
Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Cənubi Qafqaz və dünya geopolitikası üçün çox önəmli hadisə baş verəcək. Söhbət Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişi istiqamətində atacaqları ilk addımdan gedir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması barədə əldə olunan razılaşmanın rəsmən elanı da gözlənilir.
Bir çoxları hələ də bu hadisənin reallaşmasına şübhə ilə yanaşır. Bəziləri Rusiyanın bacardığı qədər bu prosesə mane olacağını düşünür. Mən isə fərqli fikirdəyəm. Fikrimcə, bu məsələ mart ayında həll olunub, Rusiya da Cənubi Qafqazdan və Yaxın Şərqdən vaz keçib. Yəqin ki, yaxın zamanlarda Mərkəzi Asiyadan da gözünü çəkəcək. Onu maraqlandıran yeganə bir coğrafiya var – Ukrayna.
Zənnimcə, Vitkoffun mart ayının 13 və ya 14-də Moskvaya səfəri zamanı Rusiya liderləri ilə apardığı danışıqlarda bu məsələ də gündəmdə olub. Təsadüfi deyil ki, Vitkoff Kremldə sövdələşməsini başa vuran kimi, təyyarəsinə minib Bakıya yollanmışdı. Əgər Moskvada elə bir gizli razılaşma olmasaydı, Vitkoff dərhal Azərbaycana gəlməz, Vaşinqtona gedərdi. Görünür, Moskvada əldə olunan razılaşmalardan sonra ABŞ-ın xüsusi nümayəndəsi əldə etdiyi uğuru isti-isti yerinə yetirməyə tələsib.
Maraqlıdır ki, Vitkoffun Moskvaya və Bakıya səfərindən bir neçə gün əvvəl ABŞ yəhudi icmasının 50-dən çox ravvini Avraam razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət etmişdilər. Ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın da İbrahim razılaşmasına daxil edilməsini istəyirdilər. Onlar həmçinin ABŞ Konqressinin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin ləğvini də tələb edirdilər.
Bu gün İlham Əliyevin Vaşinqtonda ABŞ rəsmiləri ilə keçirilən görüşlərdə də eyni məsələlərin müzakirə olunduğu bildirilir. İddiaya görə, yaxın günlərdə 907-ci düzəliş tamamilə ləğv olunacaq. Azərbaycanın İbrahim sazişinə qoşulması da istisna edilmir.
Üstəlik, son zamanlar Qazaxıstanın da Rusiya ilə münasibətlərini yenidən gözdən keçirdiyi vurğulanır. Qardaş ölkənin Rusiya vasitəsilə Avropaya qaz nəqlini dayandırdığı, Transxəzər xəttinə üstünlük verdiyi bildirilir. Tokayev bu yaxınlarda Ankaraya səfərində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla 20-dən çox müqavilə imzaladı. Bu müqavilələr arasında Orta dəhlizin açılması, hərbi əməkdaşlıq, Qazaxıstan ordusunun NATO standartlarına uyğun silahlanması və s. kimi addımlar nəzərdə tutulurdu. Təbii ki, bütün bunlar Qazaxıstanın da artıq öz geosiyasi mövqeyini yeni dövrün tələblərinə uyğun müəyyənləşdirməsinin əlamətlərindəndir. Yəqin ki, yaxın zamanlarda Özbəkistanın da bənzər addımlar atacağının şahidi olacağıq.
Qısası, mənim fikrimcə, Azərbaycanın indi atdığı addımlar, o cümlədən Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə keçməsi barədə razılaşmalar Vitkoffun mart ayında Moskvaya, ardınca da Bakıya etdiyi səfərlər çərçivəsində artıq öz həllini tapıb. Bu gün Vaşinqtonda baş tutmasını gözlədiyimiz təmtəraqlı imzalama mərasimləri isə diplomatik zəfərin rəsmi paradından başqa bir şey deyil.
Sual oluna bilər: Rusiya bu mərasimə necə reaksiya verəcək?
Fikrimcə, ya başını aşağı salıb seyr etməklə kifayətlənəcək, ya da İran kimi danışıqlı döyüş moduna keçib Azərbaycanın Ukraynadakı qaz və neft obyektlərinə bir-iki uğursuz hücumlar edəcək. Çünki Rusiya rəsmilərinin mart ayında Vitkoffla görüşündə, böyük ehtimalla, Moskvanın Ukraynadakı hərəkətlərinə göz yummaq müqabilində Cənubi Qafqazın, hətta Orta Asiyanın belə Qərbə inteqrasiyası, daha doğrusu, Qərblə Şərq arasında dəhlizə çevrilməsi razılaşdırılıb. Məhz bu səbəbdən də Tramp Putinə keçən ay 60 günlük möhlət vermis, “bu müddət ərzində nə qədər bacarırsan, torpaq ələ keçir”, - demişdi. Rusiya isə ona verilən möhlətdə də böyük uğurlar qazanmadı.
Bundan sonra onun qarşısında bir yol qalır: bükə bilmədiyi biləyi öpüb yerində oturmaq və özünü vuruşurmuş kimi göstərərək rus xalqının qəzəbindən yayınmaq.
Təbii ki, bu tamaşanın inandırıcı alınması üçün rus politoloqları arada televiziyalara çıxıb “qaşlarını qaldırmaqla” məşğul olacaqlar. Azərbaycan isə onlara “it hürər, karvan keçər” məntiqi ilə yanaşacaq. Zira Rusiyanın da öz məmləkətlərində oturub hormonik dərmanlarla şişirtdiyi qolunun əzələsini hərdən oynatmaq haqqı var.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: