Xəbər lenti

Ekspert: “Ukrayna lideri artıq Avropaya güvənmir”

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edib. Musavat.com xəbər verir ki, bu barədə Ukrayna lideri X hesabında bildirib. Zelenski yazıb ki, Ukrayna danışıqları yenidən canlandırmağa hazırlaşır: “Tərəfdaşlarımıza təklif edəcəyimiz həll yollarını hazırlamışıq”. O da məlum olub ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff da Türkiyəyə gedib.

Niyə məhz Türkiyə? Zelenskinin “Tərəfdaşlarımıza təklif edəcəyimiz həll yollarını hazırlamışıq” deyərkən nəyi nəzərdə tutur? Səfərdən əsas gözlənti nədir?

“Rusiya noyabrın 19-da Türkiyədə keçiriləcək Ukrayna ilə danışıqlarda iştirak etməyəcək”.

Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Xeyr, Türkiyədə Rusiya nümayəndələri olmayacaq. Hələlik bu təmaslar Rusiyanın iştirakı olmadan baş tutur”, - o bildirib.

Peskov qeyd edib ki, Rusiya danışıqlara açıqdır və mövqeyi Kiyev, İstanbul və Vaşinqtonda məlumdur: “Putinin bu danışıqlar çərçivəsində ABŞ və Türkiyə nümayəndələri ilə təmasları üçün hələlik heç bir plan yoxdur”.

Bu arada “Bild” nəşrinin hərbi analitiki Yulian Röpke iddia edib ki, Ukrayna strateji məğlubiyyətə doğru gedir. “Qərbin zirehli texnika tədarükləri Rusiyanın fiber optik və digər pilotsuz sistemlərdə artan dominantlığı fonunda faydasızdır. Ukrayna hökuməti və onun Qərb tərəfdaşları dərhal strateji mövqelərini dəyişməsələr, Rusiya bu müharibədə tədricən qalib gələcək”, - Röpke bildirib.

Belədirmi? Rusiyasız görüş nəticə verə bilərmi?

“Yeni Müsavat”a açıqlama verən siyasi şərhçi Heydər Oğuz deyib ki, sülh danışıqlarının iki tərəfi olur: “Rusiyanın bir tərəfdən "biz danışıqlara hazırıq" deyib, digər tərəfdən sülh görüşmələrindən yayınması onun hazırkı üstün mövqeyindən yararlanaraq tam qələbə qazanana qədər savaşmaq istəyindən xəbər verir. Moskvanın ən böyük yanlışı da əslində müvəqqəti üstünlüyünə çox arxayın olmasından irəli gəlir. Putin unudur ki, vaxtilə Hitler də müxtəlif cəbhələrdə qazandığı uğurlara həvəslənib döyüşləri tam qələbəyə qədər davam etdirmək istəyirdi. Nəticədə isə böyük məğlubiyyətlə üzləşdi".

Heydər Oğuzun fikrincə, Rusiya əslində indidən Pirr qələbəsi qazanmış durumdadır və yəqin ki, qüvvəsi tam tükənəndən sonra necə bir tələyə çəkildiyini anlayacaq: “Əslində Qərb ölkələrinin əsas hədəfi də Rusiyaya Pirr qələbəsi qazandırmaq idi. Yoxsa ağlı başında olan heç kim müharibə hazırlığı belə olmayan Ukraynanın dünyanın ikinci böyük ordusuna tam qalib gələcəyinə inanmırdı və Kiyevi dəstəkləyən NATO ölkələrinin də belə bir ümidi yox idi. Bu baxımdan, Rusiya siyasiləri sülh danışıqlarından yayınmaqla əslində Qərb imperialistlərinin əlinə oynayırlar. Və NATO ölkələri də indidən öz məqsədlərinə çatmış kimi görünürlər. Xüsusilə də ABŞ. Fikrimcə, Ukrayna ilə Rusiya arasında savaşı qızışdıran, indiyədək Kiyevə bəlli reseptlərlə silah verən, Qərb dövlətlərində rus xofu yaradaraq onu daha da silahlandırmağa təşviq edən Vaşinqton öz istəyinə indidən nail olmuş durumdadır. Müharibənin bundan sonrakı istənilən nəticəsi onu çox maraqlandırmır. Rusiya bu savaşda müvəqqəti uğurlar qazansa belə, onun tutduğu maksimalist mövqe savaşı bitirməyə imkan verməyəcək, son anda Ukraynanı partizan müharibəsi taktikalarına keçməyə vadar edəcək. Necə ki, SSRİ Əfqanıstanda özü ilə müqayisəolunmaz dərəcədə zəif olan Taliban qarşısında ağır məğlubiyyətə uğrayaraq müharibəni dayandırmaq məcburiyyətində qaldı və Əfqanıstandan çıxmaqla dağılma prosesinə qədəm qoydu. Bir zamanlar SSRİ liderlərinin bu strateji səhvini indi Putin administrasiyası davam etdirir. Bu strateji səhvə yuvarlanmaq üçün onun cəbhə xəttində bəzi şirnikləndirici uğurlar qazanmasına şərait yaratmaq lazımdır və Rusiyanın müvəqqəti üstünlük əldə etməsi də bununla bağlıdır. Başqa sözlə desək, Rusiyanın Ukraynada qazandığı bəzi uğurlar da əslində NATO-nun planları daxilindədir".

Bütün müharibələrin ən ağır nəticələrinin ölkələrin iqtisadi vəziyyətində özünü göstərdiyini deyən Heydər Oğuz qeyd edib ki, Rusiya artıq bu sindromla qarşılaşmış durumdadır: “Əksər hesablamalara görə, Ukraynadakı müharibənin hər günü Rusiyaya 500 milyon dollardan - 1 milyard dollara qədər vəsait bahasına başa gəlir. Rəsmi məlumatlara inansaq, Rusiya 2023-cü ilin iyul ayında zavod işçilərinin rekord çatışmazlığı ilə üzləşdi, sənaye müəssisələrinin 43 faizdən çoxu çatışmazlıqla üzləşdi. Bildirildiyinə görə, Ukraynadakı müharibə üçün hərbi xərclərin yaratdığı 2 illik inamlı böyümədən sonra Rusiya iqtisadiyyatı yavaşlama prosesinə qədəm qoyub. Neft satışından əldə olunan gəlirlər azalıb, büdcə kəsiri artıb. Kremlin maliyyəsinin sabitliyini qorumaq üçün pula ehtiyacı var və Putin administrasiyası onu vətəndaşların cibindən ödəmək niyyətindədir. Məhz bu səbəbdən əlavə dəyər vergisi 20-dən 22 faizə qədər artırılıb. Nəticədə 1 trilyon rubla və ya təxminən 12,3 milyard dollara qədər əlavə gəlir əldə etməyi planlaşdırır. Bu artım artıq Rusiya parlamentindən keçib və yanvarın 1-dən qüvvəyə minəcək. Vergi və rüsumların daha da artırılması gözlənilir. Hökumət ayrıca içki, şərab, pivə, siqaret və s. mallara vergilərin artırılmasını təklif edib. "Kommersant" xəbər portalına görə, hökumət rəqəmsal avadanlıqlara, o cümlədən smartfon və noutbuklara ən bahalı mallar üçün 5000 rubla (61,50 dollar) qədər texniki vergi tətbiq etməyi düşünür və s. Bütün bunlar Rusiyanın iqtisadi tənəzzülə sürükləndiyini göstərir. Moskva üçün ən pis xəbər isə onun əsas gəlir mənbəyi sayılan neft və qaza tətbiq olunan sanksiyalardır. Bu sanksiyalar tətbiq olunanda Rusiyanın iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Beləcə, Rusiya eynilə SSRİ-nin taleyini yaşaya və ərazisinə görə dünyanın ən böyük ölkəsi bir neçə yerə parçalana bilər. Qısası, Ukraynanı öz geniş ərazisinə qatıb daha da böyümək xəyalları quran Rusiyanın özü parçalanma təhlükəsi ilə üz-üzədir. Təbii ki, Ukrayna da bu müharibədə böyük itkilərlə üzləşir. 4 ildir davam edən müharibənin yorucu nəticələri Ukrayna xalqının da döyüş ruhuna mənfi təsirlər göstərib. Ukrayna rəsmilərinin adının korrupsiya faktında hallanmasının bu mənfi tendensiyaya əlavə olunması daha ağır nəticələr doğurub. Bu məlumatlar yayılandan sonra keçirilən rəy yoxlamalarına görə, Ukrayna xalqının yalnız 35 faizi müharibənin davam etdirilməsini dəstəkləyir. Gənclərin bir çoxu müharibədən yayınmaq üçün xaricə qaçmağa başlayıb. İş o yerə çatıb ki, Almaniya kansleri açıq şəkildə Zelenskini ukraynalı gəncləri ölkədə tutmağın yollarını tapmağa çağırıb. Fəqət Merzin bu açıqlamaları həm də Avropa ölkələrinin savaşı davam etdirməkdə maraqlı olduqlarını göstərir. Son zamanlar Almaniya, Fransa və Böyük Britaniyanın Ukraynaya hərbi və maliyyə yardımlarını artırması da bundan xəbər verir. 

Bununla belə, Ukrayna prezidentinin ən kritik anda Türkiyəyə səfərinin təsadüfi olmadığını düşünən siyasi şərhçi hesab edir ki, artıq Zelenski də Avropaya güvənmir: “Onun Rusiya ilə dialoqu hələ də sonlandırmayan Türkiyəyə səfəri göstərir ki, Zelenski Ankaranın yenidən 2 dövlət arasında vasitəçilik etməsini arzulayır. Amma dərd burasındadır ki, ABŞ və Aİ-nin təzyiqləri nəticəsində Türkiyə də artıq Rusiya ilə münasibətlərini soyutmağa başlayıb. Rus ordusunun bir müddət əvvəl Dunay çayında türk gəmisinə hücum etməsi bu soyuqluğun ən bariz nümunəsidir. Bundan əlavə, Gürcüstanda türk təyyarəsi faciəsində rus barmağının ortaya çıxma ehtimalı da var. Qara qutuların açılmasından sonra bu ehtimal təsdiqlənərsə, Türkiyə ilə Rusiya arasındakı son körpülər də yanacaq. Bundan sonra Ukraynanın Rusiya ilə sülh danışıqlarına bağladığı ümidlər də tamamilə sönəcək”.

E.MƏMMƏDƏLİYEV,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: Bu gün, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma