Xəbər lenti
 
Lavrov və Petrosyanın Qarabağla bağlı verdiyi son açıqlamalarda oxşar cəhətlər var. Ona görə var ki, danışıqlar prosesinin əsas məğzi dəyişilməz olaraq qalır. Yəni əsas prinsipial məsələlər hələ də masa üzərindədir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Amerika və Rusiyadan sonra Qarabağ danışıqlarının detallarının gizli saxlanılmasına dair növbəti açıqlamanın Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyandan gəlməsini belə şərh edib:
“Bütün hallarda erməni tərəfi Azərbaycan torpaqlarını boşaltmalıdır və bu şərt danışıqlar prosesində var. Petrosyan da detalları məhz buna görə açıqlamır. Ancaq erməni cəmiyyətində bu məsələni çox qabartmırlar, sanki bu mövzu unudulub. Petrosyan indi yeddi rayonun boşaldılmasından ona görə danışır ki, vaxitlə də məsələ eynilə bu cür qoyulmuşdu. Dağlıq Qarabağın statusu ətrafında çox maraqlı söhbətlər gedir. Dağlıq Qarabağa, əslində, keçici status verilməlidir və bu, danışıqlarda da göstərilir. İrəvan hətta Qarabağda tutduğu mövqelərdən əl çəkməlidir. Ancaq onların düşüncəsində Dağlıq Qarabağ artıq “müstəqildir”. Bütün hallarda Dağlıq Qarabağa keçici status Azərbaycanın daxilində verilməlidir. Hazırda heç bir tərəfin açıqlamaq istəmədiyi gizli detallar məhz bunlardır. Bəli, Ermənistan həmişə referendum məsələsini irəli sürür. Ancaq bir məsələ də var ki, referendum bir çox şərtlərin qəbul olunması ilə bağlıdır. Bu şərtlər isə müəyyən olunmayıb. Bunlar da əlbəttə ki, danışıqlar prosesinin mövzusudur. Ancaq keçici status müəyyən olunduqdan sonra referendumdan danışmaq olar. Uzun illərdir Ermənistan cəmiyyətini inandırıblar ki, Qarabağın müstəqilliyindən əl çəkməyəcəklər. Reallıq isə tam əksini göstərir. İndi kim bu reallıqdan danışsa, onu acı aqibət gözləyir. Ermənistanın başçıları da məhz Petrosyanın aqibətini yaşamaqdan qorxurlar”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bir müddət öncə Qarabağa dair dövriyyədə 3 hissədən ibarət plandan bəhs etmişdi. Çox keçmədən Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Qarabağ nizamlanması üzrə danışıqların detallarının konfidensial xarakter daşıdığını, bununla belə, bir çox aspektlərin razılaşdırıldığını, yalnız bir neçə mürəkkəb məsələnin qaldığını açıqlamışdı.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Qarabağa dair növbəti açıqlamasında da bənzər fikirlər yer alıb. Eks-prezident Ermənistanla Azərbaycan arasında müzakirələrin sonuncu mərhələsində razılaşdırıla biləcək məqamları bildiyini, mübahisəli məsələlərin sayının 2-3-ə endiyini, ancaq gizli olduğundan onları açıqlaya bilməcəyini etiraf edib. Buna baxmayaraq, Ter-Petrosyan açıq şəkildə bəyan edib ki, dövlətlərin ərazi bütövlüyünün silah gücünə dəyişilməsinin mümkünsüzlüyü barədə konvensiyaları Ermənistan imzalayıb, ona görə də Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir, xalqların öz müqəddəratını təyinetmə hüququna da bu prizma çərçivəsində baxılmalıdır.



Ana səhifəyə qayıt        Baxış: 1 195          Tarix: 6-04-2017, 08:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma