Ekspert: “Regional müharibələr qlobal xarakter alacaq, qarşıdurmalar Ukraynadan Yaxın Şərqə və Hind-Sakit okean kimi coğrafiyalara yayılacaq”
NATO Baş katibi Mark Rutte Ukraynaya Rusiya ilə hər hansı sülh danışıqlarını təxirə salmağı təklif edib. Bu haqda “The New York Times” xəbər yayıb. “Rutte Ukraynaya Qərb müttəfiqləri kifayət qədər hərbi yardım göndərənə qədər Rusiya ilə hər hansı sülh danışıqlarını təxirə salmağı təklif edib”, - nəşr yazıb.
Alyansın yeni rəhbəri hesab edir ki, Ukrayna Qərb müttəfiqləri Kiyevin döyüş meydanında uğur qazanmasına və danışıqlarda mövqeyini gücləndirməsinə kömək etmək üçün kifayət qədər hərbi yardım göstərənə qədər Rusiya ilə istənilən danışıqları mümkün qədər təxirə salmalıdır: “Sülh prosesinin necə görünə biləcəyini indi ətraflı müzakirə etməyin mənası yoxdur”.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlamağa hazır olduğuna özü qərar verməli, Qərb isə Kiyevin mövqelərini gücləndirməyə kömək etməlidir. “Bu sülh danışıqları başlayanda Ukraynanın güclü mövqedə olması üçün lazım olan hər şeyə sahib olduğundan əmin olmalıdır. Buna görə də deyərdim: daha çox hərbi yardım və sülh prosesinin nə ola biləcəyi ilə bağlı daha az müzakirə”, - o əlavə edib.
Maraqlıdır ki, Moskvanın özü də sülh danışıqlarına həvəsli görünmür. “Rusiya və Ukrayna arasında danışıqlar üçün heç bir əsas yoxdur”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml nümayəndəsi qeyd edib ki, Qətər də daxil olmaqla, bir çox ölkə danışıqların onların ölkəsində aparılmasını təklif edir. Bu arada Tramp administrasiyasının yaxın vaxtlarda Ukrayna üzrə sülh planını müzakirə etmək üçün xüsusi işçi qrupu yaratmağı planlaşdırdığı haqda məlumat yayılıb. “The Wall Street Journal (WSJ)” isə yazıb ki, Ukrayna Rusiya ilə danışıqlara və sazişin bağlanmasına açıq olduğunu bəyan etməyə hazırdır. Nəşrə görə, Kiyev “sülhə hazır olduğunu” vurğulamaq niyyətindədir, lakin “bu sülh davamlı olmalıdır”.
Mənbələr həmçinin Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə “münasibətlər qurmaq” məqsədi ilə Vaşinqtona səfər etdiyini bildirib. Ukrayna rəsmiləri ilə görüşdə ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Ceyms Vens, gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals və Trampın Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırdığı Keyt Kelloq iştirak edib. Ukraynanın keçmiş lideri Pyotr Poroşenko isə “Facebook” sosial şəbəkəsində yazıb ki, Trampın vəzifəyə rəsmi başlamasından sonra ABŞ Ukraynaya öldürücü silahlar verəcək. Bu kimi ziddiyyətli açıqlamalarda əlahəzrət həqiqət haradan keçir? İlin sonuna danışıqlar başlaya bilərmi?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Donald Trampın seçkilərdən əvvəl verdiyi geniş əhatəli sülh vədlərinə inananlar sadəlövh illüziyaya qapılırlar: “Sülh ilə Trampın siyasi xarakteri bir-birinə zidd anlayışlardır. Tramp hakimiyyətə gəlmək üçün bu cür populist ideyalar ortaya atır, bununla da vergi yükünün azalmasını, milyardlarla dollar vəsaitin ABŞ əhalisinin rifahına xərclənməsini istəyən seçicilərin səsini almağa çalışırdı. Seçki bitdi və Trampın növbəti dəfə seçilmək şansı yoxdur. Dolayısıyla onun verdiyi vədləri həyata keçirmək kimi dərdi də olmayacaq. Üstəlik, onun hakimiyyəti dövründə atılacaq bir çox addımların təməlləri indidən qoyulur. Bu da Trampa özündən əvvəlki hakimiyyəti günahlandırmaq fürsəti verəcək. Beləcə, Tramp rəhbərliyi altındakı ABŞ hökumətinin yürüdəcəyi militarist siyasətin məsuliyyətlisi kimdir, bilinməyəcək. Tramp rahatlıqla sələfini, Bayden və ya Demokratlar isə faktiki hakimiyyəti qınayacaqlar. Amma sələflərlə xələflər arasında gedən mübahisələr quru bəyanat olmaqdan o tərəfə keçməyəcək. Reallıqda isə lokal və regional müharibələr qlobal xarakter alacaq, qarşıdurmalar Ukraynadan Yaxın Şərqə və Hind-Sakit okeanı kimi coğrafiyalara yayılacaq. Gürcüstanın qarışdırılması onu göstərir ki, Cənubi Qafqaz da bu atəşin içərisinə düşə bilər”.
Heydər Oğuzun fikrincə, Rusiya da bunun fərqindədir və bacardığı qədər münaqişələrin böyüməməsinə çalışır: “Bilirsiniz ki, noyabrın 27-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun telefon danışığı aparıb. Məlumata görə, telefon söhbətində bir sıra təhlükəsizlik məsələləri ilə yanaşı, Ukraynadakı münaqişə də müzakirə olunub. Telefon söhbətinin rusiyalı nazirin təşəbbüsü ilə baş tutduğu bildirilir. Bu isə o deməkdir ki, Moskvanın da dalağı sancıb və ən yüksək səviyyədə nəbz yoxlaması aparır”.
Heydər Oğuzun fikrincə, Kreml Tramp hakimiyyətinin sülh gətirəcəyinə əmin olsaydı, onun prezidentlik kürsüsünü təhvil alacağı 20 yanvar 2025-ci il tarixinə qədər dözər və Vaşinqtona zəng etməzdi: “Məntiqlə, əgər Tramp Ukraynanın torpaq itkisi və Rusiyanın xeyrinə sülh gətirəcəksə, cəmi 2 ay səbir edib ”tələnin əsl sahibi" ilə görüşərdi. Moskva isə tələsir və ABŞ-ın Ukrayna ilə bağlı gələcək planlarını öyrənmək üçün Pentaqonun ən yüksək rütbəlisi ilə danışmağı məsləhət bilir. Məncə, bu səbəbsiz deyil. Bayden hökumətinin gedərayaq atdığı bəzi addımlar və Trampın isə buna laqeyd qalması Moskvada əsl həyəcan sıqnalı effekti yaradır. Bilirsiniz ki, Vaşinqton bu yaxınlarda Ukraynaya öz silahlarından Rusiyanın dərinliyini vurmaq izni verdi. Sözsüz ki, bu icazə Tramp hakimiyyətə gələnə qədər Ukrayna cəbhəsində ekskalasiyanı artırmaq və döyüşlərin davamını qaçılmaz hala gətirmək məqsədi güdürdü. Bundan əlavə, ABŞ parlament seçkilərinin keçirildiy və Rusiya tərəfdarı namizədin daha çox səs topladığı Rumıniyaya Qərbyönümlü kursundan əl çəkməməsi və Vaşinqtonla təhlükəsizlik əlaqələrinin zəiflətməməsi üçün ciddi xəbərdarlıq yolladı. Əks halda Amerika investisiyalarının azalacağını vurğuladı. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında bildirilirdi ki, Rusiyanın xarici siyasətində “istənilən dəyişikliklər ABŞ-Rumıniya təhlükəsizlik əməkdaşlığı üçün ciddi mənfi nəticələrə səbəb olacaq və xarici investisiyaların məhdudlaşdırılması qərarı ABŞ şirkətlərini Rumıniyaya investisiya qoymağa davam etməkdən çəkindirəcək”. Bu bəyanat Qara dənizdə ABŞ-ın mühüm müttəfiqinə çevrilməsinə baxmayaraq, Rusiyaya meyllənmək istəyən Rumıniya xalqını açıq şəkildə təhdid etmək demək idi. Bənzər hadisələri biz Gürcütan və Suriya sahəsində də görürük. Bilirsiniz ki, Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində ABŞ bir sıra gürcü rəsmilərinə sanksiya tətbiq etdi. Bu, haqlı olaraq, Tiflisdə seçkilərə birbaşa müdaxilə kimi qiymətləndirildi. Seçkilərdən 1 ay keçəndən sonra yəni noyabrın 28-də Aİ onun nəticələrini tanımadğını bəyan etdi və Gürcüstan qarışdı. Maraqlıdır ki, Suriyada HTŞ üsyanı da eyni günə təsadüf edirdi. Və elə həmin Rusiyanın Müdafiə naziri öz ABŞ həmkarına zəng edib Ukrayna və regional məsələləri barədə fikir mübadiləsi apardı".
Heydər Oğuz eyni və yaxın günlərdə baş verən bu hadisələrin təsadüfi olmadığına inanır. Onun fikrincə, Rusiya da ABŞ-ın onu Aralıq və Qara dənizlərdə yeni münaqişələrə cəlb etmək istədiyini düşünür: “Görünür, Valeri Gerasimovla Çarlz Braun arasındakı telefon söhbətində də bu mövzular əsas müzakirə mövzusu olub. Rusiyanın müdafiə nazirinin Heyəti Təhrirüş-Şam qüvvələrinin Suriyaya hücum etdiyi sıralarda ABŞ həmkarına tələsik telefon açması iki supergüc arasındakı gərginliyin kulminisiya nöqtəsinə çatdığından xəbər verir”.
Növbəti münaqişə ocağının İran-İsrail arasında yaşanacağını proqnozlaşdıran Heydər Oğuzun fikrincə, Suriyada baş verənlərin əsas səbəblərindən biri də İranı münaqişəyə cəlb etməkdir: “Ümumiyyətlə, son zamanlar Yaxın Şərqdə baş verənlər onu göstərir ki, bu regionda hesablaşmalar təkcə İranla İsrail arasında olmayacaq. Böyük ehtimalla ərəb dünyası da münaqişənin əsas tərəflərindən birinə çevriləcək. Bilirsiniz ki, İran Suriyaya ordu göndərmək istəyini bəyan etdi. Tehran bu addımı atarsa, İraqdakı sünnü qruplar və körfəz ölkələri də proseslərə laqeyd qalmayacaq. Nəticədə əvvəl lokal xarakter daşıyan məhzəb müharibələri dövlətlərarası müharibəyə çevriləcək”.
Siyasi şərhçi Cənubi Koreyada dövlət çevrilişinə cəhdi də bu kontekstdə dəyərləndirir: “Bilirsiniz ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol bir neçə gün əvvəl ölkədə fövqəladə vəziyyət elan etmişdi. Bu qərarı onunla əsaslandırmışdı ki, Şimali Koreya guya bu ölkədə dövlət çevrilişi etmək istəyir. Zənnimcə, Yun Sok Yolun bu qərarı Şimali Koreya ilə müharibəyə hazırlığına bəhanə yaratmaq cəhdi idi və yəqin ki, Trampın hakimiyyətinə gəlməsi ilə gərginlik ocağı Hind-Sakit okeana da sıçrayacaq. Nədən ki, Trampın əsas düşmən kimi gördüyü tərəf Çindir və Hind-Sakit okean ətrafındakı müttəfiqlərini açıq şəkildə ona qarşı böyük qarşıdurmalara hazırlayır”.
Həmsöhbətimiz hesab edir ki, dünyanın böyük müharibələrə hazırlanması ABŞ-ın təkbaşına Rusiya ilə savaşın effektiv nəticə vermədiyi qənaətinə gəlməsindən qaynaqlanır: “Ukrayna savaşı göstərdi ki, İran, Çin, Şimali Koreya kimi dövlətlər Rusiyanın təklənməsinə razı olmur, bacardıqları qədər onu dəstəkləyirlər. Əlbəttə ki, bu dəstək Rusiyanın qara qaşına aşiqlikdən doğmur. Çin də, İran da, Şimali Koreya da başa düşür ki, Rusiya sıradan çıxarıldıqdan sonra sıra onlara gələcək. Odur ki, Rusiyanı dəstəkləyib təhlükəni onun üzərinə çəkərək, təhlükəni özlərindən uzaqlaşdırırlar. Belə vəziyyətdə hərbi strategiya həmin ölkələri də öz əzəli düşmənləri ilə döyüşdürməyi tələb edir”.
Bir sözlə, Heydər Oğuzun fikrincə, 20 yanvar 2025-ci il qlobal müharibələrin yeni pilləyə atlaması kimi tarixə düşəcək və təbii ki, müharibənin yeni pilləyə çıxarılması Ukraynasız baş verə bilməz: “Təsadüfi deyil ki, Böyük Britaniya və Fransanın yaxın zamanlarda Ukraynaya 100 minlik ordu göndərmək barədə düşündüyü bildirilir. Bu baş verərsə, Avropanın digər dövlətləri də münaqişəyə cəlb oluna bilərlər”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: