Macarıstanın xarici işlər naziri Peter Szijarto noyabrın 19-da deyib ki, Budapeşt iki ölkə arasında davam edən diplomatik çəkişməyə görə nazirlər səviyyəsində NATO-Ukrayna Komissiyasının görüşlərini bloklayacaq.
Bununla yanaşı Szijarto deyib ki, onun ölkəsi Ukrayna xarici işlər nazirinin NATO xarici işlər nazirlərinin gələn aya planlaşdırılan görüşündə iştirakına etiraz etməyəcək, bir şərtlə ki, Gürcüstanın xarici işlər naziri də bu görüşə qatılsın.
Macarıstan və onun şərq qonşusu arasında münasibətlər ötən il Kiyev dil haqqında qanun qəbul edəndən bəri pisləşib. Budapeşt bildirir ki, bu qanun Ukraynadakı etnik macar azlığının ana dilində təhsil almaq imkanlarını məhdudlaşdırır.
2017-ci ilin martından bəri Macarıstan NATO-Ukrayna Komissiyasının bütün görüşlərini bloklayıb. Bu isə Ukraynanın şimal alyansı ilə əməkdaşlığını bütün səviyyələrdə əngəlləyir.
Szijarto Brüsseldə “Azadlıq” radiosunun müxbirinə deyib ki, “biz NATO-Ukrayna Komissiyasının görüşlərini bloklamaqda davam edirik, çünki irəliyə doğru heç bir tərəqqi qeydə alınmayıb”. Szijarto habelə deyib ki, Ukrayna xarici işlər naziri Pavlo Klimkinin dekabrın 4-5-də Brüsseldə keçiriləcək nazirlər görüşündə iştirakına yalnız bu görüşdə Gürcüstan xarici işlər nazirinin iştirakı təqdirində etiraz etməyəcək.
İyul ayında keçirilmiş NATO sammitində yaradılmış xüsusi format Gürcüstan və Ukrayna prezidentlərinin görüşə qatılmasına imkan yaratmışdı. Macarıstan və Ukrayna arasındakı münasibətlər ötən sentyabrda bir qədər də gərginləşib. O vaxt yayılmış bir videoda Ukraynadakı macar diplomatlardan birinin etnik macarlara Macarıstan pasportları payladığının görüntüləndiyi iddia edilirdi.
Kiyev bu hadisəyə Macarıstanın Transkarpatiyadakı konsulunu ölkədən çıxarmaqla reaksiya vermişdi. Buna cavab olaraq Macarıstan da Ukrayna konsulunu ölkədən çıxarmışdı.
(Azadlıq radiosu)
Paylaş: