Naxçıvanın keçmiş Təhsil naziri Nazim Əkbərovla bu dəfəki söhbətimiz məktəblə mədrəsənin müzakirəsinə həsr olundu. Təhsil sahəsində böyük təcrübələri olan həmsöhbətimizin Ovqat.com-a müsahibəsini təqdim edirik.
- Nazim müəllim, sizin üçün məktəb nə deməkdir? Müasir məktəb sizi qane edirmi?
- Ümumi götürdükdə, məktəb bir öyrənmə yeridir. Orada həyat və ondan da uzaqlara aid hər şey öyrənilir/öyrənilməlidir. Əslində, həyat özü bir məktəbdir, amma di gəl ki, biz həyatın özünü də məktəb sayəsində öyrənirik. Məktəb həyatda baş verən hadisələrin üzərinə irfan naxışları salaraq onları aydınladır, şagirdlərə ətrafda baş verənləri qavramağa hazırlayır. Eyni zamanda da çox böyük sürətlə əşya və hadisələri kəşf etmə yollarını açır və insanı düşüncə bütünlüyünə aparır, təfəkkürünü istiqamətləndirir, azdan çoxa, yaxından uzağa, sadədən mürəkkəbə gedib çatmağı öyrədir. Bu mənada məktəb eyni zamanda həm də məbəddir və o məbədin xadimləri də müəllimlərdir.
Yuxarıda dediklərim məktəbə verilən sadə tərifdir. Əsl məktəbə gəldikdə, o, fərddə fəzilət duyğularını inkişaf etdirən, məzunlarına ruh ucalığı qazandıran mələklər məkanıdır. Şagirdlərinə qeyri-əxlaqi davranışlar, onların əsasını təşkil edən çirkin düşüncə aşılayıb onları canavarlaşdıran bina görüntülü bəzi xarabalar isə bir ilan-çayan yuvasıdır.
- Nazim müəllim, vallah, məktəbi elə vəsf edirsiniz ki, əgər bir zamanlar mən də hamı kimi şagird olub məktəbdə oxumasaydım, özümü bir sirli aləmdə hiss edərdim. Bu dedikləriniz gözəldir, amma realizmdən çox romantik təsvir təsiri bağışlayır.
- Ola bilər. Real olanlar da öz reallıqlarından ayrı düşəndə romantik olmağa başlayırlar. Mən məktəbi məktəb olaraq təsvir etməyə çalışıram. İndi ki, dediklərim romantik görünür, o zaman məktəb öz real vəzifəsini, məktəbliyini itirmişdir. Yoxsa məktəb min bir çayın gətirdiyi sulardan ibarət okaen kimidir, buradakı uşaq min bir həyati keyfiyyəti qazanmış okeandır, burada uşaq insan olaraq öz mənliyinin sirlərinə yiyələnərək əşrəfi-məxluq – məxluqların ən şərəflisi olan insan olaraq formalaşır.
Bu baxımdan məktəbi insan həyatının yalnız bir parçası, bir dilimi sananlar ciddi səhv edirlər. Çünki məktəb görünüşdə insan ömrünün müəyyən bir zaman diliminə aid olsa da, əslində, o, başqa, daha böyük məktəbdəki - kainat məktəbindəki bütün dağınıq şeyləri bir yerdə görmə və göstərmə vəzifəsini yerinə yetirir (əgər yerinə yetirirsə), bununla da şagirdlərinə daima oxuma imkanını hazırlayan, susarkən belə dil açıb danışan bir yuvaya çevrilir. Məktəb həyatın yalnız bir parçasını əhatə etmiş kimi görünsə belə, bütün zamanlara hökm edən və hadisələrə sözünü diqtə edir. Bir şagird kimi məktəbə qədəm qoyan hər bir uşaq bir ömür boyu oradan aldığı dərsi təkrar edərək yaşayır. Oradan alınıb mənliyə mal edilən, mənimsənilən şeylər hər biri bir təsəvvür, bir xəyal ola biləcəyi kimi, bir həqiqət, bir hünər də ola bilər. Əsl məsələ məktəbdə qazanılanların insan üçün, onun fəzilətə gedən yolunda bir rəhbər və bağlı qapıların açarı olmasıdır. Mənliyə mal ediləməmiş elm isə insanın belinə vurulmuş bir ağır yük, həm də onu utandıracaq bir yükdür.
Bir də unutmayaq ki, məktəb dediyimiz müəssisə özünü əsasən müəllimdə təzahür etdirir. Əslində, biz məktəb deyərkən, elə müəllimi nəzərdə tuturuq, yoxsa quru, cansız divarlara məktəb desən nə olacaq, akademiya desən, nə olacaq?! Müəllimdən sonra təlim proqramları, yaxud standartlar, vəsaitlər, vasitələr, şərait, idaretmə və sair gəlir ki, bu sadaladıqlarım müəllim qədər mühüm deyildir.
- O zaman biz məktəb haqqında danışrkən müəllimdənmi başlamalıyıq?
- Bəli. Məktəb müəllimdən başlayır, müəllimdə də bitir. Amma bu gün məktəbdən danışarkən müəllimdən çox Təhsil Nazirliyindən, proqramdan, maaşdan, bir sözlə, müəllimdən başqa hər şeydən danışırlar. Müəllimdən danışmırlar, niyə? Bu suala cavab vermək çətindir, kiminin yuxarılarla haqq-hesabı var, ona görə, kiminin ailəsində, qohum-əqrabasında müəllim var, xətrinə dəymək istəmir, ona görə, kimi özü müəllimdir, qorxur, ya da üstünə toz qondurmaq istəmir, ona görə, kimi də sadəcə müəllimlik nədir, anlamır, ona görə.
- Bəs siz?
- Heydər bəy, mən müəllim ailəsində doğulmuşam, babam, atam, anam, yoldaşım, daha nə qədər qohumum, yaxınım, dostum müəllimdir, amma heç vaxt müəllimlik peşəsinə kölgə, ləkə salan bir şeyi, kim olursa olsun, gizlətməmişəm, gizlətmirəm, deyirəm. Çünki müəllimlik başqa peşələrə bənzəmir. Başqa peşələr insana lazım olanları hazırlamaq, istehsal etmək üçündür, amma müəllimlik insanı ADAM etmək üçündür. Həqiqi müəllim, saf və təmiz toxumu əkən və onu qoruyan bağban, yaxud əkinçi kimidir. O da bağban kimi əlindəkindən məsuldur – onlara kainatın nizam-intizamını tanıtmaqdan, eyni zamanda, onların gələcək inkişaflarını düzgün istiqamətləndirməkdən və onlara hədəf göstərməkdən cavabdehlik daşıyır. Allah, təlim-tərbiyəsi ilə məşğul olduğu uşağın valideynləri, həm də cəmiyyət və dövlət qarşısında məsuldur. Buna görə də müəllim olan birinin insanı korlamağa haqqı, hüququ yoxdur. Amma nə edəsən ki, belə bir ideal müəllim də azdır, yox dərəcəsindədir.
- Elə isə mövzunu qismən dəyişirəm və məktəbdən müəllimə keçirəm. Sizcə, müəllim nə deməkdir?
- İcazə verirsinizsə, sualınıza cavabı kiçik bir düzəlişlə başlayım. Bu düzəliş, qismən sualınıza da cavab olacaqdır.
“Bu günün müəllimi muallim ola bilsə, məktəbin də siması dəyişər”
- Buyurun, maraqlıdır.
- Biz bu mübarək peşənin adını səhv tələffüz edirik, səhv tələffüz etdiyimiz kimi də səhv yazırıq. Bu müqəddəs peşənin adı müəllim deyil, muallim olmalıdır. Bildiyiniz kimi, müəllim/muallim ərəb dilindən alınma sözdür. Amma ərəb dilinin zənginliyini nəzərə almayan sovet dövrü dilçiləri bilərəkdənmi, bilməyərəkdənmi, əsrlər boyu dilimizdə “muallim” kimi işlədilən sözü dəyişib “müəllim” etmişlər. Nəticədə nə olmuşdur, bilirsinizmi? Muallim – “mu” sözönü ilə elm öyrədən deməkdir: mu+allim. Buradakı şəddə, yəni qoşa “l” sözün əhəmiyyətini şiddətləndirir, artırır və elm öyrədənin gördüyü işi bir neçə qat gücləndirir. Müəllimə gəldikdə, bu sözün kökündə “ələm” durur. Yəni ələm verən, əzab, əziyyət verən. Buradakı şəddə də ələm verməyin şiddətini artırmış olur. Aradakı fərqi görürsünüzmü? Elm öyrədən hara, əzab, əziyyət, ələm verən hara! Bəlkə də elə buna görə bu günün müəllimi (əlbəttə, istisnalar vardır) muallim ola bilməyib; ola bilsə, o zaman məktəbin də siması dəyişəcəkdir. Məktəbin simasının dəyişməsi, cəmiyyətin simasının dəyişməsi deməkdir.
İndi isə sualınızın cavabını vermək istəyirəm. Müəllim (əslində, müallim) şagirdinin ona heyran olduğu, hər işində ona bənzəmək istədiyi nümunəvi insandır. Sözlərimi bir-iki misalla açıqlamaq istəyirəm.
1996-cı il idi. İşlədiyim şirkətin tabeliyində olan məktəblərdən biri biologiya fənni üzrə beynəlxalq fənn olimpiadasında iki qızıl, iki gümüş və bir bürünc medal qazanmışdı. Bu qələbənin 1996-97-ci dərs ili üçün qəbul imtahanlarına böyük təsiri olmuş, məktəbə axın olmuşdu. Lakin məktəb müvəffəqiyyətlə imtahan vermiş hər altı şagirddən ancaq birini qəbul edirdi. Buna görə də məktəbə, idarəyə müraciət edənlər çox idi.
Belə bir günlərdən birində İlyas müəllim məndən kömək istədi. Bir valideyn gəlibmiş, milliyyətcə rus olduğu üçün İlyas müəllimə tərcümə edən biri gərək idi. Mən qalxıb məktəbə getdim.
Nimdaş geyimli, zahirən maddi vəziyyəti çox da yaxşı görünməyən bir qadın idi. Mən otağa girəndə İlyas müəllim yarı türk, yarı azərbaycan dilində həmin valideynə şagirdlərin qazandıqları medalları göstərirdi. Valideyn səbrə İlyas müəllimin izahını dinləyib qurtardı, İlyas müəllimin geniş, ətraflı izahından nə anladığı məlum olmasa da təşəkkür etdi və üzünü mənə tutdu, belə dedi:
- İlyas müəllimə deyin ki, mən məktəbin qarşısındakı beşmərtəbli binada yaşayıram. İki ildir gözümü sizin məktəbdən çəkmirəm. Oğlum imtahanda iştirak edib, amma kifayət qədər bal toplaya bilməyib. Mənə kömək edin, bəlkə bir yolu var?
Deyəsən, mənim baxışlarımdan xahişinin yerinə yetirməsinin mümkün olmadığını anladı, amma yenə də ümidlə sözünə davam etdi:
- Oğlumu sizin məktəbə ona görə qoymuram ki, o da olimpiadalarda medal qazansın. Xeyir. Mən istəyirəm ki, oğlum sizim məktəbin müəllimlərinə, tərbiyəçilərinə bənzəsin.
Mən təəccüblə qadına baxdım.
- Bizim müəllimlərin, tərbiyəçilərin nəyinə bənzəyəcək ki?
Qadın bu dəfə nəsihətvari tərzdə dilləndi:
- Sizin müəllimlərə göz qoyuram. Simaları tərtəmiz, əxlaqlı, tərbiyəli... Onu da görürəm ki, şagirdləriniz onları çox sevir, ördək balaları ana ördəyin dalınca getdikləri kimi, bu uşaqlar da bütün tənəffüs boyu, dərsdən sonra müəllimlərinin, tərbiyəçilərinin arxasınca gedirlər, hətta saçlarını da onlar kimi darayırlar. Mən də oğlumu belə görmək istəyirəm.
Bax, Heydər bəy, mənim nəzərimdə müəllim budur.
Əxlaqsız alim vətəni “Uf!” demədən kimə istəsə, satar
- Dediyinizdən belə başa düşülür ki, müəllim üçün ən mühüm meyar şagirdinin qəlbinə yol tapmaqdır, eləmi? Bəs savad? Müəllimə savad lazım deyilmi?
- Müəllim üçün savad başlıca şərtdir, amma ondan öndə tərbiyə, gözəl əxlaqdır. Müəllim ən başda tərbiyəçidir, buna görə də müəllimi ölçəcək meyar əxlaq olmalıdır. Mən də, siz də çox sayda insanlar tanıyırıq ki, hər şeydən xəbərdardır, öz ixtisasını yaxşı bilir, hətta elmi dərəcəsi, vəzifəsi də vardır. Amma əxlaqca yaramazdır, işlədiyi kollektivdə nəfsinin hökmü ilə davranır, pis vərdişləri var, yalançıdır, fırıldaqçıdır, vətən, bayraq, torpaq onun üçün öz məqsədinə çatmaqdan başqa heç nə ifadə etmir. Bir insan ki hər şeydən, hər yerdən xəbər verir, amma əxlaqca naqisdir, onun bildiklərinin xeyirdən çox zərəri vardır. Məsələn, savadsız oğrunun gücü qonşunun toyuğunu oğurlamağa çatar, bilikli oğru isə dövlətin bankını, bütün sərvətini silib-süpürər. Əxlaqsız alim vətəni “Uf!” demədən kimə istəsə, satar və bundan utanmaz. Belə birinə öz övladımızı niyə əmanət edirik ki?
- O zaman nə təklif edirsiniz? Etiraf edin, tənqid etmək asandır, əgər dediklərinizlə razılaşmalı olsaq, o zaman vəziyyətimiz heç də ürəkaçan deyildir, vəziyyətdən çıxış lazımdır. Sizcə nə etməliyik?
Biz əxlaqlı insanlar yetişdirməliyik. Məktəbin ən ümdə vəzifəsi bu olmalıdır. Bir az ikrah hissi doğuracaq misal olsa da, demək lazımdır. Bizdə bir atalar sözü var. Deyir, “Neynirəm o qızıl teşti ki, içinə qan qusacağam?” Əxlaqca naqis olan adam kimə lazımdır? Hətta heç lazım deyil. Biz vərdiş etmişik, kim çox məlumat sahibidirsə, ona savadlı deyirik. Amma unuduruq ki, məlumat çoxluğu insanı ADAM eləmir. İnsanı sözün həqiqi mənasında ADAM edən onun savadı yox, əxlaqıdır. Əxlaqlı adam isə savadsız ola bilməz. Bəs əxlaqlı insanı kim yetişdirir? - Müəllim.
Tərbiyə etmək, onun ruhunun dərinliklərinə sirayət edə bilməkdir. Sirayət edib onun daxilini görə bilməkdir. Gördükdən sonra da onları lazımi şəklə sala bilmək, istiqamətləndirə bilməkdir. Buna görə də müəllim eyni zamanda mükəmməl psixoloqdur.
Müəllimlərin usta psixoloq kimi yetişdirilməsi əsas təşkil etməlidir. Bunun üçün ilk növbədə psixologiya elminin özünə yenidən baxılmalıdır. İnsanın daxili aləmi həm maddi (beyin), həm də mənəvi (ruh) əlaqəsi üzərində təşəkkül etdiyindən, psixologiya da tək maddi olmaqdan çıxarılıb maddi-mənəvi əsaslar üzərinə oturdulmalıdır. Bunsuz, yəni maddəyə əsaslanan psixologiya boş, aldadıcı və yanlışdır. Bu gün psixologiyanı Avropa psixologiyası üzərində qurmaq da yanlışdır. Psixologiya termin olaraq Avropada meydana çıxsa da, o, bir elm sahəsi olaraq əsrlər əvvəl Şərqdə dərindən öyrənilirdi. Bunu nəzərə almasaq, yenə səhv yola qədəm qoymuş olarıq.
Üçüncüsü, müəllim şagirdlərini sevməyi bacarmalıdır, onlarla müstəbid müdirin əlinin altında çalışan fəhlə, işçi kimi yox, bir dost, yoldaş kimi rəftar etməlidir, şəfqət, mərhəmət abidəsinə çevrilməlidir. Uşaqlıq, məktəbli olduğum illərdən hafizəmə bir mənzərə həkk olub və həmişə, müəllimdən söz düşəndə gözlərim önündə dayanır. Bizim şəhərdə bir rus məktəbi var idi. Onun müəllimlərinin əksəriyyəti Naxçıvanda hərbi xidmətdə olan zabitlərin arvadları idi. Dərsdən çıxarkən bu müəllimlər evə uşaqlarla birlikdə, onların əhatəsində gedərdilər. Müəllimlə şagirdləri arasında elə bir dostluq, elə bir səmimiyyət gözə çarpırdı ki, indi də xatırlayanda ah çəkməkdən başqa çarəm qalmır. Müəllim-şagird münasibətlərində bu qədər səmimiyyət, sevgi, sayqı vardırsa, o müəllimin dərsindən iki alan, dərsini oxumayan olarmı? Olsa belə, o şagirddə qəddarlıq, kin, nifrət hissi rəndələnib təyinatına görə yer almazmı? Bizim müəllimlərlə şagirdlər arasında poladdan, betondan bir sədd var idi. Biz belə görmüşük, ona görə də çoxumuz bunu normal qəbul edirik. Hətta bu gün də bəzlərimiz keçən günləri xatırladanda bu sözləri deməkdən həzz alırıq: “Bizim vaxtımızda fikirləşərdik ki, görəsən, müəllim də çörək yeyir?”
Bu, bəlkə bir tərəfdən müsbət qiymətləndirilə bilər, amma özünüz deyin, şagirdini yaxşı tanımayan, hətta onun valideynlərindən də yaxşı tanımayan, onun qəlbinə yol tapmayan bir müəllim şagirdini necə tərbiyə edəcək? Valideyninə hansı məsləhətləri verə biləcək?
“Hər hansı bir yad dildə təhsil almağa niyə qarşıyam?”
- Amma Nazim müəllim, mən sizi yazılarınızdan rusca təhsilin əleyhdarı kimi tanıyıram. İndi isə rus məktəbindən misal gətirirsiniz. Özünüz özünüzə qarşı gəlmirsinizmi?
- Yox, Heydər bəy. Bu tamamilə başqa məsələdir. Mən yuxarıda rus təhsilinin üstünlüyündən danışmadım, müəllimin şagirdə münasibətinin necə olması gərəkliyini nəzərə çatdırmaq istədim. Rus dilində, yaxud hər hansı bir yad dildə təhsil almağa həmişə qarşıyam. Çünki uşağını yad dildə təhsilə verənlər ölkəni tədricən o dünyagörüşünün, o ideologiyanın, o dilin sahibi olan dövlətin işğalına təhvil vermiş olur. Bu məsələ çox ciddi, çox vaxt aparan məsələdir və qismət olarsa, ayrıca, ətraflı danışarıq. İndi isə yarımçıq qalan çarə məsləsinə qayıdaq.
Çarə təhsil sisteminə əsaslı surətdə əl gəzdirməkdir. Bu sistem kamil insan yetişdirməyə qabil deyildir. Bu sistemin adı kapitalist sisteminə xidmət edən bacarıqlı adam yetişdirmə sistemidir. Əgər bu sistemdən az-çox sözün həqiqi mənasında insan çıxırsa, bunda məktəbin rolu azdır, ya ailədən gəlir, ya da irsidir, genlərində vardır.
Biz göz görə-görə övladlarımızı mənən qətl edirik.
Biz təhsil sistemimizdə köklü islahat aparılmalı, bunun üçün də ilk növbədə dünyaya nəhəng dahilər verən təhsil sistemini tənqid etməkdən onu tədqiq etməyə keçməliyik. Xaqaniləri, Nizamiləri, Füzuliləri, İbn Sinaları, Fərabiləri, Sinanları, Uluq bəyləri, Tusiləri, Əcəmiləri, minlərlə adını çəkmədiyimiz dahiləri yetişdirən sistem necə idi ki, ondan bu cür dahilər yetişirdi? Siz heç bu mövzuda ciddi elmi iş yazan, dissertasiya müdafiə edən birinə rast gəlmisinizmi? Mən bir-ikisini tanıyıram, onlar da baxışları materialist olduğundan sovet dövrü məntiqinə əsaslanmış, məsələnin sirrini görə bilməmiş, gah nala, gah mıxa vurmuşlar.
Bizim müəllim yetişirmə sistemimiz kökündən dəyişməlidir. İlk növbədə müəllimlik fakültəsinə qəbul abituryentin diaqnostik qiymətləndirilməsindən başlamalıdır. Müəllim olmaq istəyənin bu peşəyə layiq olub-olmadığı, bu peşədə müvəffəq olub olmayacağı əvvəlcədən ölçülməli, qiymətləndirilməlidir. Müəllim olmaq istəyənin əxlaqi keyfiyyətləri, ünsiyyət bacarıqları, insanlara sevgisi, şəfqəti, mərhəməti müəyyənləşdirilməlidir.
Heydər bəy, görürəm, yenə sual vermək istəyirsiniz. Amma sualınızın mahiyyəti məlum olduğu üçün onu dinləmədən cavab vermək istəyirəm. Bəli, ilk baxışdan bu, çox müşkül kimi görünür. Amma gəlin, məsələnin ciddiliyinə baxaq, sonra çətini asana çevirməyin yolunu axtaraq.
Siz gözünüzdən, özünüzdən qiymətli olan övladınızı birinə həvalə edirsiniz. Bu biri on bir il, on iki il, hətta daha çox müddətdə sizin göz bəbəyiniz övladınızı şəkilləndirəcəkdir. Siz buna necə baxırsınız? Necə gəldi, kim oldu, övladınızın gələcəyini, taleyini ona etibar edərsinizmi? Evdəki xarab olmuş hər hansı bir məişət əşyanızı bələd olmadığınız, etibar etmədiyiniz ustaya vermədiyiniz halda, canınızdan qiymətli övladınızı tanımadığınız, əxlaqına, savadına, qabiliyyətinə bələd olmadığınız, yaxud etimad bəsləmədiyiniz bir müəllimə necə və niyə verirsiniz? Məgər övladınız o məişət əşyasından dəyərsizdir? Amma veririk, həm də çox rahat.
Düzdür, bu gün mənzərə belədir, amma bu mənzərə normal deyildir, anormaldır. Biz göz görə-görə övladlarımızı mənən qətl edirik. Buna görə də göz bəbəyimiz övladlarımızı təhvil verəcəyimiz müəllimi yetişdirməkdə yolumuz başqa olmalıdır.
Yuxarıda psixologiyanın tədrisinə verilməli olan tələblərdən danışdığım üçün bunun üzərindən keçib digər mühüm məsələyə toxunmaq istəyirəm. Pedaqoji fakültələrdə milli-mənəvi dəyərlərimizdən klassik dilimiz və əlifbamız tədris olunmalıdır. Öz keçmişi ilə əlaqəsini itirmiş müəllim gələcəyimiz olan nəsli hansı zəmin üzərində hazırlayacağını bilməlidir. Sizə adi bir misal çəkim: filologiya, tarix, coğrafiya, fəlsəfə kimi fakültələrdə klassik dilimiz öyrədilirmi? Yox. Bax, elə buna görədir ki, klassik ədəbiyyatımız əsrdən çoxdur səhv tədris edilir; tariximiz erməni, rus, yəhudi müəlliflərin 70 il qoyduqları əsaslar üzərində davam edir; düşüncə tariximiz dinimizdən ayrı öyrədilməyə çalışılır və sair və ilaxır. Bu halda bizim yetişdirdiyimiz insanlar hansı xalq, hansı millət, hansı dünya üçün hazırlanır? Bu sual mühümdür.
Məktəb, yoxsa mədrəsə?
- Bu çox çətin məsələdir və həlli, sözün düzünü deyim ki, mümkün görünmür.
-Elədir, sizinlə razıyam. Amma əgər doğrudan da bir iş, faydalı bir iş görmək istəyiriksə, o zaman bu işin bir tərəfindən tutmamız lazım deyilmi? “Başlamalıyıq,” deyiriksə, o zaman bir yerdən başlamalıyıq. Başlamaq üçün də itirdiyimiz yeri tapmalıyıq. Əgər mənim evdə cibimə pul qoyub işə yollanmışamsa və yarı yolda cibimdəki pulu salıb itirdiyimin fərqinə varmışamsa, onu tapmaq üçün nə edirəm? İtirdiyimi anladığım yerdən başlayıb geriyə, gəldiyim tərəfə getməyim lazımdır. Bu məntiqlə məsələyə yanaşsaq, biz də Nizamilər, Nəsimilər, Əcəmilər yetişdirən məktəbi itirdiyimiz yerə geri qayıtmamız lazımdır.
Bizim mədrəsə sistemində belə bir problem yox idi, amma sonralar bu da oldu. Əvvəllər mədrəsə sistemi həm təbiət, həm mənəvi elmlər üzərində təşəkkül tapmışdı. Azərbaycanın istilası ərəfəsində artıq mədrəsələr dünyəvi elmlərdən uzaqlaşmağa başladılar və istiladan sonra bu proses sürətləndi. Nəticədə mədrəsə Avropada təhsil alanların məsxərə obyektinə çevrilərək tədricən silinib getdi.
“Baxdılar ki, düşünən insan bunlara əl vermir…”
- Demək istəyirsiniz ki, məktəb yerinə mədrəsə işlədək?
- Yox, bugünkü məktəb elə məktəbdir, ona görə də adı belə qalsa yaxşıdır. Nə zaman məktəb olmaqdan çıxdı, mədrəsə keyfiyyətinə keçdi, o zaman özü öz adını alacaqdır. Heydər bəy, “məktəb” sözü “ktb” (كتب) kökündən törəmədir: kitab, katib, məktəb. Məktəb kitab oxudulan yerdir, bizim bu günkü təhsil müəssisəsi kimi. Mədrəsə isə - “drs” (درس) kökündən olub dərs deyilən, öyrədilən, qarşısındakı yetişdirən, kamilləşdirən mənalarını verir. “Dərs”də isə təkcə kitab oxutmaq, fənləri öyrətmək yox, həm də tərbiyə etmək vardır. Vardır və cəsarətlə demək olar ki, ilk sıradadır, kitab oxutmaq, fənləri öyrətmək, elmi biliklər vermək ikinci sıradadır. Bəlkə buna görədir ki, mədrəsənin yetişdirdikləri korifey ola bilirdilər, məktəbin yetişdirdikləri korifeyliyə can atanlardır. İnanmırsınız, dönüb, geriyə baxaq, kimlər var? İbn Sinalar, Fərabilər, Əcəmilər, Ömər Xəyyamlar, Razilər, Piri-Rəislər, Sinanlar, Nizamilər, Füzulilər, Nəsimilər, Tusilər... Bu siyahını çox, lap çox uzatmaq olar, bir neçə səhifədən ibarət siyahı çıxarmaq olar.
Biz ad qoyarkən, öz ruhumuzun diqtəsini yerinə yetirmiş oluruq. Yeri gəlmişkən, nə oldu, nə baş verdi ki, biz maarifdən təhsilə keçdik? Bəlkə xatırlayarsınız, bəlkə yox. Keçən əsrin 80-ci illərinədək SSRİ-də bu günkü təhsil müəssisənin adı maarif idi. Maarif nazirliyi, maarif şöbəsi və sair. Burada insanları düşünməyi öyrətməli idilər, amma bunu edə bilmədilər, əzbərçiliyə öyrətməli idilər. Füzuli yada düşdü:
Hikməti-dünyavü mafiha bilən arif deyil,
Arif oldur, bilməyə dünya-vü mafiha nədir?
“Arif” sözü lüğəti mənasına görə həm maddi, həm də axirəti, mənəvi olan aləmləri bilən adama deyilir. Füzuli burada nə deyir? Dünyanın və axirətin hikmətini bilən arif deyil, ondan da o yana, Allahı haqqı ilə tanıyan arifdir. Çünki ariflər həmişə təfəkkür halındadırlar, onlar varlığı dərk etməyə çalışırlar və bu təfəkkür nəticə etibarı ilə insanı Varedənə aparmalıdır. Buna görə də hər təfəkkür arifliyə aparmır.
Amma baxdılar ki, düşünən insan bunlara əl vermir, əzbərçi adamlar sərfəlidir. Dəyişdilər, Maarif Nazirliyi Təhsil Nazirliyi, Maarif şöbəsi Təhsil şöbəsi oldu. Çünki biz maarifdən, arif yetişdirməkdən əl çəkib savadlı, oxumağı, yazmağı və hesablamağı bacaran adam yetişdirməyə keçdik.
Bilirsiz, Heydər bəy, keçən əsrin 90-cı illərində mitinqlərdə tez-tez səslənən bir şüar var idi: “Ey türk, özünə qayıt, sən özünə qayıdanda böyük olursan!” Bax, bu sözlərdə həqiqət var. Hər bir xalq özünə qayıdanda böyük olur, başqasını təqlid edəndə yox. Başqasını təqlid edənə nə deyirlər? - Təlxək. Böyük olmaq istəyən təlxəklikdən uzaq olmalı, hətta bunu ağlına belə gətirməməlidir. Biz özümüzə qayıtmadıqca, hər şey boş, mənasızdır və bizə yox, bizi təlxək halına salmaq istəyənlərə, yaxid təlxək kimi saxlamaq istəyənlərə sərfəlidir. Biz dünyaya elm və mərifət, mədəniyyət gətirmiş xalqıq. İndi bizim gətirdiklərimizi dönüb öz malları kimi bizə satmalarını qəbul etmirəm, edə bilmirəm.
- Son olaraq nə deyərdiniz?
- Son olaraq heç nə. Müəllimlik peşəsində son yoxdur, çünki onun əsas vəzifəsi Sonsuzu kəşf etmək, Sonsuzu öyrətməkdir. Amma mütləq bir söz deməliyəmsə, o zaman müəllimlərə müəllimlikdən maullimliyə keçmələrini, muallimlik kimi müqəddəs, təsəvvür edilə bilməyəcək qədər bahalı olan peşələrini pul kimi ucuz bir şeyə satmamalarını tövsiyə edirəm.
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: