Xəbər lenti


Paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. Halbuki bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə ərazisindəki bütün avtovağzallar belə bağlanıb.
Amma paytaxtda avtovağzalın qarşısından demək olar ki, bütün bölgələrə sərnişin daşınır. Bu, həm mikroavtobuslarla, 7-8 nəfər tutumu olan minivenlərlə, həm də 4 nəfərlik minik avtomobilləri ilə həyata keçirilir.

Sürücülər təsdiq edirlər ki, hər gün paytaxtdan bölgələrə, o cümlədən də əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurlar.
Sərnişinlər də şəhərlərarası avtobuslar işləmədiyindən əlacsız qalıb bu tip nəqliyyat vasitələri ilə rayonlara getdiklərini deyirlər. Baxmayaraq ki, balaca bir avtomobildə 7-8 nəfər yaxın təmas şəraitində 4-5 saat yol qət edirlər. Belə olduqda da virusa yoluxma riski daha yüksək olur.
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, sürücülərin hansısa icazə əsasında fəaliyyət göstərmələrinə dair dedikləri yalandır və bütün sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir. Amma o deyib ki, belə sürücülər və yaxud da daşıyıcı şirkərtlərlə bağlı hər hansı bir ölçü götürmək mümkün deyil. Bəs bu cür kiçiktutumlu avtobuslarda yoluxma halının qarşısını almaq üçün şəhərlərarası ictimai nəqliyyatın hərəkətinə icazə verilə bilərmi? 
Nuridə Allahyarova bildirdi ki, əgər ictimai nəqliyyatın rayonlara gediş-gəlişinə rəsmi qaydada icazə verilsə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı qabaqlayıcı tədbirlər görəcək.





Ana səhifəyə qayıt        Baxış: 2 496          Tarix: 16-03-2021, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma