: “Bu şəxsin ruhanilərə hücumunun, ölkədə baş verən son “iğtişaşlar”la heç bir əlaqəsi yoxdur. Həmin şəxs, hücumdan əvvəl “şişə” adlı narkotik maddə qəbul etdiyinə görə, hadisəni törətdiyi zaman özündə olmayıb”.
Prokuror, həbs edilən hücumçunun adını mediaya açıqlamayıb.
Xatırladaq ki, son həftələrdə İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.
Tutulanlardan isə ən azı 11-i İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.
“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.
A.M
Paylaş: