Xəbər lenti

 
İranın “dərin ordusu” SEPAH-a yaxınlığı ilə bilinən “Tasnimnews” (farsça) nəşri bu ilin may ayından etibarən Dağlıq Qarabağda gərginliyin artması ilə bağlı məqalə yayımlayıb. 
 
Ovqat.com nəşrin Türkiyə və Avrasiya məsələləri üzrə eksperti kimi təqdim edilən Məcid İsmayılzadənin müəllifi olduğu "Dağlıq Qarabağ: gərginlik artırsərlövhəli  məqalənin tərcüməsini yayımlayır.
 
 
 
Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqların “dalana dirənməsi” fonunda hərbi ritorika güclənib.
 
Tasnimnews” xəbər verir ki, may ayı Ermənistan-Azərbaycan münaqişəsində böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, Azərbaycanın Şuşa və Laçın rayonları məhz mayda işğal olunub. Eyni zamanda, bu ilin mayında iki ölkə arasında atəşkəs sazişinin imzalanmasınının 26-cı ildönümü tamam olub.
 
Yenə də bu il mayın 18-22-də Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əməliyyat və taktiki təlimlər keçirib. Belə təlimlərdən biri də Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Miqyaslı təlimlərə 10 minə yaxın şəxsi heyət, 120 tank və zirehli texnika, həmçinin “Polonez”, “Laura” uzaqmənzilli ballistik raket sistemi daxil olmaqla, 200-dək anoloji sistemi cəlb olunub.
 
Mayın 21-də isə işğal olunmuş Dağlıq Qarabağda qondarma rejimin yeni rəhbərinin “inaqurasiya” mərasimi keçirilib. Yeri gəlmişkən, bu, beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın mərasimə qatılması təbii olaraq, Azərbaycan dövlətinin də sərt reaksiyasına səbəb olub. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanatla çıxış da edib. Bəyanatda bildirilir ki, “sülh istəyən dövlət təcavüzkar siyasət yürütməməli, danışıqlar prosesinə mane olmamalı, sülh prosesinə təhdid yaratmamalıdır”.
 
Bütün bunlar əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinə töhfə vermir. Doğrudur, 2019-cu ildən bu yana Azərbaycan və Ermənistan prezidentləri, həmçinin xarici işlər nazirləri arasında bir neçə görüş olub. 2020-ci ilin 28-30 yanvar tarixlərində Cenevrədə daha bir vacib görüş baş tutub. İki ölkənin XİN başçılarının ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə 3 gün davam etmiş həmin danışıqlarında iki ölkə arasında sülhə nail olunması yolları müzakirə edilib. O zaman Bakı ilə Yerevan yekun razılığın əldə olunması üçün baza prinsiplərini və konkret elementləri də müzakirə etmişdi. Üstəlik, danışıqların bu mərhələsi hətta iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra baş tutmuşdu.
 
Lakin son dövrdə danışıqlar prosesi dayanıb. Bunun müxtəlif səbəbləri var. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2019-cu ilin martında baş tutmuş Vyana sammitindən əvvəl separatçı “DQR”in danışıqlara üçüncü tərəf kimi cəlb edilməsinə çağırışlar etməyə başlamışdı. Yeri gəlmişkən, onun bu təklifi istər Minsk qrupu, istərsə də Avropa İttifaqı tərəfindən birmənalı şəkildə rədd edilib.
 
Bu azmış kimi, Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da yaşayan bir qrup erməni ilə Vyana sammitindən sonra keçirdiyi görüşdə ölkəsinin hərbi strategiyasını dəyişəcəyini bəyan etmiş, bu isə Ermənistanın Azərbaycana qarşı yeni hərbi əməliyyatlara başlamaq niyyətində olduğu kimi qiymətləndirilmişdi.
 
Bu da son deyil. Danışıqlar prosesinin getdiyi bir vaxtda Yerevan gərginliyi artıracaq başqa addımlar da atıb. Məsələn, Yerevan Suriya müharibəsi nəticəsində didərgin düşən suriyalı erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirir. Bundan başqa, Bakının iddiasına görə, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus tarixi abidələr məhv edilir, bununla da bölgədən Azərbaycanın izləri silinir.
 
Bütün bunların fonunda Azərbaycan prezidenti İlham Əliyev 4 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən toplantıda Dağlıq Qarabağ bölgəsinin istər beynəlxalq hüquqa görə, istərsə də tarixi baxımdan Azərbaycana məxsus olduğunu bir daha bəyan edib. Əliyev bu sözləri bilərəkdən Ermənistanın əsas müttəfiqi sayılan Rusiyada keçirilən beynəlxalq toplantıda dilə gətirib. Bununla o, Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyilə bağlı iddialarına konkret cavab verib.
 
Cəmi 1 həftə sonra – oktyabrın 11-də İ.Əliyev bu dəfə MDB-nin Aşqabad sammitində Ermənistanın milli qəhrəmanı Qaregin Ter-Harutunyanın nasist Almaniyası ilə əməkdaşlığından danışıb. Njde kimi tanınan Ter-Harutunyan birinci Ermənistan Respublikasının və Ermənistan İnqilabi Federasiyasının əsas siyasi və hərbi rəhbərlərindən olub.
 
Bunun ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlaması istər Azərbaycanda, istərsə də Ermənistanda qızğın müzakirələrə səbəb olub. Lavrov 2020-ci ilin aprelində verdiyi açıqlamada tərəflərin problemin mərhələli həllini nəzərdə tutan sənəd üzərində işlədiklərini bildirib. Onun sözlərinə görə, bu formul ilkin mərhələdə Qarabağ ətrafındakı bir neçə rayonun azad edilməsini, nəqliyyat, iqtisadi və kommunikasiya məhdudiyyətlərinin aradan qaldırılmasını nəzərdə tutur. Bu zaman Lavrov BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinin vacibliyini də vurğulayıb.
 
Rusiya xarici işlər nazirinin bu açıqlaması Ermənistan tərəfinin qəzəbinə səbəb olub. Nəticədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 16-da keçirdiyi mətbuat konfransında ötən illərdən qalmış sənəd və razılaşmalar əsasında danışıqlar aparmayacaqlarını bəyan edib.
 
Bu isə öz növbəsində, Azərbaycanın sərt reaksiyasına səbəb olub. Azərbaycan prezidentinin xarici siyasət məsələlər üzrə köməkçisi Hikmət Hacıyev “atəşkəsin daimi sülh olmadığını”, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü hər vasitə ilə təmin etmək hüququnu özündə saxladığını bildirib.
 
Bütün bunların fonunda Azərbaycan xüsusilə son aylarda müxtəlif xarici ölkələrlə, o cümlədən NATO üzvlərilə hərbi əlaqələrini artırır. Məsələn, Bakı NATO üzvü olan Türkiyədən müdafiə məhsulları idxalının həcmini əvvəlki ilə nisbətən 39,85% artırıb. İlham Əliyevin İtaliyaya 24 fevral 2020-ci ildə etdiyi səfər zamanı isə iki ölkə arasında “M-346” təlim təyyarələrinin alqı-satqısına dair müqavilə imzalanıb.
 
Beləliklə, Cənubi Qafqaz bölgəsində vəziyyət getdikcə daha kəskin xarakter alır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesindəki durğunluğun yaratdığı boşluğu hərbi ritorika doldurur. Bu isə paralel olaraq, militarizasiya prosesini sürətləndirir.
 
 
 
TasnimNews, İran


Ana səhifəyə qayıt        Baxış: 3 020          Tarix: 1-07-2020, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma