Azərbaycan münasibətlərin beynəlxalq hüquq normaları əsasında, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində normallaşmasının tərəfdarıdır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə deyib. Onun bu fikirləri Ermənistan tərəfinə necə “od qoyubsa”, tüstüsü hələ də İrəvanda hiss edilir. Elə bu səbəbdəndir ki, Bayramovun fikirləri İrəvanda geniş müzakirələrə yol açıb.
KONKRET.az xəbər verir ki, erməni analitik Romella Mnatsakanyan öz məqaləsində bu məsələ ilə bağlı fikirlərini səsləndirib.
“Lavrov Ceyhun Bayramovun bu fikirlərinə heç bir şəkildə etiraz etməyib. O həmçinin Azərbaycan prezidenti İlham Əliyevin 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının dislokasiya yerlərini tərk etməyə məcbur olunacağı ilə bağlı bəyanatları haqda bir kəlmə də danışmayıb. Bundan başqa, Lavrov və Bayramovun görüşündə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı məsələsi də müzakirə olunub. Bəli, rəsmi Bakı məhz bu cür açıq danışır. Və etiraf etmək lazımdır ki, istəyinə nail olur. Ən azından Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Andrey Volkovun bəyanatından belə bir nəticə çıxır. Volkov Azərbaycan-Ermənistan sərhədində gömrük məntəqəsinin yaradılacağını bəyan edib. Yəni, Rusiya yenə boyun əyir və Türkiyə-Azərbaycan tandemi qarşısında zəiflik nümayiş etdirir” – erməni analitik vurğulayıb.
Daha sonra erməni anlitik məqaləsində qarşıdurma yaradacaq fikirlər səsləndirərək öz xislətini nümayiş etdirir: “Türkiyə və Azərbaycan dəfələrlə Ukraynaya dəstək verən bəyanatlar səsləndirir. Azərbaycan SOCAR şirkəti vasitəsilə yanacaqla kömək edir, yüzlərlə ton humanitar yük göndərir. Türkiyə isə “Bayraktar”lar da daxil olmaqla Ukraynanı silahla təmin edir və Rusiyanın raket zərbələrinin nəticələrinin aradan qaldırılmasına yardım göstərir. Xüsusilə, Türkiyənin gəmiqayırma şirkəti “Karpowership” Ukraynaya üzən “elektrik gəmiləri”nin tədarükü ilə bağlı danışıqlar aparır. ABŞ isə Putin üçün Nürnberq sazişinin iki versiyasını hazırlayıb. Birinci halda, Ukrayna BMT Baş Assambleyanın xeyir-duası və beynəlxalq ictimaiyyətin siyasi dəstəyi ilə ikitərəfli saziş bağlaya bilər. İkinci variantda Ukrayna Aİ və ya Avropa Şurası ilə birlikdə daxili məhkəmə yarada bilər. Belə tribunalın isə BMT Baş Assambleyasında səsvermə yolu ilə əlavə beynəlxalq dəstək alması mümkündür” – Romella Mnatsakanyan bildirib.
“Nəhayət, dekabrın 5-də neft embarqosu qüvvəyə minib. Yəni Rusiya limanlarından çıxan və xam neft olan tankerlər Avropa İttifaqı ölkələrinin limanlarına gedə bilməz. Bu, Rusiyanın xam neft ixracından əldə etdiyi gəlirin iki dəfə azalacağına gətirib çıxaracaq. Aİ-yə qaz satışından əldə edilən gəlirlər də minimuma enib. Üstəlik, Rusiyanın yerini Azərbaycan tutur. Bu, reallıqlardır. Rusiya artıq nəinki müttəfiqlərinin, heç öz təhlükəsizliyini təmin etmək, maraqlarını qorumaq iqtidarında deyil. Biz regiondakı vəziyyəti dəyərləndirərək bunu başa düşməliyik. Rusiya yumşaq desək, bədbəxt olub” – deyə erməni analitik fikirlərini tamamlayıb.
KONKRET.az
Paylaş: