Xəbər lenti

  

Mosul işğaldan azad olduqca üzə çıxan sənədlər İŞİD adlı kabusun içüzünü tam çılpaqlığı ilə ortaya qoyur.

Ovqat.com İraq mətbuatına istinadən xəbər verir ki, dünən İŞİD-in məhkəmə sənədləri içərisindən Mosulda kölə ticarətinin rəsmi xarakter aldığını, hakimlərin hökmü ilə qadınların cinsi kölə kimi satıldığını təsdiqləyən alqı-satqı müqaviləsi ələ keçirilib.

Möhür və barmaq iziylə imzalanan müqavilə Nəcmə Səid adli bir Yezidi qızının 1500 dollara Əbu Zübeyrə satıldığını təsdiqləyir.

“İŞİD Məhkəmə Divanı” adlı qovluqda 221 saylı sənəd olaraq saxlanılan müqaviləyə görə, 16 Avqust 2016 tarixində İŞİD-çi Əbu Zübeyir, Nəcməni Əbu Mömin adlı silahdaşından alıb və qadın əsirin adı dəyişdirilərək, Səbiyyə qoyulub.

Sənəddə, həmçinin,  Nəcmənin fiziki özəlliklərindən də bəhs edilir: “Nəcmə Səid İsmayıl, digər adıyla Şəbi, 20 yaşlıdır, bal rəngində gözləri, incə bədən quruluşu var."

Müqavilədə daha  sonra qeyd olunur: "Bu qadın qənimətin (Nəcmə) sahibi Əbu Mömindur, o, öz mülkiyyətini Əbu Zübeyirə satır və bundan belə, qadının sahibi Əbu Zübeyrdir”.

İŞİD qazisi alqı-satqı müqaviləsini bu sözlərlə təqdiqləyir: "Bu mövzuda Əbu Zübeyr və Əbu Mömin qardaşlar, mənim nəzarətimlə məhkəmədə razılığa gəldilər”.

Qazinin sözlərindən sonra sənədə məhkəmə şahidləri Əbu Tibə və Əbu İzzəddin adlarının altında hər iksinin barmaq iziylə yanaşı imzası və İŞİD məhkəməsinin mühürü vurulub.

Bu sənəd ortaya çıxdıqdan sonra İraq mətbuatının araşdırması zamanı qadın kölənin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, Nəcmə İsmayıl 2014-cü ilin avqustunda bütün ailəsiylə birlikdə Senqal vilayətindən qaçırılıb. O, Səid İsmayılın 10 övladından biriymiş. Övladların 7-si oğlan, 3 isə qız imiş. Ailə qaçırıldıqdan sonra kişi üzvlərin başı kəsilib, qadın üzvlər isə kölə kimi bazara çıxarılaraq satılıb.

  Nəcmənin əmisinin bildirdiyinə görə, 3 gün əvvəl qardaşı qızı telefonla ona zəng edib və hazırda sahibinin öldürüldüyünü, özünün isə əgər bombardımandan sağ qurtulsa, İraq gücləri tərəfindən xilas olunmasına az qaldığını bildirib. Nəcmə onu da etiraf edib ki, indiyə qədər 10 dəfə müxtəlif adamlara satılıb, valideynlərinin və digər ailə üzvlərinin taleyindən isə xəbəri yoxdur.

Nəcmənin yaşadığı Senqala 2014-cü ilin avqust ayında hücum edən İŞİD minlərlə insanı qaçırmışdı. Qaçırılanlar daha sonra cinslərinə görə ayırd edilmiş, kişilər qətlə yetirilmiş, qadınlar isə cariyə kimi kölə bazarına çıxarılmışdı. Qeyri rəsmi məlumatlara görə, təkcə Senqaldan 6800 Yezidi qızı müharibə qəniməti kimi əsir götürülmüşdü. Müxtəlif yaşlarda olan bu qadınlardan indiyə qədər 4500-nün xilas edildiyi bildirilir. Maraqlıdır ki, xilas edilənlərin böyük qismi seks köləsi kimi istifadə edilib “köhnəldikdən” sonra öz ailələrinə satılıblar.




Ana səhifəyə qayıt        Baxış: 1 376          Tarix: 7-07-2017, 08:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma