M.Ə. Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı işıq üzü görüb. Oxuculara təqdim olunan bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin 50-yə yaxın məktubu, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan dilində nəşr edilib.
Həmin məktubların əksər hissəsi 1988-ci ildə diplomat və mühacirət tarixinin görkəmli tədqiqatçısı Ramiz Abutalıbov tərəfindən Parisdə aşkarlanaraq, Azərbaycana gətirilib.
Kitabın ikinci hissəsini təşkil edən “Şəfibəyçilik” əsəri ötən əsrin 20-30-cu illərində həm Azərbaycan siyasi mühacirəti, həm də Müsavat Partiyası daxilində cərəyan edən prosesləri anlamaq baxımından çox qiymətli tarixi mənbədir.
Kitab Klubu tərəfindən nəşr edilmiş toplunun tərtibçisi, ön sözün və izahların müəllifi tarix elmləri doktoru Aydın Balayevdir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Moskvada fəaliyyət göstərən “Məmməd Əmin Rəsulzadə Məclisi” cəmiyyətinin dəstəyi ilə nəşr olunub.
Paylaş: