Xəbər lenti

Son zamanlar mütəxəssislər dünyanın böyük dövlətləri arasında faktiki olaraq “ticarət müharibəsi”nin başladığından bəhs edirlər. ABŞ-la Çin, Hindistan, Rusiya və Avropa İttifaqı ölkələri arasında belə bir situasiya yaranıb. Bu meyilin meydana gətirə biləcəyi geosiyasi mənzərə də aktual mövzu hesab olunur. Bir sıra ekspertlərin fikrinə görə, bu prosesdə aparıcı rolu Amerika-Çin münasibətləri oynayacaq. Onun mümkün inkişaf ssenarilərindən asılı olaraq dünyada fərqli geosiyasi mühit yarana bilər. Mütəxəssislərin irəli sürdükləri dörd mümkün təkamül ssenarisinə görə, bütövlükdə dünyada qeyri-müəyyənlik arta bilər. Lakin istənilən halda geosiyasi ağırlıq mərkəzinin Asiya qitəsinə keçməsi proqnozlaşdırılır. Bu isə Zbiqnev Bjezinskinin məlum proqnozunun özünü doğrultmaqda olmasını göstərir. Deyilənlər məsələ üzərində daha geniş dayanmaq zərurətini şərtləndirir.

Ziddiyyət və təkamül: dünya fərqli seçimlərin astanasında

Ekspertlər dünyanın böyük dövlətləri arasında “ticarət müharibəsi”nin başlayacağı haqqında xəbərdarlıq etmişdilər. Artıq bu prosesin getdiyini təsdiq edən faktlar mövcuddur. ABŞ, Rusiya, Çin, Hindistan, Avropa İttifaqı ölkələri arasında ticarət müharibəsi bir reallıqdır. Onun qısa mahiyyəti belədir ki, tərəflər bir-birinin mallarına vergini yüksəldirlər. Bu rəqəm təqribən 25 faiz civarındadır. Öncə Amerika prosesə başladı. Sonra Çin, Hindistan, Rusiya və Aİ cavab tədbirləri gördülər. Fakt ondan ibarətdir ki, dünya üzrə ticarətin aparılmasında yeni əngəllər meydana gəlir. Bu da bir tərəfdən iqtisadi qloballaşmaya zərbədir, digər tərəfdən isə geosiyasi proseslərə ciddi təsir edə bilər.

Hazırda analitiklər ABŞ-Çin münasibətlərində dörd ssenarinin reallaşa biləcəyini proqnozlaşdırırlar. Onlardan birincisi “Vaşinqton konsensusu 2.0” adlanır (bax: Андрей Кортунов. Китай и США в Азии: четыре сценария на будущее / РСМД, 8 iyun 2018). Bu ssenari heç olmazsa müvəqqəti də olsa, Asiyada geosiyasi status-kvonu saxlamağı nəzərdə tutur. ABŞ-la Çin arasında qüvvələr balansı pozulmur. Həmin proses iki ölkə arasında ticarət nisbəti defisitinin hiss ediləcək dərəcədə azalması ilə mümkün ola bilər. Deməli, bu ssenari ABŞ və Çin arasındakı “ticarət müharibəsi”nin nəticələri ilə sıx bağlı götürülür (bax: əvvəlki mənbəyə).

İkinci ssenari “hind-çin oxu” adlanır. Amerika Çinin sürətli inkişafına əngəl ola bilməsə, qüvvələr nisbəti Pekinin xeyrinə dəyişəcək. Amerikanın daxili siyasi parçalanması dərinləşsə, bu vəziyyət daha real cizgilər əldə edəcək. Digər tərəfdən, Vaşinqtonun böyük dövlətlərlə başladığı “ticarət müharibəsi” onun Asiyadakı mövqeyini daha da zəiflədə bilər ki, bunun da mümkün nəticələrindən biri Çinin Asiyada əsas ticarət subyektinə çevrilməsi olar.

Bu halda Pekin Hindistana ciddi güzəştlər edə bilər. Məsələn, sərhəd problemlərini yoluna qoyar və Hindistanı Cənubi Asiyanın supergücü kimi qəbul edər və s. Hindistan isə “Bir qurşaq, bir yol” layihəsinə qoşular. Yəni, Hindistan ilə Çin arasında əlaqələr daha çox ticarəti, tədricən isə siyasi sahəni də əhatə edər. Bu proses Asiyada “Hindistan-Çin” geosiyasi oxunun yaranmasına aparıb çıxarar. Moskva isə Hindistan-Çin tandeminin Hindistan-Çin-Rusiya “üçlüyü”nə qədər genişlənməsinə çalışa bilər (bax: əvvəlki mənbəyə).

Üçüncü ssenari kimi “qüvvələrin çoxqütblü balansı” götürülür. Bu ssenari regionda Amerikanın hegemonluğunun qorunub saxlanması variantı üzərində qurulur. Lakin hesab olunur ki, Asiyada sosial-iqtisadi problemlər kəskinləşir. Məsələn, Çin və Hindistanda sosial-iqtisadi problemlərin ağırlaşması millətçiliyin və siyasi radikalizmin yüksəlməsinə təkan verir. O cümlədən sərhəd və digər ərazi problemləri milli prioritetlərə daxil olur və populistlərin mövqeyi möhkəmlənir. Onun nəticələrindən biri də silahlanma yarışının güclənməsidir.

Bütün bunlar həm regionda siyasi sabitsizliyə yol açır, həm də iqtisadiyyatda proteksionizmə yeni təkan verir. Bu proseslər Asiyada nüfuz uğrunda müxtəlif böyük güclərin mübarizəsini gücləndirir. Rusiya, Avropa və ABŞ arasında gərgin rəqabət başlayır. Ancaq Vaşinqton bir qədər kənara çəkilərək, digər qüvvələrin mübarizəsini izləyə və onlara balanslaşdırıcı rol təklif edə bilər. Paralel olaraq Hindistanı özünə daha da yaxınlaşdırar. Eyni zamanda, Çinə regionda ona rəqib olan dövlətlərlə münasibətləri tənzimləməkdə yardımını təklif edər. Məsələn, Pekinin Yaponiya, Koreya, Vyetnam, Avstraliya, Hindistan, Yeni Zelandiya ilə münasibətlərinin müəyyən çərçivədə saxlanmasına kömək edər. Bu isə Amerikaya öz liderliyini qoruyub saxlamaqla qüvvələrin çoxqütblü balansını təmin etməyə imkan yaradar.

Nəhayət, dördüncü ssenari “yeni ikiqütblülük” adlanır (bax: əvvəlki mənbəyə). Bu, eyni zamanda, Çinin güclənməsini və Asiyada sosial-iqtisadi və hərbi-siyasi sabitliyin ümumi azalmasını nəzərdə tutur. Region dövlətləri Pekinlə Vaşinqton arasında seçim etməkdə çətinlik çəkirlər. Öncə Asiya regionu, sonra isə bütövlükdə beynəlxalq sistem “çin” və “amerikan” bloklarına bölünürlər. Onlar siyasi, hərbi-strateji və mümkündür ki, iqtisadi qarşıdurma şəraitində mövcud olurlar. Yeni ikiqütblülük tədricən yeni oyun qaydalarını formalaşdırır, uyğun sənədlər qəbul edilir və silahlanma üzərində yeni nəzarət mexanizmləri yaradılır.

“Böyük qırılma xətti”: tənəzzülün sərhədi

Mütəxəssislər hesab edirlər ki, bu ssenaridə əsas məqam “böyük qırılma xətti”nin haradan keçməsi ilə bağlı olacaq. Bu ifadə altında ABŞ və Çinin nüfuz sferasını necə bölüşəcəyi və hansı dövlətin vasitəçi rolunu oynayacağı nəzərdə tutulur. Bu rolda Hindistan nəzərdən keçirilir ki, onun da konkret məzmunu aydın təsəvvür olunur. Çünki situasiya çoxlu sayda faktorlarla bağlıdır. Məsələn, gözlənilir ki, bu ssenaridə Çin-Yaponiya münasibətləri daha da gərginləşə, Rusiyanın Çindən asılılığı isə güclənə bilər (bax: əvvəlki mənbəyə).

Ancaq bütün variantlarda yeni ikiqütblülüyün təhlükəli və daha az sabit ola biləcəyi ehtimal edilir. O, gec-tez öncəki üç ssenaridən birinə təkamül edə bilər (bax: əvvəlki mənbəyə).

Belə görünür ki, hazırkı geosiyasi-hərbi və iqtisadi vəziyyətdə qlobal “ticarət müharibəsi” dünyada qüvvələr balansına ciddi təsir edə biləcək təkamül ssenarilərinə yol aça bilər. Burada aparıcı rolu ABŞ və Çin münasibətlərinin oynaya biləcəyi ehtimal edilir. Yuxarıdakı ssenarilərdən aydın olur ki, məhz bu iki dövlətin qarşılıqlı münasibətlərindən asılı olaraq fərqli yeni əməkdaşlıq və ya ixtilaf xətləri formalaşa bilər.

Bununla yanaşı, mütəxəssislər sanki sinxron olaraq geosiyasi mübarizə meydanının Asiya olacağını qəbul edir, bundan sonrakı qlobal proseslərin mərkəzində Uzaq Şərqin, Sakit okean hövzəsinin və Cənubi Asiyanın sürətlə inkişaf edən dövlətlərini görürlər. Bu, süni olaraq belə edilir, yoxsa geosiyasi və iqtisadi-hərbi proseslərin məntiqi nəticəsi kimi təqdim olunur? Bu suala indi cavab vermək çətindir, çünki dünyada o dərəcədə mürəkkəb proseslər müşahidə edilir ki, onları vahid “məntiqi sapa düzmək” olduqca çətindir.

Ancaq bu vəziyyətdə bir məqamı vurğulamağa əsas vardır. Belə ki, “ticari müharibə” bütövlükdə dünyanın geosiyasi mənzərəsini gərginliyə sürükləyir. Böyük dövlətlər arasında artıq formalaşmış əlaqələr qırılır. Özü də bu, yalnız iqtisadi sferanı əhatə etmir. Siyasi, hərbi, mədəni sahələrdə əlaqələr ya zəifləyir, ya da tamamilə qırılma təhlükəsi qarşısında qalır. Ən pisi də odur ki, bütün bunlar dövlətlərarası ixtilafların meydana gəlməsi ilə müşayiət olunur.

Belə çıxır ki, qlobal “ticari müharibə”, ümumiyyətlə, dünyanın mövcud nizamını poza bilər. Beynəlxalq sistemdə yeni problemlər meydana gələr. Bu dərəcədə geniş təsirə malik prosesin hansı məqsədlə körükləndiyi aydın deyil. Əgər bu, bütövlükdə antiqloballaşma hərəkatdırsa, onda daha səmərəli alternativ irəli sürülməlidir. Bunu isə hələlik müşahidə etmək olmur. Yalnız dağılma və xaosa apara biləcək davranışlar gözə dəyir.

Deməli, bütün dünya üçün risk faktoru artır. Qlobal “ticarət müharibəsi” bu meyili daha da gücləndirir. Risklərin və intensivliyin artması ilə dünya siyasəti daha çox qeyri-müəyyən vəziyyətə transformasiya olunur. Təbii ki, belə olan halda beynəlxalq münasibətləri tənzimləmə mexanizminin hüquqi aspekti də müəyyən çətinliklərlə üzləşir. Hətta bir sıra məqamlarda o, işləmir. Buradan ayrı-ayrı dövlətlərin beynəlxalq hüquqa qarşı fəaliyyət göstərməsi ehtimalının da artdığını demək olar. O cümlədən terrorizmin və radikalizmin yüksəlişi gözləniləndir.

Cənubi Qafqazla bağlı bu, erməni terroru və separatizminin əl-qolunun açılması anlamına gəlir. Böyük dövlətlər ticarət sahəsində sərt rəqabətə girib, hüququ pozurlarsa, Ermənistan kimi izqoy ölkələr “bulanıq suda balıq tutmaq” həvəslərini artıra bilərlər. Onlar başqa cür varlıqlarını saxlaya bilmirlər. Yəni getdikcə gərginləşən qlobal geosiyasi vəziyyətdə hər an regional müharibə alovlana bilər. Ölkələr bunu göz önündə tutmaq məcburiyyətindədirlər.

 

Newtimes.az

 




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 23-06-2018, 06:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma