Xəbər lenti

 

Adil Qasımlı-80

(Təbrik əvəzi...)

Çətin, qarmarqarışıq və zamanın sürət həddinin ölçüyəgəlməz nisbətinin dəyişdiyi bir zamanda yaşayırıq. Ona görə bəzən yaxınlarımızın və müəllimlərimizin şəxsi həyatlarındakı mühüm günlərdən xəbər tuta bilmirik. Bu gün sosial şəbəkədən şair Adil Qasımlının 80 illik yubileyi ilə bağlı məlumata rast gəldim. Təbrikimi yazdım. Lakin bir təbrikə sığmayan ömür yolu və münasibətlərimizin ruhu məndən tələb etdi ki, gün ərzində Adil müəllimin yubileyi ilə bağlı yaddaşımda canlandırdığım ümumiləşmiş obrazı sözlərin köməyi ilə ifadə edim.

Orta məktəbdə oxuyurdum. Bilgili və xüsusi səliqə ilə geyinən insanlara digər həmyaşıdlarım kimi xüsusi diqqətlə baxardım. Bizim yaşadığımız küçədə (Şahab məhəlləsi kimi tanınır) uzaqbaşı üç nəfər insan yanaşı keçə bilərdi. Ona görə oradan keçən insanların səliqə-səhmanlarını, hətta üstlərinə vurduqları ətirlərinin iyini və digər məziyyətlərini daha yaxından sezmək olurdu. Bu gün həmin “Dardanel” boğazdan keçən insanlar içərisində Azərbaycanda çox yüksək vəzifə tutan insanlar - icra başçısı, deputat, şair, siyasi xadimlər var. Amma bir asta yerişi, kubar davranışı və daxili mədəniyyəti ilə seçilən bir insan var idi ki, onun uzaqdan gəlişini hiss edən kimi futbol oyunumuzu qeyri-ixtiyari saxlayıb, ona salam vermək üçün növbəyə düzülərdik. Bu Adil Qasımlı idi!

İllər keçdi. Blokada şəraitində yaşayan Naxçıvanda milli məsələlər xüsusi qabarıq forma almağa başlamışdı. Sədərək döyüşlərində günlərlə yuxusuz qalan əli silahlılar gözlərinin acısını birtəhər almağa macal tapmamış birbaşa yeni yaranmaqda olan AXC-nin qərargahına gəlib rahatlanıb, arxa cəbhədəkilərə döyüş təəsuratlarını danışardılar. Bir az acıqlı, bir az kopud, bir az səmimi, bir az da sovet adamlarına revanşist yanaşan dəliqanlı bu cür insanların sovet ziyalılarına qəribə münasibətləri var idi. Belə insanların olduğu yerlərdə onlarla sonacan danışmağı hər insan bacarmazdı. Onlar çox insanı eşitmir, idarəolunmaz insan təsiri bağışlayardılar. Onlar uzaqbaşı kimlərisə dinləyib, sonda yenə də öz bildiklərini edərdilər. Belə insanların dinləyə bildikləri insanlardan biri də Adil Qasımlı idi.

Adil bəyi milli məsələlərin mərkəzinə vəzifə iddiası və ya karyera perspektivləri gətirməmişdi. Əksinə, o, bu addımı ilə özünün ağır və çətin şərtlər çərçivəsinə saldığının fərqində idi. Partnomenklatura onu işdən çıxarmışdı. Lakin, içindəki milli hiss şəxsi maraqlarına üstün gəlmişdi. Ziyalı vicdanı konyukturaya uyğun dəyişən ənənəvi sovet ziyalı obrazını kölgədə qoymuşdu. Ona görə, daxili bir rahatlıqla etdiklərinin qüruru ona daha çox güc verirdi. Lakin siyasi xaos təsiri onun düşüncəsindəki nizam-intizamlı və ölçülü-biçili davranışı kölgədə qoymamışdı. Çünki, Adil bəy xaraktercə qarşıdurma mühitini xoşlamayan və mübarizədə vəzifə hədəfi olmayan insan kimi yaddaşımda qaldı. O, hər zaman ağır situasiyalarda belə, siyasi tərəfkeşlik etməzdi. Bir hadisəni heç unutmaram.

Parlamentin yumşaq kreslolarında yırğalanan və seçkidə necə “qalib” gəlməsindən xəbərsiz olan indiki deputatlardan biri 1993-cü ildə Naxçıvanda televiziya studiyasına basqı təşkil edəndə və DİN nazirliyinə hücum planlaşdırılanda Adil müəllim bu mövqeyi bölüşmədiyi üçün onların bu konfrantasiya yaradan həmin mövqelərindən çəkindirməyə çalışırdı. Vəzifə üçün siyasi ambisiyası ilə alışıb-yanan həmin adam və ona dəstək verənlərdən fərqli olaraq Adil müəllim onların bu hərəkətlərinə etiraz edirdi. Sonda sözünün başa düşülmədiyini görən Adil müəllimlə birgə boykot əlaməti olaraq oranı biz bir yerdə tərk etdik. Kimlərinsə hansısa vəzifədə gözü var idi deyə, Adil müəllim bu situasiyada belə, özünün şəxsiyyətini bəzi insanların karyera nərdivanında pilləkan etmədi. Bu metodu məqbul bilsəydi, elə onu özü üçün edərdi. Lakin, o, belə xırda hisslər üçün özünün böyük şəxsiyyətini parça-parça etmədi. O zaman destruktiv davranış sahibləri indi dönüb olub konstuktiv insanlar, Adil müəllim isə ucqar bir bölgədə sadə pensiyaçı həyatını yaşayır. Hərəkatçıların bəzilərinin fərqləri bu qədərdir.

Adil müəllimin gerçək kimliyini dərk etmək üçün onunla müəyyən zaman kəsiyində və hansısa mərhələlərdə daxili keyfiyyətləri ilə tanış olmalısan. Onu yalnız şair kimi təqdimatına hər zaman etiraz etmişəm. Adil müəllimdə daha qabarıq görünən yüksək ziyalılıq əmsalı var.

Sovetizmin təlqin etdiyi bir dillama var idi: ya vətəndaş, ya ziyalı? Adil müəllim onun ikisini bir yerdə seçməyi və onları qoşa qanad kimi götürüb getməyi bacaranlardandır. Həm ziyalıdır, həm də vətəndaş: yaradıcı və tanınmış bir ziyalı, eyni zamanda yaşadığı zamanın şərtlərini “dərisində” hiss edən və onu görməməzlikdən gəlməyən bir vətənpərvər vətəndaş. Milli hissi üstün tutan və onu heç kimə güzəşt etməyən prinsipial ziyalı nümunəsi kimi tanımışam Adil müəllimi.

1997-2001-ci illərdə Adil müəllimlə az qala hər gün eyni trayektoriya üzrə hərəkət edərdik. Səhər saat 11-12 radələrində Bakıdan təyyarə ilə gələn “Azadlıq” qəzetini almaq üçün şəhərin mərkəzindəki qəzet köşkünün yanına 5-10 nəfərlik tərkiblə yığışıb, informasiya ehtiyacı ödənməyən insanlar kimi qəzetləri alıb, sonra çay masası ətrafında müzakirə aparmaq üçün “böyük bağ” adlanan məkana gedərdik.

Naxçıvan şəhərində bu yer hər zaman məşhur olub. İndi də belədir. Ölkədə və dünyada baş verən hadisələr haqqında saatlarla müzakirə edirdik. Mövzu ədəbiyyat və tarix mövzusunun üzərinə gələndə onu qeyri-rəsmi hissə adlandırdığımız və arada təşkil etdiyimiz kiçik məclislərdə davam etdirərdik.

Mənim bəxtim həm də onda gətirmişdi ki, dostluq etdiyim əksər insanların hamısı məndən yaşca böyük idilər. Onlarla həyatın müxtəlif anlarında bir yerdə olmaq fürsətləri də mümkün olurdu. Bu mənada Adil müəllimdə ən çox bəyəndiyim məziyyətlərdən biri çox gözəl məclis mədəniyyətinin olması, yeyib-içməyi zövqlə bacarmaq kimi mükəmməliyidir. Dahilər doğrudan doğru söyləyiblər: “Oxuya bilsən, hər bir insan özü maraqlı bir əsərdir.” İndi həmin günlərin nostaljisin yaşayan insan kimi Naxçıvana gedən zaman görüşmək planımda olan dostlar sırasında Adil müəllim öndə gəlir. Doğrudur, bir neçə ildir ki, buna fürsət edə bilmirəm. Amma yenə də “keçmişdəkiləri” gələcəyə aparmaq fürsətlərimiz olacaq. Dünyanın quyruğu uzundur.

İnanıram ki, Adil müəllim bu gün 80 illik keçmişini vərəqləsə, oradan cırmaq istədiyi bir vərəq də tapa bilməz. İnsan o qədər şəffaf keçmiş və təmiz həyat yaşayıb ki, heç bir audit belə, oradan “kölgə iqtisadiyyatına” xidmət xərcləri tapıb çıxara bilməz.

Yadıma Əfqan yazicisi Xalid Huseyninin “Çərpələng uçuram” əsərindən maraqlı bir epizod düşdü: “Lənətə gəlmiş o qədər təmiz idi ki, adam onun yanında özünü təmiz qızılın yanında qoyulmuş qəlp pul kimi hiss edirdi.” Adil bəy də elədir; qədər təmiz əli, gözəl niyyəti və saf düşüncəsi vardır ki, onunla dürüstlük yarışında hamı uduzar. Onun bu kriteriyalar üzrə digərləri ilə müqayisəsində parlaq qələbəsi qaçılmazdır.

Dəfələrlə mənim yanımda onunla eyni yaradıcı mühitin insanlarının ona necə böyük ehtiramının şahidi olmuşam. Əkrəm Əsylislinin hələ 10 il bundan öncə Adil Qasımlı ilə maraqlı bir müzakirəsi yaddaşıma yaxşı bir iz buraxmışdı. Çağdaş ədəbi mühiti hər ikisinin ədəbiyyata gəldiyi 70-ci illərlə müqayisə edib maraqlı paralellər aparırdılar. Ədəbi nəslin nümayəndələri arasındakı bəzi anlaşılmazlıqların səbəblərinin bir qismini də o zamankı müzakirədən az da olsa öyrənə bilmişdim.

Ədəbiyyatçıların özünəməxsus olduqların bilirdim. Üstün kimliyini bir andaca ifadə etməyə can atanlara heç zaman ciddi nəzərlə baxa bilməmişəm. Sanbalın imkan verdiyi mədəniyyət də bir göz qırpımında hamının gözündən asılmalı deyil. Özünəməxsus mədəniyyətlər tərcümə edilməli deyil. Onlar yaradılmalıdır. Bu mənada Adil müəllim mədəniyyət görüntüsünü tirajlayan və uğurlarını gözə soxacaq qədər bir insan deyildi. Təvazökarlıq anlayışının bəzən sanki belə insanlar üçün dilimizə daxil olduğunu da düşünə bilirsən. Bütün mənalarda Adil müəllimin digər üstünlükləri daxili mədəniyyətindən sonra gəlir mənim nəzərimdə.

Çin filosofu Konfutsinin ekzodik bir bənzətməsi var: “Qocalıq qarın yağması kimi qəfildən gəlir: səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünür.”

Əzizimiz Adil müəllim! Siz müdirkliyin elə bir zirvəsindəsiniz ki, sizə təsəlli verməyə ehtiyac yoxdur. Yaz gəlməsi kimi payızında gəlməsi təbiidir. Cavanlığın gəlməsi kimi qocalığın da qapının ağzını kəsməsi təbiətin qanunudur. Bizim təbiətin qanunlarını dəyişməyə gücümüz çatmaz. Amma cəmiyyətimizin eybəcərliklərini dəyişməsi üçün bir ziyalının edə biləcəklərini Siz imkanlarınız daxilində etdiniz. Bu da son deyil. Dəyişən dünya şərtləri və xidmət fürsətləri də bir anda belə biri-birini sürətlə əvəz edir. Harmonik dəyişikliklər bizi dünya adında bir fürsətlər pəncərəsindən dünyaya yeni nəzərlə baxmağımıza şərait yaradır. Əzizim Adil müəllim, dünyanın enişi və yoxuşu elə dəyişib ki, bilinmir ki, bu yolla gedirlər, yoxsa gəlirlər...

Adil müəllim elə yaşayıb ki, onu hər dəfə yenidən tanıtmağa ehtiyac qalmır. Hamının tanıdığı insandır - dəyişməyən və öz siması olan insan. Naxçıvanda ziyalı egidasının dilindən Adil müəllimi bir üzü və aydın siması olan şəxsiyyət kimi tanıdığını hər yerdə eşidə bilərsiniz. Humanist, gülərüz və səmimiyyəti ilə insanların yaddaşında özünə yer elə, köhnə tanış insan...

Onu arada tək tanımayan məktəb yoldaşları olub. Şairin özü bunu çox ustalıqla belə təsvir edib:

Yadınızdan çıxıbmı?

“Bənövşə - bəndə düşə”

Oynayardıq həmişə.

İki dəstə qız-oğlan

Dayanardıq üz-üzə,

Özüm gəlib könüllü

Əsir düşərdim sizə

Mənı tanımadınız?

Azmı çiçək dərmişik?

Azmı çələng hörmüşük?

Azmı yaz yağışında

Atılmışıq, düşmüşük

Əllərimiz əlimdə?

Mən həmin Adiləm də.

Məni tanımadınız?

Məhəmməd Talıblı, İqtisadi Təhlil İnsitutunun rəhbəri

12 mart 2018, Bakı




Ana səhifəyə qayıt        Baxış: 1 498          Tarix: 14-03-2018, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma