Şair, jurnalist Xaliq Rəhimli Azərbaycan Dövlət Universitetinin filalogiya fakültəsini bitirib. "Mənə ümid saxla", "Ömrüm sevda əlindədi", "Xatırlamaq istəsəm", "Bu sevgidən mənə qalan", "Səs gəlir" şeir kitablarının və "Dağlı oğlan" publisistik kitabının müəllifidir.
Ovqat. com şairin seçilmiş şeirlərini oxucularına təqdim edir:
Nə gətirdim dünənimnən bu günə
Bu yükümə kim ağlayar, kim gülər,
Yetim uşaqlar tək düşdü dalımca
İçimdə islanmış nəm xatirələr
Gözümü dikmədim özgə köçünə
Nə gətirdim öz köçümdə gətirdim,
Nakam sevdaları ,ayrılıqları,
Çöx şeyləri mən içimdə gətirdim
Qarşılayıb əl versə də, gələn gün
Ötən günü oxşamaqdı çətini,
Beş- on əşya ordan -ora nə var ki,
Xatirələr daşımaqdı çətini
Bu günümnən sabahıma nə qalır
Nədi görən taleyimin gərəyi,
Nə çətin olurmuş ömür daşımaq
Kimin əli qabar, kimin ürəyi...
************
Sirli bir fərmandı dünya,
Kim deyir dərmandı dünya,
Köhnə dəyirmandı dünya,
Ömrümüz üyünür hələ
Baxır- baxır gözü bizə,
Dayanıbdı üzü bizə,
Tanrı hansı üzümüzə,
Bizimlə öyünür hələ
Fani dünyadan qaçanın,
Ruhu göylərdə uçanın,
Məzarı çiçək açanın,
Ürəyi döyünür hələ..
***********
Eşq əhli bu yollarda qoşasa
Bir birinin ürəyini oxşasa
Qoca dünya sevgi ilə yaşasa,
Ömrü boyu dayaqları laxlamaz
Təbiidir ağlayırsan, gülürsən
Ayrılığı həm də, dözüm bilirsən,
Sevirsənsə ancaq özün bilirsən
Heç kim gəlib ürəyini yoxlamaz
Dedi ağılla sev, rəhmətlik babam
Alovlanmır, tüstülənir eşq sobam,
Əlim bala batıb ay elim ,obam
Deyirlər ki, özü sevən ağlamaz
Ürək yoxsa, sevda nədən bilinər
Azalıb sevgili qız, sevgili nər
İraq olsun, tükənsə sevgililər,
Dünya bizi bircə gün də saxlamaz.
************
Heç vaxt görmədiyim fələk
Söylə, atın nə rəngdədi,
Ora burdan çoxmu fərqli
Suyun, otun nə rəngdədi
Yerdə gəzən əjdahalar
Məni udmamış, gəl apar,
Nakam sevgilərin ahı
Məni tutmamış, gəl apar
Məni də, götür tərkinə
Bu yerdən üzülüm gedim,
Sevənlərimin gözünə
Yaş olum süzülüm gedim
Arxamca həsrətim güldü
İçimdə səsim darıxdı
Nə durmusan,- yüyəni çək,
Tez ol, nəfəsim darıxdı...
***********
Gül bilim dərim səni,
Könlümə sərim səni,
Arabir görüm səni,
Gözüm yadırğamasın
Bir az qərib eyləyim,
Sözü zərif eyləyim,
Səni tərif eyləyim,
Sözüm yadırğamasın
Sözünü üzülmə de,
Mənə bax, özümə de,
Nəyin var üzümə de,
Üzüm yadırğamasın
Əynimdə sarı köynək,
Ürəyim göynək- göynək,
Toy yoxdu, yoxdu neynək,
Dözüm yadırğamasın...
***********
Yol gedirdim ,sən yolumnan eylədin,
Baxışınla neçə dastan söylədin,
Öyünmə ki ,məni şair eylədin,
Ürəyümdə beş- on kəlmə söz qalıb
Haqqım yoxdu bu sevdanı danmağa,
Müntəzirəm gecə- gündüz anmağa,
Təzədənnən alovlanıb yanmağa,
Nə bir kösöv qalıb ,nə bir köz qalıb
Ömrü boyu sən günahkar bil məni,
Qılınc götür neçə yerə böl məni,
Deyirsən ki ,yaddaşınnan sil məni,
Silənmirəm ,eh məndə də üz qalıb
Mənə sərf eləmir, yada saldıqca,
Özüm üzülürəm belə qaldıqca,
Adam huşsuz olur yaşa dolduqca,
Bir az da döz ,unutmağa az qalıb..
************
Mən sənə nə başa salım sevgidən
Onun alovuna yanıb ,biləsən,
Ayrılığın qarı, içinə yağa
Ürəyin buz kimi donub ,biləsən
Əzəldən çətindi ,qayadı, daşdı,
Yoxdu məhəbbətin” asan xidmət”i,
Ölsəm də, yadımnan çıxmaz o qızın,
Baxıb sonsuzluğa ,susan" xidməti"
Çox da ki, həyatı görüb gəlmışəm
Çoxda ki ,özümnən oxuyuram mən,
Bu sevgini əzbərləmək çətindi,
Hələ də ,üzünnən oxuyuram mən...
***********
İnanmıram bir də səni görəm mən
O da bir fürsətdi gəldi də, getdi,
Bəxtim tez özünü yetirdi mənə
Üzümə bir dəfə güldü də ,getdi
Nə tez gəldi keçdi ömürdən illər
Yığılıb üst- üstə, bu yaş hardandı,
Deyirlər ağlamaz özü yıxılan
Mən ki ,ağlamıram, bu yaş hardandı
Həyatın dəyişib, başın qarışıb
Deyəsən o köhnə bağlar qırılıb,
Bir dəfə görməyə həsrət qalmışam
Kiminsə baxmaqdan gözü yorulub
Hərəyə bir cürə verilir sevgi
Kimiyə əzabla, kimiyə hazır,
Görünür, dünyanın işi belədi
Kimlərsə qovuşur ,kimsə şer yazır..
*********
İllər keçib, o gedənsən, o gedən
Unutmağn çarəsiymiş vaxt, zaman
Bilmirəm, heç sən də üşüyürsənmi,
İçi buz bağlamış ayrılıqlardan
Yuxuma yalvardım görməsin səni
Qorxurdum gözümü yummağa, neynim
Gördüyüm yuxular qatmaqarışıq
Döndülər dolaşıq yumağa neynim
Nə nəfəsin gəlir ,nə gözün baxır
Əriyib axıram sənsizliyinə
Nə bir parça şəkil ,nə də ki, heç nə
Oturub baxıram sənsizliyinə
Ömrümü, günümü yola verirəm
Ürəyim əl çalır, ruhum oynayır
Bu necə nifrətdi, dərddi bilmirəm,
Altından yenə də, sevgi qaynayır...
***********
Nə bilir eşq nədi, uşaqdı çoxu,
Şimal küləyidi ,sazaqdı çoxu,
Sənnən xəbərsizdi ,uzaqdı çoxu,
Bir şirin yuxusan ,yoza bilənə
Quruyubdu gözlərində yağışlar,
Ürəyində məhəbbətdən naxışlar,
Kimin qismətidi, nazlı baxışlar,
Yaxşı xatirəsən ,dözə bilənə
Dedim, gücüm çatar vəsfi halına,
O şux qamətinə dürr kamalına,
Söz tapa bilmədim gül camalına,
Ən gözəl şeirsən, yaza bilənə...
********
İllər ötüb gedir ömür payından,
Bu dünyanın suyundandı suyundan,
Çox öyünmə dostlarının sayından,
Sədaqəti olan adam ayrıdı
Bir az da dərindən düşünsən əyər,
Çarəsiz fikirlər qəddini əyər,
Çoxları gözünə ədəbli dəyər,
Mərifəti olan adam ayrıdı
Gizlinim yox, nəyim varsa üzdədi,
Ömür hələ yollardadı, izdədi
Çox insanlar əməldə yox, sözdədi,
Çəsarəti olan adam ayrıdı
Hər gələnə, gedənə söz verməyin,
Hər "aşiq"in əlinə saz verməyin
Sevgi yoxsa, heç kimə üz verməyin,
Məhəbbəti olan adam ayrıdı...
**********
Getdi o sevdalar, getdi o günlər
Elə bilmə yenə gül daşıyıram
Soyuyub ürəyim, sönüb ocaqlar
Mən indi içimdə kül daşıyıram..
**********
Aşiq sevgidən kam alır,
Bir az vüsalı kəm alır,
Sevdalılar möhkəm olur,
Hər çətinliyə ağlamır
Ömür bitməyə tələsir,
Bülbül ötməyə tələsir,
Gələn getməyə tələsir,
Biri qapını bağlamır
Dayazdan, dərindən damır,
Damarın birindən damır,
Yaralı yerindən damır,
Ürəyim sevgi saxlamır...
*********
Nəyin var ,nəyin yox
Gözə soxmaq olmaz
Gözdən pərdə asmaq olmaz
Gözü kölgəli gəzməzlər
Gözlə görmək olar
ağlamaq olar,
gülmək olar...
Gözün gözəlliyi
Hər şeyi düz seçə bilməsidi
Ən uğurlusu isə,
Bir qız seçə bilməsidi
Göz ürəkdən -ürəyə
axmaq üçündü
Göz ,
Gözün içinə dik baxmaq üçündü...
***********
Yenə ürəyin yumşalıb,
Kədərin, qəmin boşalıb,
Yanaqlarında yaş qalıb,
Gəlib silə bilirəmmi
Bu nə sevda, ömür yarı,
Kim unudar belə yarı,
Xəbər tutmusanmı barı,
Deyib -gülə bilirəmmi
Zərbəni elə vurmusan,
Qaçıb kənarda durmusan,
Qəlbimi elə qırmısan,
Görüm gələ bilirəmmi.
Paylaş: