Ötən axşam Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Təxribat nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Bu da erməni vandalizminin növbəti nümunəsi. Düşmən artıq bizi hərbi və mülki şəxs deyə ayırmır. Hədəfdə uşaq olsa belə, öldürməkdən çəkinmir.
Halbuki dünyanın hər yerində qəbul olunub ki, müharibə mülki şəxslər arasında getmir. Savaş yalnız hərbçilərə aiddir.
2 yaşlı Zəhranın ölümü Azərbaycan ictimaiyyətini sarsıtdığı qədər beynəlxaq aləmə də təsir edəcəkmi? Yadınızdadırsa, 2015-ci ildə dəniz yolu ilə Türkiyədən Yunanıstana keçmək istəyən suriyalı qaçqınların qayığı çevrilmiş və 3 yaşlı körpə Aylan Kurdi dənizdə boğulmuşdu. Dalğalar uşağın cəsədini dəniz kənarına çıxarmışdı. Həmin vaxt az qala dünya mediasının bir nömrəli xəbəri bu hadisə oldu. Körpənin fotoları tezliklə tirajlanaraq dünyanın hər yerinə çatdırıldı. Bu beynəlxalq cinayət idi. Zəhranın başına gələn olay da bundan fərqli deyil, hətta daha dəhşətlidir. 2 yaşlı balamız atəşkəs rejimində yaşadığı rayonunda düşmənin açdığı atəş nəticəsində öldü. Amma nədənsə, beynəlxalq aləm bu hadisə qarşısında hələ ki, susur. Bu da eynilə beynəlxalq cinayət deyilmi? Uşaq qatillərinə qarşı bu qədər tolerant davranmaq nə dərəcədə düzgündür?
“Uşağın şəkillərini yaymasaq, kim hardan biləcək?”
Millət vəkili Fazil Mustafa Publika.az-a bildirdi ki, hadisəni beynəlxalq müstəvidə ictimailəşdirmək üçün körpənin fotolarını yaymaq lazımdır:
“Onsuz da Suriyada hər gün yüzlərlə hadisə yaşanır və heç də bu hadisələrin hamısına dünyanın reaksiyası yetərincə deyil. Bu münaqişəyə isə beynəlxalq aləmdə lokal münaqişə kimi yanaşırlar. Burada əsas yük beynəlxalq aləmin yox, öz üstümüzə düşür. Mətbuat bunu gündəmdə saxlamalı, sosial şəbəkələrdə şəkillərini yaymalı, şəhidin fotolarını beynəlxalq qurumlara göndərməliyik. Artıq Parisdə, Londonda, ABŞ-da da gündəlik terror olur. Ona görə biz kimdənsə nəsə gözləmək əvəzinə özümüz addım atmalıyıq. Bunu da xaricdəki lobbi etməlidir. Biz o uşağın şəkillərini, valideynlərinin açıqlamasını yaymasaq, kim hardan biləcək? Xarici işlər nazrilərinin qarşıdakı görüşündə də bu məsələ qaldırımalıdır”.
Politoloq Elxan Şahinoğlu da suriyalı körpənin ölümünün beynəlxalq səviyyədə ictimailəşməsini vizuallıqla əlaqləndirir:
“O hadisədə vizualıq var idi deyə bütün dünyada gündəmə çevrildi. 3 yaşlı körpənin islaq cəsədi dəniz kənarında hərəkətsiz vəziyyətdə qalmışdı. Buna görə də şəkil dünya mətbuatında tirajlanmışdı. Düşünürəm ki, Füzulidəki olayda körpənin güllə yarası almış cəsədini çəkib yaymaq etik cəhətdən doğru deyil. Bəlkə də beynəlxalq dərəcədə ictimailəşmənin qarşısını alan fakt da budur”.
Politoloq Natiq Mirinin fikrincə isə beynəlxalq qurumlardan nəsə gözləməkdənsə, özümüz proses yaratmalıyıq:
“Dünyanın nəhəng gücləri və beynəlxalq təşkilatları əsasən, xristianların nəzarəti altındadır. Ona görə də müsəlmanlara qarşı törədilən hadisələrdə biz ikili standartlar görürük. Xüsusilə də Dağlıq Qarabağ münaqiəşsinə fərqli yanaşma var.
Dünən şəhid olan körpənin ölümünə beynəlxalq aləmin reaksiyasını gözləməkdənsə, özümüz bir proses yaratmalıyıq. Çünki bu bir beynəlxalq cinayət hadisəsidir. Çünki bütün müharibələrdə mülki vətəndaşlara qarşı müharibə aparılımır. Dünən öldürülən nənə və nəvə mülki vətəndaşlardır. Biz bunu beynəlxalq təşkilatlara çatdırıb konkret tələblər qoymalıyıq. Ya onlar buna adekvat reaksiya verməlidir, ya da Azərbaycan BMT-nin nizamnaməsində göstərilən hüququndan istifadə edərək özü adekvat cavab verməlidir. Bu hərəkat lokal hərbi əməliyyatlar və bir neçə rayon və kəndin işğaldan azad olunması ola bilər”.
Cocuq Mərcanlıya köç ərəfəsində əhalinin gözünü qorxutmaq istəyi
Bu yerdə sual yaranır. Nəyə görə ermənilər məhz Cocuq Mərcanlıya köç ərəfəsində bu təxribata əl atdı? Bəlkə onlar əhalinin yenidən Dağlıq Qarabağa qayıtmaması üçün göz qorxutmaq istəyirlər? Başa düşmürlər ki, aprel döyüşlərində də dinc əhalini gülləbaran etmişdilər, amma xalqımız qorxmamışdı.
Natiq Mirinin açıqlamasına görə, Sarkisyan hakimiyyəti bununla əhalini qorxutmağa çalışırsa, yanlış yoldadır:
“Əslində zaman-zaman bu cür təxribatlardan istifadə olunur. Ancaq bu gün Sarkisyan hakimiyyəti düşünürsə ki, lokal hadisələrlə Azərbaycan ictimaiyyətinin gözünü qorxudacaq, bu çox gülməli olardı. Çünki güclənən ordumuzun sayəsində xalqımızın bir qorxusu yoxdur. Fikir verirsinizsə, cəbhə xəttində status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini gözləyirlər. Mənə elə gəlir ki, bu cür təxribatla Azərbaycan ictimaiyyətini qorxutmaq absurd bir düşüncədir”.
Nazirlərin görüşü öncəsi bilərəkdən törədilmiş təxribat?
Nəzərinizə çatdıraq ki, 11 iyulda Avstriyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Görüş öncəsi bu cinayət Azərbaycanı növbəti təxribata çəkmək üçün də ola bilər. Amma Azərbaycan Minsk qrupunun həmsədrlərinin də iştirak edəcəyi bu görüşdə Zəhranın ölümünü qabardaraq, Ermənistanın işğqalçı əməllərini ortaya qoya bilər.
E.Şahinoğlu bildirir ki, Azərbaycan etiraz olaraq bu görüşdən imtina etməlidir:
“Zənnimcə Azərbaycan bu cinayətə etiraz olaraq, görüşdən imtina etməlidir. Bu Ermənistan üçün ən yaxşı cavab olardı. Çünki onsuz da bu görüşdən heç bir nəticə gözlənilmir”.
N.Miri isə bu hadisəyə görə, həm ATƏT-in, həm də hansısa başqa bir qurumun Azərbaycan qarşısında ittihamedici bəyanatla çıxış edə bilməyəcəyini vurğulayır:
“Bu məsələdə erməni tərəfinin açıq təxribatı var. Çünki aprel hadisələrindən sonra Ermənistan bütün sülh danışıqlarını sistematik olaraq sabotaj edir. Yenidən danışıqlar masası gündəmə gələn kimi Ermənitan bu cür təxribatlarla aranı qarışdırmaq istəyir. Mənə elə gəlir ki, bu məsələni həmsədr dövlətlərin qarşısında qaldırmaq lazımdır”.
Paylaş: