Şuşanın işğalının builki ildönümü ərəfəsində erməni zabitləri Rusiya ilə bağlı maraqlı etiraflar səsləndirib. Belə ki, düşmən hərbçiləri etiraf edib ki, Şuşa və digər torpaqların işğalında onlara ruslar yaxından dəstək verib.
Erməni zabitlərinin bu etiraflarından Azərbaycan Rusiyanı beynəlxalq arenada ifşa etmək məqsədi ilə istifadə edə bilərmi?
Ovqat.com xəbər verir ki, Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hesab edirəm ki, rusların özlərinin dediyinə daha çox fikir verməliyik. Jirnovski dəfələrlə açıq şəkildə deyib ki, Qarabağı biz tutmuşuq, Ermənistan torpaqlarını da azərbaycanlılardan alıb erməniləri bura biz yerləşdirmişik. O, Qarabağın Rusiyaya birləşdirilməsi lazım olduğunu bildirib. Yəni ruslarn özü Şuşa və Qarabağın işğalında iştirak etdiklərini inkar etmir. Xocalı soyqırımı törədən 366-cı alay erməni alayı deyildi ki... Qarabağın işğalı və hələ də işğaldan azad olmamasının əsas səbəbi rus ordusu, rus siyasətidir.
Erməni zabitlərinin açıqlaması bizim bildiklərimiz və rusların etiraf etdiklərindən başqa bir şey deyil. Lakin Azərbaycan tərəfinin bundan ruslara qarşı istifadə etmək şansı yoxdur. Rusiya bu gün də keçmiş sovet dövlətləri üçün təhdid mənbəyi olaraq qalır. Bu səbəbdən də Azərbaycan Rusiyanın ermənilərə silah verməsi, Ermənistan sərhədlərinin rus qoşunları tərəfindən qorunması və s. kimi olayları görməzdən gəlməyə məcburdur. Açığı, Azərbaycan hökumətinin Rusiya ilə bağlı siyasətini düzgün hesab edirəm. Mürəkkəb geosiyasi vəziyyətdə Rusya ilə açıq düşmənçiliyə getmək dövlətçiliyə ziddir. Bu baxımdan rəsmi Bakının hazırkı siyasəti təqdirəlayiqdir”.
Paylaş: