Doğrudan da bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident bildirib ki, həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi: "Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər".
Dövlət başçısı vurğulayıb ki, indi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır. Ancaq bu da çox düşünülmüş formada olmalıdır.
"Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi - bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var.
O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür", - deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı çıxışına əlavə edərək deyib: "Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur.
Bu seçki prosesində müşahidəçi kimi qardaş Türkiyənin nümayəndələrinin iştirakı bizi xüsusilə sevindirir. Bir daha sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Türkiyə Böyük Millət Məclisindəki Azərbaycan-Türkiyə dostluq qrupu bundan sonra da iki ölkə arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verəcək və siz də qeyd etdiyiniz kimi, mən də buna tam əminəm ki, Türkiyə parlamentinin istənilən üzvü Azərbaycanla dostluq qrupunun üzvüdür. Çünki bizdə də eyni yanaşmadır. Biz bundan sonra da birlikdə böyük işləri davam etdirəcəyik". \\Sfera.az
Paylaş: