Xəbər lenti

 Bu yaxınlarda yazıçı Əlabbas Bağırovun “Gözəl” adli hekayəsini oxudum. Daha doğrusu, hekayəni Səməd Hətəmovun qiraətində dinlədim. Aldığım təəssürat o qədər maraqlı və sarsıdıçı oldu ki, onu sizinlə  bölüşməyi qərara aldım.
Gözəlliyin nisbi olduğunu hesab edirəm. Çünki birinə gözəl görünən o birinə kifir görünə bilər və tam əksinə. Lakin ümumi qəbul edilmiş gözəllik standartları olub hər xalqın.
 Qarabağda  boylu-buxunlu, sərv qamətli, ağbəniz, uzun saçlı qızlar çox idi.  Bu qızların təbii gözəlliyi insanı valeh edirdi. Gözəllikdən danışarkən elə öz bibilərimi və xalami da deyd edə bilərəm. Kiçik bibim hamıdan gözəl idi. İncə belli, hündür boylu, iri gözlü bu qızı görən ona vurulurdu. Bəxtina əvvəl əfsanəyə bənzər sevgi, sonra oğul-qız anası, ən sonda isə şəhid anası olmaq yazıldı bu gözəlin. Ömrünün sonuna qədər gözəlliyini, sevgisini – hər şeyi oğlunun həsrətinə bağışladı, lakin Qarabağ müharibəsində itkin düşmüş oğlu hələ də  gəlib çıxmayıb...
Bu tale, bu bəxt çöx acınacaqlıdır, lakin oxuduğum “Gözəl” hekayəsinin qəhrəmanının taleyi mənə daha dəhşətli göründü.
Əsər gözəl bir qadının qardaşı oğlu tərəfindən söylənilən hekayədir. Müəllifin bu üsulu seçməsi də təsadüfi deyil, məncə. Bu üsul yazıçı tərəfindən oxucunu daha da təsirləndirmək məqsədilə seçilib sanki.  Əsərin balaca qəhrəmanının:  “Bibi, bibi, ay bibi!”- deyə qopardığı haray indi də qulağımdadır. 
Əsər gözəl bir qarabağlı qızın  erməni əsirliyindən qayıtdıqdan sonrakı həyatından bəhs edir. Elə əsərlər var ki, onları oxuduqdan sonra bir müddət susursan. Əsərin yaxşı və yaxud pis olduğu haqda düşünə bilmirsəm, çünki  o səni səndən alıb başqa bir aləmə apara bilir. Əlabbas müəllimin “Gözəl” əsəri məhz belələrindəndir.
Müəllif dünyaya sığmayan faciəni kiçik bir hekayəyə ustalıqla yerləşdirib. Burda suallar və cavablar var. Burda mühakimə və müdafiə var. Burda qeyrət deyilən anlamın öz qiyməti, öz dəyəri var. 
Qarabağ müharibəsinin yaddaşımıza yazdığı faciələrdən biridir bu hekayə. Son ana qədər qardaş oğlunun bibisi haqda danışdıqlarını dinlədikcə haldan-hala düşür oxucu. Və sonda mütləq sakitcə göz yaşlarını silib düşünür: “gözəllləri qoruya bilməyənlərin özlərinin yaşamağa haqqı varmı? Əsirlikdə olan qadınlarımızın ahı bizi yaşamağa qoyacaqmı? Və nəhayət, bu faciələrin qisası nə zamansa alınacaqmı?”
Təəssüf  ki, mənim bibim də bu dünyadan oğlunun qisası alınmadan getdi...
Əsərin qəhrəmanının da qisası alınmayıb hələ.
Zənnimcə, qadın həmişə kişinin namusu olub. Gözəl qadınların həmişə müdafiəyə, xilasa ehtiyacı var. Qadının bəzən mənəvi dayağa daha çox ehtiyacı olur. O, sussa da, dərdini heç kimə deməsə də, içində həmişə bu dayağı axtarır, gözləyir. Tapmadıqda isə nələrə əl atacağını təsəvvür etmək belə çətindir.
Əsərin məzmununu, onun qəhrəmanlarının adlarını bilərəkdən açıqlamıram ki, ona yarada bildiyim marağınızı qoruyub saxlayasınız. Tək onu demək istəyirəm ki, əsərdə bir nakam qızın həyatında baş verənlərdə müqəssir olan Qarabağ müharibəsinin törətdiyi faciənin bir kiçik hissəsi məharətlə təsvir olunub.
Əsərin qəhrəmanı olan gözəl qız sonda faciəvi şəkildə ölür. Ölür ki, onu müdafiə edə bilməyən kişilərə ölümüylə cəza versin.
Bu gözəl qadın ölümüylə onu qoruya bilməyən kişilərdən daha güçlü olduğunu sübut edir. Məncə, budur bu kiçik hekayənin böyük qayəsi.
Müəllifə dərin təşəkkür hissiylə uğurlar,  Sizlərə isə Əlabbas Bağırovun “Gözəl” hekayəsini oxumağı tövsiyə edirəm.


Ana səhifəyə qayıt        Baxış: 2 244          Tarix: 14-07-2020, 10:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma