Xəbər lenti

 

Ovqat.com-un məlumatına görə, Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Soru kəndində anadan olmuş, çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nurəddin Mirzəxanlının anadan olmasının 70 illik yubileyi qeyd edildi.
Tədbiri giriş sözü ilə açan aparıcı Hüsaməddin Abbasov yubilyarın həyat və yaradıcılığı  barədə ətraflı məlumat verdi.
Yubiley tədbirində “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, “Azərbaycan uğurunda” qəzetinin baş redaktoru Xatirə Əzizqızı, şairlər Balayar Sadiq, Esmira Məmmədqızı, şair-dramaturq Xanlar Həmid, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, yubilyarın həmkəndlisi Tahir Əliyev və başqaları çıxış edərək Nurəddin Mirzəxanlını çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, vətəninə, elinə-obasına bağlı yaradıcı insan kimi xarakterizə etdilər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şairin yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırdı. 10 il öncə 60 illik yubileyinin də qeyd edildiyini vurğulayan natiq yubilyarın torpaqlarımızın azadlığı uğurunda həm hərbiçi, həm şair kimi vuruşduğunu,  dövlətinə, elinə bağlı ağsaqqal, gözəl ailə başçısı olduğunu bildirdi.  Şairə uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirdə məktəblilərin ifasında şairin şeirləri səsləndirildi, onun sözlərinə bəstələnmiş nəğmələr ifa edildi.
Sonda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, rayon icra hakimiyyəti başçısına və onu həmişə yüksək səviyyədə qarşılayan el-obasına minnətdarlığını bildirdi.




Ana səhifəyə qayıt        Baxış: 1 711          Tarix: 22-11-2017, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma