Xəbər lenti

 

“Ovqat.com”un məlumatına görə, bu gün teatr və kino aktyoru, Azərbaycan Dövlət Musiqili Teatrının tanınmış aktyoru Cəbrayılov Ziyadxan Azad oğlunun doğum günüdür.

O, 1 iyun 1947-ci ildə Şamaxı rayonunda doğulub. 1970-ci ildə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı xalq yaradıcılıq evində "Qaravəli" xalq teatrının rejissoru vəzifəsində işləyib. 1975-ci ildə Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə İncəsənət İnstitutunun Musiqili-komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1985-ci ildə "LRS" folklor ansamblında aktyor kimi fəaliyyətə başlamışdır.

1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində "Bəbirlinin kələyi"ndə Nazir, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, R.Səfər "Baş tutmayan hiylə"də Ağacdələn, Çaqqal, S.Ələsgərov "Özümüz bilərik"də Qəzetçi Səfdər, "Məlik Məmmədin nağılı"nda Aşbaz, "Məzəli əhvalat"da Təlxək, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, E.Sabitoğlu "Hicran"da Həkim, S.Ələsgərov "Hərənin öz ulduzu"nda Kələntər, E.Sabitoğlu "Nəğməli Könül"də Fərrux kişi, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da Hambal, E.Sabitoğlu "Hələlik"də Kar kişi, R.Şəfəq "Bir saat xəlifəlik"də Axund Vali, E.Sabitoğlu "Qırmızı papaq"da Canavar, Meşəbəyi, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, Samuray, R.Hacıyev "Talelər qovuşanda" Professor, O.Kazımov "Qızıl toy"da Əcnəbi, E.Sabitoğlu "92 dəqiqə gülüş"də Polis, O.Rəcəbov "Əlin cibində olsun"da Polis, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Şəppəli, R.Mustafayev "Məsmə xala dayımdır"da Biznesmen, V.Adıgözəlov "Aldın payını, çağır dayını"da Zığ-Zığ, E.Sabitoğlu "Bankir adaxlı"da Zərgər, S.Fərəcov "Bir günlük siğə"də Sələmçi, O.Rəcəbov "Şeytanın yubileyi"ndə Polis, Cangüdən kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.

Ziyadxan Cəbrayılov bir neçə kinolara da çəkilmişdir - Oyun (film, 2003), Yeni həyat (2005), Balqabaq (film, 2007), Afaq Gülür Güldürür (veriliş), Qayınanamız (serial, 2015).

Ziyadxan Cəbrayılov uzun sürən xəstəlikdən sonra 30 aprel 2016-cı ildə vəfat etmişdir və aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunub.

Qeyd edək ki, 46 illik səhnə fəaliyyətinə baxmayaraq aktyora heç bir fəxri ad verilməyib.

Ovqat.com Ziyadxan Cəbrayılovun illər öncə oynadığı tamaşa və kinolardan fotoları təqdim edir:

 

                           

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 280          Tarix: 1-06-2017, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma