Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki, "Arşın mal alan" Astarada həvəskar aktyorlar tərəfindən tam fərqli dildə hazırlanır
Dahi Azərbaycan bəstəkarı, musiqişünas-alimi, dramaturqu, və istimai xadimi, peşəkar Azərbaycan musiqisi və operasının banisi Üzeyir Hacıbəyovun bir çox publisistik məqalələri, operaları və musiqili komediyaları var. Bunlardan ən məşhurları "O olmasın, bu olsun" və "Arşın mal alan" operettalarıdır. "Arşın mal alan" musiqili komediyası bir neçə ölkədə və fərqli dillərdə səhnələşdirilib. Hazırda isə bu musiqili komediya Astarada həvəskar aktyorlar tərəfindən tam fərqli dildə hazırlanır. Kakalos kənd "Xalq Teatrı" Astara Rayonu Kakalos kənd Folklor evində fəaliyyət göstərən həvəskar aktoyrlardan təşkil edilən M.Şəhriyar adına Kakalos kənd Xalq Teatrı Dahi Üzeyir bəyin "Arşın mal alan" operettasını talış dilində hazırlayırlar. Teatrın quruluşçu rejissoru Fərbiyə xanım Şabanova bu sözügedən teatrın ötən əsrin 50-ci illərində yaradıldığını bildirdi. 1 / 3 © SPUTNİK / RAHİM ZAKİROĞLU M.Şəhriyar adına Kakalos kənd Xalq Teatrı "Kəndimizdə fəaliyyət göstərən Xalq teatrı təxminən 1950-55-ci illərdə həvəskarlar tərəfindən yaradılıb. Mən o zaman orta məktəbdə oxuyurdum. Mən bu kəndə təyinatımı alandan sonra Xalq teatrına rəhbərlik etməyə başladım. Kakalos kənd Xalq teatrı 1992-ci ilə kimi Kakalos kənd Folklor Evində "Dram dərnəyi" adlandırılıb. İlk böyük tamaşamız 1992-ci ilin fevral ayında Astara Rayon mərkəzində İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərinin səhnələşdirilməsi olub və məhz həmin tamaşadan sonra Dram dərnəyimizin adı o vaxtkı Mədəniyyət Nazirliyi tərəfindən dəyişdirilərək M.Şəhriyar adına Kakalos Xalq Teatrı adlandırılıb. Teatrımızın repertuarında bir çox əsərlər: Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin və digər ədiblərimizin əsərləri səhnələşdirilib. Hal-hazırda teatrımızın 20-dən artıq aktyoru var. 2016-cı ilin ölkə başçısı tərəfindən Multikulturalizm ili elan edilməsindən sonra Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını talış dilində səhnələşdirmək qərarına gəldim. Hazırda tamaşanın məşqləri gedir. Tamaşada bütün personajların dialoqları talış dilində səsləndirilir, amma mahnılar əsərdə olduğu kimi Azərbaycan dilində oxunur" — Fərbiyə xanım qeyd edib. Fərbiyə xanım həmçinin bildirib ki, "Arşın mal alan" musiqili komediyasının talış dilində olan tamaşası sentyabr-oktyabr aylarında tam hazır olub səhnələşdiriləcək.
Paylaş: