“Məhkəmədə Qriqoryana ölüm cəzası vermək istəyirdilər, amma o, ömürlük azadlıqdan məhrum olundu və Rusiyaya aparıldı. Bundan sonrakı taleyi haqda heç nə bilinmədi, üstü ört-basdır edildi”.
Ovqat.com xəbər verir ki, bunları Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib. Onunla müsahibəni təqdim edirik.
- İctimai fəal Bəxtiyar Hacıyevlə dialoqunda Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı bir sıra iddiaları dilə gətirdi. Paşinyan iddia etdi ki, Dağlıq Qarabağda savaşın əsası Sumqayıt hadisələrindən sonra qoyulub. Sizcə, bu belə idi?
- Paşinyanın təfəkkür tərzinin bu qədər acınacaqlı olmasına təəccüb etməyə bilmirsən. Sumqayıt hadisələrinə qədər ermənilər Ağdamdan Şuşaya gedən iki gənci qanına qəltan edib öldürmüşdülər. Habelə bu olaylaradək Xocavənddə azərbaycanlıların avtobusunu gülləbaran etmişdilər. Xankəndindən başlayan mitinqlər, separatçı çağırışlar ermənilərin hərbi təcavüzünə çevrildi. Beləliklə, yavaş-yavaş azərbaycanlılara qarşı hücuma keçməyə başladılar.
Ermənilər Sumqayıt hadisələrinə qədər indiki Ermənistan – Qərbi Azərbaycanda yaşayan 240 minə yaxın azərbaycanlını zorakı üsullarla qovub çıxarmışdı. Ağbaba mahalında 11 azərbaycanlı məktəblini boruya salaraq, qaynaq edilməsi hadisəsi də həmin dövrdə baş vermişdi. Qərbi Azərbaycandan qovulma prosesində ermənilər 125 azərbaycanlını öldürmüşdü. Sumqayıt hadisələri baş verdikdən sonra istintaq təsdiqlədi ki, bu hadisələrin başında Qriqoryan adlı bir erməni dayanıb. Bu hadisələrin KQB-nin bir layihəsi olduğu, iki millət arasında münaqişə yaratmağa və azərbaycanlıların terrorçu bir xalq kimi təqdim edilməsinə xidmət etdiyi təsdiqini tapdı.
Sumqayıt hadisələri zamanı 11 erməni öldürülmüşdü. Həmin olayı da Qriqoryanın başçılıq etdiyi qoçu dəstəsi törətmişdi. Qriqoryan polis tərəfindən saxlanılandan sonra həm istintaq, həm də məhkəmə prosesində açıq formada etiraf etdi ki, “Mən bu hadisələrin təşkilatçısıyam, erməni olsam da, ermənilərə nifrət edirəm. Ermənilər harada yaşayıbsa, separatçılığa və qarışıqlıq yaratmağa meyl ediblər”.
- Qriqoryanın taleyi necə oldu?
- Məhkəmədə Qriqoryana ölüm cəzası vermək istəyirdilər, amma ömürlük azadlıqdan məhrum olundu və Rusiyaya aparıldı. Bundan sonrakı taleyi haqda heç nə bilinmədi, üstü ört-basdır edildi.
Bir də ki Sovet təhlükəsizlik orqanlarının Sumqayıtda hazırladığı hadisələrin millətlərarası münaqişə kimi təqdim olunması heç bir faktla sübut olunmayıb. Ümumiyyətlə, Paşinyanın bu naşılığı bir daha göstərdi ki, ermənilər həmişə bütün məsələlərdə barmaqdan sovurulub çıxarılmış faktlardan istifadə etməyə çalışırlar. Yaxud faktları saxtalaşdırmaqla hadisələrin mahiyyətini öz xeyirlərinə düz-qoş etməyə cəhd edir. Əgər bir xalqın baş naziri bu qədər riyakar və yalançıdırsa, onda o xalqın başqa nümayəndələri haqda danışmağa dəyməz.
- Paşinyan çıxışında azərbaycanlıların Ermənistandan çıxarılması məsələsinə də toxundu. Ümumiyyətlə, necə oldu ki, birdən-birə azərbaycanlıların Ermənistandan zorla çıxarılmasına qərar verildi, hadisə hansı situasiyada baş vermişdi?
- Bu, 1988-ci ildə Dağlıq Qarabağdakı erməni separatçılarının başladığı olayların dalğası idi. Ermənilər əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlıları çıxarmağa silahlı cəhdlər etdilər, bundan sonra isə Qərbi Azərbaycandakı soydaşlarımızı zor gücünə qovmağa başladılar. Qərbi Azərbaycandan qovulanların hamısı deyirdi ki, çıxarılma prosesi başlamazdan əvvəl ermənilər hər gün qapılara kağızlar yazıb atırdılar. Ağsaqqalları çağırıb bildirirdilər ki, öz xoşları ilə çıxıb getsinlər, yoxsa aqibətləri çox pis olacaq. Gecə vaxtı evlərə atəş açırdılar, qorxudurdular, azərbaycanlılar isə silahsız idi. Ermənilər bir neçə Azərbaycan kəndini zorla boşaltdıqdan sonra azərbaycanlıları vahiməyə salmağa başladılar və beləliklə, köç bütün Ermənistanı əhatə etdi.
- Qovulan Azərbaycanlılara kömək olmuşdu?
- Heç bir köməkdən söhbət gedə bilməzdi. 240 min insanın böyük əksəriyyəti dağ yolları ilə, məsələn, Kəlbəcər, Qazax tərəfdən Azərbaycana gəlmək məcburiyyətində qaldı. Kəlbəcər tərəfdən gələn insanların taleləri çox acınacaqlı və qanlı oldu. Həmin vaxt dərələrə, uçurumlara yuvarlanaraq həyatını itirənlərin sayı az olmayıb. Bu barədə video kadrlar da var. İnsanlar buzlu, qarlı ərazilərdən keçərək Azərbaycana gəlib çata bilmişdi. Son azərbaycanlı öz yerindən didərgin düşənədək bu proses davam etdi.
- Həmin vaxt SSRİ hələ dağılmamışdı və Ermənistanda rus qoşunları vardı. Onlar da kömək etmədi?
- Ancaq son məqamlarda oradakı rus qoşunları Azərbaycan rəhbərliyinin təkid və tələbindən sonra hadisələrə müdaxilə etdi. Guya bundan sonra rus qoşunları azərbaycanlılara kömək etdi. Bəzi əlil insanları, uşaqları və qocaları hərbi texnikalarla Azərbaycan sərhədlərinə qədər gətirdi. Bura qədər isə 240 min insan qarlı aşırımlardan Azərbaycan sərhədlərini keçə bilmişdi.
- İlk olaraq ermənilər Azərbaycanı tərk etdilər, yoxsa azərbaycanlılar Ermənistandan qovuldular? Paşinyan iddia edir ki, azərbaycanlılar Ermənistandan çıxandan sonra ermənilər Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar.
- Paşinyan yaxın tarixdə baş verən bu hadisəni ya unudub, ya da qəsdən belə danışır. Əlbəttə ilk olaraq, azərbaycanlılar Ermənistandan qovulmuşdu. Bunun da əsası 1988-ci ildə ermənilərin Moskvanın təlimatı ilə Xankəndində separatçı mitinqlərə başlamasından sonra qoyulmuşdu. Hadisələr bundan sonra Xankəndindən Şuşaya və digər ərazilərə sıçradı. Bu proses “Miatsum” (“Birləşək”) şüarı ilə Qərbi Azərbaycanda davam etdirildi. Min illərdir bu ərazilərdə yaşayan azərbaycanlılara bir çöp belə götürməyə imkan vermədilər.
- Bəs ermənilər Azərbaycandan necə çıxdılar?
- Azərbaycanda yaşayan ermənilərin hamısı öz evlərini satdılar və ya dəyişdirdilər, çox sərbəst şəkildə çıxdılar və birinin də burnu qanamadı. Sumqayıtda ermənilərin özlərinin təşkil etdiyi qanlı hadisələrdən başqa. Azərbaycandan çıxarkən onların birinə də xətər yetirilmədi. Bu gün də Azərbaycandan 30 mindən çox erməni yaşayırsa, bu, Azərbaycan xalqının nə qədər tolerant olduğunu göstərir. Azərbaycanlılar öz ərazilərində yaşayan bir erməniyə belə mənfi münasibət göstərməyib.
Həmin vaxt kəndi kəndə dəyişmək məsələsi ortaya çıxdı. Ermənilər Qərbi Azərbaycandan bura gələn azərbaycanlılarla öz evlərini dəyişmək istəyirdi. Əsasən İrəvanda mülkü və əmlakı olan insanlarla dəyişmə prosesi gedirdi. Lakin ermənilərin əksəriyyəti Bakıdakı evlərini çox baha qiymətə sataraq çıxıb getdi. Yəni kimsə onları təqib etmədi, təhdid etmədi, hədələmədi, özlərinin qaldırdığı hay-küyün altında öz xoşları ilə Azərbaycanı tərk etdilər. Ya Rusiyaya üz tutdular, ya da Ermənistana. Avropaya gedənlər də oldu. Gedəndə də ən xırda stullarına qədər satdılar. Kifayət qədər pulları var idi və bunları da Azərbaycandakı əmlaklarını sataraq əldə etmişdilər.
Paylaş: