Türkiyə Suriyanın şimalında Barış Pınarı Hərəkatı çərçivəsində terrorçu qüvvələri zərərsizləşdirmək üçün əməliyyata başlayıb. İki gün öncə isə Avropa Birliyi ölkələri bu hərəkatla bağlı Türkiyəyə qarşı bəyanat vermək istəsə də, Macarıstanın veto qoymasına görə plan baş tutmayıb. Macarıstanın bu addımı sosial şəbəkədə tarixi Macarıstan-Türkiyə, macar-türk dostluğunu yenidən gündəmə gətirib, publisist, həkim, rəssam Əli bəy Hüseynzadənin məşhur şeirindən hissə kütləvi paylaşılıb.
1892-ci ildə yazılmış həmin bənd belədir:
“Sizlərsiniz ey qövmi macar, bizlərə ixvan,
Əcdadımızın müştərək mənşəyi Turan!
Bir dindəyiz, hamımız haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran?”
Macarıstanın türk dünyasına olan bu münasibəti ilə bağlı Azərbaycan Cümhuriyyətinin Tehran səfiri Ədil xan Ziyadxan da “Səyahətnamə”sində yazıb. Həmin əsərdə macarlarla bağlı hissəni olduğu kimi təqdim edirik:
“İyul ayının 19-cu günü İstanbuldan çıxıb, Bolqariya, Serbiya və Venqriya məmləkətlərindən keçib Vyanaya tərəf yola düşdüm. Yolda Budapeşt şəhərində əyləndim. Dunay çayı içindən axır. Macarların paytaxtı olub, çox yaxşı və təmiz şəhərdir. Budapeşt türk şəhəridir deyib bir əda etsəm olsun ki, sözüm çox adamları təəccübə gətirsin, nə etmək ki, həqiqətdə də belədir. Sözümü sübut etmək üçün bir az da türk tarixindən söyləyim. Tarixin yetirdiyinə görə macarların da finlandlar kimi əsilləri türk olub, sonralar, zəmanələr gəlib keçdikcə öz ana dilini və özgə millətlərə qarışmaqlarından cinsiyyətlərini itirmiş bir qövmdür.
Məşhur firəng alimi və tarix yazanı Lətun Qahun türklər və monqollar barəsində yazdığı tarixində beşinci əsrdə finlandların və macarların biz türklərlə bir cins olduqlarının və sonralar ayrılıb, indi macarlar ilə başqırdlara bir qövmdir demək olmamaq dərəcəsinə kimi dillərinin və cinsiyyətlərinin dəyişmələrini iddia edib deyir: “Macarlar ilə başqırdlar arasında bu gün təfavüt o qədər böyükdür ki, qədimdən onların bir qandan və bir nəsildən və xasiyyətləri də bir olduğunu təsdiq etmək çətindir. Və halun ki, miladın beşinci əsrindən bunların aralarında əsla təfavüt yox idi”.
Bəli, tarix macarların da türk qövmindən olduğunu sübut edib. Və bu cəhətdən Budapeştin türk şəhəri olduğunu iddia etməyimdə əsla səhv etməmişəm. Kəndlərin arasından keçəndə macar kəndçilərinin işləməyini görəndə adamın yadına dəyirman qabağında və küçələrdə dəstə-dəstə yığılıb, çubuq damaqlarında söhbət edən bizim Qafqaz türkləri düşür. Macarların səhradakı əkinlərini gördükdə insan artıq ləzzət aparır. Zəmilər bir gözəl çiçəklik kimi nəzərə gəlir. Zəmilərdə nə kol, nə də kos qoymayıblar. Qarış-qarış təmizləyib, başqa bir səliqəyə salıblar. Bir Macarıstan deyil, Avropanın hər bir məmləkətində cürbəcür şeylər əkirlər. Macarıstan kəndlərinin arasından bir-birinə çəkilən yolların cümləsinin iki tərəfində ağac əkilmiş və özləri də tukmədir.
Macarıstanın kənd yollar bizim şəhər, bağ və bulvarımıza bənzəyir. Bəli, onlar da türkdürlər, biz də türkük. Budapeştdən keçib də burada sakin olan məşhur macarların nümayəndəsi və öz millətinin fəxri olan Herman Vamberidən danışmamaq olmaz. Bu alim olan vücud macar tayfasının əslini axtarmaq və onların türk tayfası ilə olan birliyini bilmək üçün uşaq vaxtından ərəb, fars və türk dillərini öyrənməyə başlamışdı. İndi bu dilləri gözəlcə bilir. Bunları biləndən sonra səyyah və bəlkə də dərviş sifətində Asiyanın hər künc və bucağını dolandı və nəticəsində Şərq millətləri barəsində çox kitablar yazdı. Bunların cümləsindən olan onun “Türk milləti” adlı kitabı məşhurdur. Bu kitabın hər bir türk evində tapılmağı vacibdir. Amma çifayda ki, kitab indiyə kimi nəinki türk dilinə, bəlkə rus dilinə də tərcümə olunmayıbdır. Türk millətinə böyük xidmət edər o kəs ki, həmin kitabı türk dilinə tərcümə edə və ya etdirə”.
Göründüyü kimi, macarlarla türklər arasında olan bu yaxın münasibətin tarixi ən azı yüz ildən çoxdur. Ümid edirik ki, Turan qurultayları və siyasi münasibətlər əlaqələrimizi daha da sıxlaşdıracaqdır.
Paylaş: