Xəbər lenti


Ovqat.com şair Cabir Həsənin yeni şeirlərini təqdim edir

CABİR HƏSƏN

(yeni şeirlər)


Bir gün yaşamağa həvəs olmasa

 

Bəxtinə düşən gün səninki deyil,

Dünyadan aldığın nəfəs olmasa.

Ölüm də naz ilə keçər yanından,

Bir gün yaşamağa həvəs olmasa.

 

Hicran kimdən seçib aralar kimi, 

Başına gəlməsə kim anlar kimi?

Rahat yaşayarsan adamlar kimi,

Öz abrın özünə qəfəs olmasa.

 

Özünə yüz saray, yüz qala tikdir,

Anlayan yoxdursa ürəyin təkdir.

Hər işdə Allahdan riza gərəkdir,-

Nə xeyri, ha darıx, tələs, olmasa.

 

***

Sən, təmiz hisslərin qatili ürək,

Bu incə döyüntü nəyinə gərək?!

 

Daş otu kimi

 

Ən ağır qəzalar bəxtə bağlıdır,

Ən fağır adamın əlindən çıxır.

Səbir tükənəndə ən acı sözlər,

Ən sakit adamın dilindən çıxır.

 

Həyat hər insana tərbiyə verir,

Ən gözəl ovqatı dərdliyə verir.

O yandan ömürü hədiyyə verir,

Bu yanda ayından, ilindən çıxır.

 

Cabir, daşıdıqca qəmi xəlvəti,

Getdi cavanlığın dəmi xəlvəti.

Qara gün- daş otu kimi xəlvəti,

Həvəslə gül açıb telindən çıxır.

  

Ləki toyları

 

Baharda şeh düşüb yaşıl otları

Yuyanda başlayar Ləki toyları.

Ağaclar, çiçəklər yazın ətrini

Duyanda başlayar Ləki toyları.

 

Təbiət düzlərə min naxış vurar,

Hər arı bir gülə keşikçi durar.

O yanda buludlar ağ çadır qurar,

Bu yanda başlayar Ləki toyları.

 

Ürək məhəbbətin düşər toruna,

Ayrılıqdan hünər gərək qoruna.

Yayda sarı sünbül günəş nuruna

Doyanda başlayar Ləki toyları.

 

Payızda xəzəllər düşəndə yerə,

Elçilər qapıya gələr yüz kərə.

Qohumlar yığışıb sözü bir yerə

Qoyanda başlayar Ləki toyları.

 

Yağsa, tez əriyər qışın ağ qarı,

İki qəlb, bir arzu- bölünər yarı.

Hər ana oğluna subay qızları

Sayanda başlayar Ləki toyları.

 

İnsan var bəxt olub ovudur səni

 

İnsan var vəfası zaman qədərdir,

İnsan var səbəbsiz unudur səni.

İnsan var həyatdan daha gözəldir,

İnsan var həyatdan pis vurur səni.

 

İnsan var zəkası göz qamaşdırır,

İnsan var nur üzü ağlı çaşdırır,

İnsan var rəftarı səbir daşdırır,

Hər sözü yerində qurudur səni.

 

İnsan var niyyəti, qəlbi qaradır,

İnsan var ürəkdə ümid yaradır,

İnsan var hər sözü ağır yaradır,

İnsan var bəxt olub ovudur səni.

 

***

Bir ömür xətadan uzaq saxladı,

Ata, sən verdiyin bir öyüd məni!

Al məni verdiyin həyatdan artıq,

Ana, əvvəlkitək sən böyüt məni!

 

Hər kəsin qəlbində yaranan işıq

 

Həvəslə tutduğun neçə arzunun,

Sonluğu çəkdiyin bir ah qədərdir.

Qanmaza bir kitab kəlam de, yenə-

Qandığı verdiyin izah qədərdir…

 

İmkana bağlıdır canın sazlığı,

Qəlbi fərah tutar vicdan azlığı.

İnsanda imanın çatışmazlığı,

Bilərək etdiyi günah qədərdir.

 

Cabir, yaşayırsan fikri dolaşıq,

Səbəbsiz sevincin ömrü bir qaşıq.

Hər kəsin qəlbində yaranan işıq,

Haqqa apardığı pənah qədərdir.

 

Adətindən dala qalma ağıllı

 

Uşaqlığın çətin keçib deyirsən,

İstəmirsən, yada salma, ağıllı.

Keçən günün ömrü xatirələrdir,

Xatırlayıb fikrə dalma, ağıllı.

 

Hələ neçə gözəl arzun olacaq,

Həyat səni bərkə-boşa salacaq,

Bil ki, nəsə versə, nəsə alacaq,-

Birin alsan, birin alma, ağıllı.

 

Uçmağı öyrənən balaca quşam,

Eşqin səmasında azıb qalmışam.

Al canımı eyni nazla bu axşam,

Ayrılıqdan hava çalma, ağıllı.

 

Yenə gəlib çıxdın sözün üstünə,

Endir o kirpiyi gözün üstünə,

Qoy başımı yenə dizin üstünə,

Adətindən dala qalma, ağıllı.

 

Çəkərsən

 

Həyata ürəyi həssas doğulsan,

Üzülüb, özgənin sözün çəkərsən.

Çox olar əziz dost, əziz qohumlar,

Sən yenə yükünü özün çəkərsən.

 

Ümidin, məramın vaxtsız ölməsin,

Ən zəif nöqtəni vuran bilməsin,

Dərd azıb qapına qonaq gəlməsin,

Öyrəşib birin yox, yüzün çəkərsən.

 

Bir gün könüllərin teli birləşər,

Həssas ürəyinə sevgi yerləşər,

Qəfildən ortaya ayrılıq düşər,

Ağlayıb çıxsa da gözün, çəkərsən.

 

Bir gün ayılarsan gəncliyin solub,

Andıqca görərsən gözlərin dolub.

Dünyanın ən gözəl rəssamı olub,

Yenə də dünyanın üzün çəkərsən.

 

Ayrılıq sevginin anım günüdür

 

Alınmadı bizdə sevgi nə edək,

Adını nə desən qoyaq, ayrılaq.

Ayrılıq sevginin anım günüdür,

Ağla, üzümüzü yuyaq, ayrılaq.

 

Səni sevə-sevə unudaram mən,

Adın da dilimə yovuşmaz daha.

Ömrün qatarından ayrı enənlər,

Göy yerə enərsə qovuşmaz daha.

 

Bu, sənə yazdığım sonuncu şeir,

Bu, səni andığım sonuncu andır.

Bir nakam sevginin son çırpınışı,

İndi hiss etdiyim son həyəcandır.


Gözündə

 

Elin adətinə məhəl qoymasan,

Ucala bilməzsən elin gözündə.

Təkəbbür, lovğalıq bitirər səni,

Başın dərddə olar, əlin gözündə.

 

Xeyir əməl nədir, gözəl iş nədir,

Hər uca könüldə yüksəliş nədir?

Sevməyən nə bilər nəvaziş nədir,

Yarpaqla oynayan yelin gözündə.

 

Ömrü nə minvalla yaşasan gedər,

Vaxtı ha tovlasan, oxşasan gedər.

Dönüb xatirəyə çox insan gedər,

Ürəkdən hər qopan telin gözündə.

 

Salam deyirəm

 

Hər dəfə bir ayrı adam cildində,

Kimdi gözlərimin önündən keçən?

Sənsənmi zamanı geri fırladan,

Salam, xatirəsi könüldən keçən!

 

Salam, sədaqəti yaşından böyük,

Səmimi, mehriban, ülfət adamı.

Niyyəti saf, təmiz, qəlbi xeyirxah,

Salam, bu dünyanın ibrət adamı!

 

Nə yuxu saxlamır, nə xəyal səni,

Arxanca xoş fikir, kəlam deyirəm.

Bilmirəm ünvana çatır, yoxsa yox,

Sənə hər keçəndən salam deyirəm.

 

Əziz insan 

 

Çox azdır sənin kimi

Düşüncələri sağlam,

Ürəyi təmiz insan.

İnciməyin bilinməz,

Küsməyin anlaşılmaz,

Qiyməti verilməyən,-

Hissləri dəniz insan.

Gözlərində təsəlli,

Baxıb hamını bir-bir,

İncələyib seçirsən.

Haqsızlığa susursan,

Çox şeyi bağışlayıb,

Sözdən uca qəlbinlə

Üzərindən keçirsən.

Səni necə anladım,-

Gül üz, ay bəniz insan?

Oxunmayan şeirsən,

Duyulmayan duyğusan,

Bu insanlar içində,

Ona görə sən bizə

Doğmasan, əziz insan!




Ana səhifəyə qayıt        Baxış: 9 941          Tarix: 17-01-2022, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma